Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun ikinci plenar iclası bu mövzuya həsr olunmuşdu
“Siz qaçqın və məcburi köçkünlər üçün ideal yaşayış şəraiti yarada bilərsiniz, lakin onların doğma torpaq və ev üçün olan həsrətini heç kim əvəzləyə bilməz”
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun üçüncü günü, aprelin 27-də “Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusunda ikinci plenar iclas keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva plenar iclasda çıxış edib.
İclasın mövzusunun böyük ictimai əhəmiyyətə malik olduğunu deyən Mehriban Əliyeva bu gün dünyanı narahat edən miqrasiya dalğası, urbanizasiya, iqlim dəyişikliyi, bəzi ölkələrdə gənclər arasında işsizliyin artması kimi məsələlərə toxundu, bu problemlərin həllində ölkəmizin təcrübəsindən danışdı. Vurğuladı ki, Azərbaycan 25 illik müstəqillik dövründə dövlət quruculuğunda böyük yol qət edib: “Mən iqtisadi və statistik göstəricilərə istinad etməyəcəyəm. Biz açıq ölkəyik və iqtisadi nailiyyətlərimiz hamıya məlumdur. Əlbəttə ki, biz belə bir tərəqqi ilə qürur duyuruq. Biz iqtisadiyyatın əhəmiyyətli şəkildə transformasiyasına nail ola və onun dünya iqtisadi sisteminə inteqrasiyasını təmin edə bildik. İctimai həyatın bütün səviyyələrində səmərəli idarəetmə sistemini qura bildik. Elm, mədəniyyət və təhsil sahələrində islahatlar həyata keçirilmişdir. Biz xalqımızın zəngin insan potensialına arxalanaraq bütün bu işləri görməyi bacardıq”.
Mehriban Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışdı, torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini, 900 kənd və qəsəbənin, 150 min evin, 693 məktəbin, 975 uşaq bağçasının, 695 xəstəxananın məhv edildiyini, 40 mindən çox nadir muzey eksponatının və materiallarının, 927 kitabxanadan 4,6 milyon kitabın və əlyazmaların qarət