BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Gənclər Forumu keçirilib

Aprelin 25-də Bakı Konqres Mərkəzində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Gənclər Forumu işə başladı. Foruma beynəlxalq təşkilatların nümayəndələri, gənc liderlər, xarici və yerli gənclər təşkilatlarının rəhbərləri və təmsilçiləri qatılmışdı. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edirdi.

Açılış mərasimində çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir belə mötəbər bir tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycan hökumətinə minnətdarlığını bildirdi. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından tədbirin rolunu xüsusi qeyd edən Əl-Nasir gənclərin bu işdə yaxından iştirakının əhəmiyyətini vurğuladı.

Gənclərin müxtəlif mədəniyyətlərlə tanışlığı zorakılığa yox deyir

Bildirildi ki, biz bu forum vasitəsilə daha da konkret hədəflərə, inklüziv cəmiyyətlərdə birgəyaşama, çağırış və məqsədlərə daha səmərəli nail olmaq arzusundayıq. Forumun keçirilməsində əsas məqsəd gənclərin bacarığını və biliklərini əhatəli şəkildə inkişaf etdirməklə yanaşı, birgəyaşayışda onların tam iştirakını təmin etməkdir. Gənclər bu gün katalizator rolunu oynayırlar və Asiya, Afrika, Avropa, Amerikadan olan gənclər bir arada mədəniyyət mübadiləsi zamanı ənənələri öyrənərək sülhün bərqərar olmasına yardım edirlər. Gənclərin müxtəlif mədəniyyətlərlə tanışlığı zorakılığa, ekstremizmə yox deyir. Sivilizasiyalar Alyansı bu sahədə mühüm işlər görür, gənclərin bu prosesdə iştirakına dəstək üçün maliyyə fondu fəaliyyət göstərir. Tədbirin gənclərə aktiv fəaliyyətlərini daha da inkişaf etdirmək baxımından önəmini qeyd edən Nasir Əbdüləziz Əl-Nasir Gənclər Forumunun işinə uğurlar arzuladı.
* * *
Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva iştirakçıları salamlayaraq BMT-nin Sivilizasiyalar Alyansının Bakı Forumunun qarşılıqlı anlaşmanın və əməkdaşlığın beynəlxalq miqyasda təşviqində mühüm rol oynayacağına əminliyini bildirdi.
Zəngin tarixə malik Azərbaycanın Şərq ilə Qərb arasında körpü rolunu oynadığını qeyd edən Leyla Əliyeva vurğuladı ki, Azərbaycan tarixi İpək Yolu üzərində yerləşən vacib məkanlardan biridir: “Ölkəmizin İpək Yolu üzərində yerləşməsi onun tarixinə, mədəniyyətinə güclü təsir göstərib. Coğrafi mövqeyi də onu dünyada məşhur edib. Ölkəmizin zəngin tarixi ilə bərabər, həm də zəngin biomüxtəlifliyi və mədəni müxtəlifliyi var. Mən əminəm ki, siz, dünyanın müxtəlif ölkələrindən olan gənclər də bizim ölkəmizi sevəcəksiniz”.
FAO-nun xoşməramlı səfiri dünyada aclıq və digər mühüm problemlərə dair statistik məlumatları diqqətə çatdırdı. Bildirdi ki, Yer kürəsində demək olar ki, hər saniyədə bir insan aclıqdan ölür, onların arasında uşaqlar çoxluq təşkil edir. FAO dünyada aclığın aradan qaldırılmasına çalışır və bu istiqamətdə fasiləsiz fəaliyyət göstərir. Qida bizim mədəni identikliyimizin bir hissəsidir və mədəniyyətlərarası əlaqələrin, tolerantlığın və qarşılıqlı anlaşmanın vacib şərtlərindən biridir. Buna görə də uzunmüddətli sabitliyə və sülhə nail olmaq üçün ərzaq təhlükəsizliyinin həlli çox mühüm əhəmiyyət daşıyır.

Bizim şüarımız “bir söz, bir gələcək”dir

2011-ci ildə IDEA - ətraf mühitin qorunması naminə beynəlxalq kampaniyaya başlandığını vurğulayan Leyla Əliyeva bildirdi ki, bizim əsas məqsədimiz enerji və biliklərimizi güclü alətə çevirərək ətraf mühit məsələsini həll etməyə çalışmaqdır. Biz gələcək nəsillər üçün yaşıl, təhlükəsiz və təminatlı cəmiyyət yaratmağa çalışırıq. Bizim şüarımız “bir söz, bir gələcək”dir. Planetin mühafizəsində gənclər artıq daha mütəşəkkil qaydada, könüllü olaraq kütləvi şəkildə təbiətə sevgi və məhəbbətlərini göstərmək üçün səylə çalışırlar.
Son beş ildə IDEA kampaniyası çərçivəsində Azərbaycanda görülən işlərdən daşınan Heydər Əliyev Fondunun vitse-prezidenti bu müddətdə beş milyondan çox ağac əkildiyini diqqətə çatdırdı. Bu sahədə maarifləndirmə kampaniyasına müxtəlif sənət sahələrindən tanınmış şəxslərin bu prosesə cəlb edildiyi, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulduğu qeyd olundu: “Bütün layihələrə yaradıcı, maraqlı, kreativ fikirləri cəlb etmişik. 2015-ci ildə Londonda sərgi keçirmişik. Venesiyada təşkil olunan “Vita Vitale” sərgisinin ideyası təbiətin mühafizəsi ilə sıx bağlı idi. Qarşılaşdığımız ekoloji problemlərin incəsənətin dili ilə çatdırılması da mühüm əhəmiyyət kəsb edir. Bu sərgidə milyonlarla insan iştirak edərək planetdə ətraf mühitin korlanmasının qarşısının alınmasına çalışırlar. Son illər Azərbaycanda nəsli kəsilməkdə olan heyvanları qorumağa çalışırıq. Bura bəbir, ceyran, qartal və digərləri aiddir. Biz bu heyvanları qorumağa çalışırıq”.
Leyla Əliyeva daha sonra dedi: “Hörmətli gənc dostlar! Çağdaş cəmiyyət bu gün böyük sınaqlar ərəfəsindədir. Bizim taleyimiz saatlarla dəqiqələrlə ölçülür. Hər 15 dəqiqədə bir fil və insanlar tərəfindən hər saat yüzlərlə köpək balığı öldürülür. Elə bir zamana gəlib çata bilərik ki, bəzi heyvanların nəsli tamamilə kəsilə bilər. Mən hamınıza minnətdaram ki, sizlər bu fəaliyyətdə aktiv iştirak edirsiniz. Bu forum həddən artıq böyük bir əhəmiyyətə malikdir. Çünki biz öz ürək sözlərimizi və fikirlərimizi çatdıra bilirik. Bu gün artıq fəaliyyət göstərməyin vaxtı çatıb! Arzu edirəm ki, hər biriniz öz təbiətinizi sevib qoruyasınız”.
* * *
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov dünyanın müxtəlif ölkələrindən parlaq zəkalı gənclərin Bakıda toplaşmasının qarşıda duran problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Qeyd etdi ki, ölkəmiz gənclərin səsinin dünyaya çatdırılması istiqamətində beynəlxalq miqyasda təşəbbüsləri dəstəkləyir. Bu il Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə Avropa Gənclər Paytaxtıdır, ölkəmizdə, həmçinin digər beynəlxalq tədbirlər, o cümlədən skautların forumu da təşkil edilir. Bütün bunlar Azərbaycanın gənclər sahəsində həyata keçirdiyi tədbirlərin göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradıldığını diqqətə çatdıran nazir bildirdi ki, fond gənclərin fəaliyyətinin və təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm fəaliyyəti təmin edir.
Hazırda bəşəriyyətin İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün problemləri ilə üzləşdiyini deyən A.Rəhimov vurğuladı ki, dünyada yaranan münaqişə ocaqlarına xeyli sayda gənclərin qoşulması sülh çağırışlarına zidd olmaqla yanaşı, sabitliyə də ciddi təhdiddir.
Nazir tədbir iştirakçılarına müraciət edərək əmin olduğunu bildirdi ki, onlar ölkəmizdə olduqları müddətdə Azərbaycanın zəngin mədəniyyəti, qədim tolerantlıq ənənələri, multikultural dəyərləri ilə tanış olacaqlar, forumda gənclərin irəli sürəcəyi təşəbbüs və təkliflər isə dünyada mövcud problemlərin həllinə mühüm töhfə verəcək.
Açılış nitqlərindən sonra xatirə şəkilləri çəkdirildi.

Lalə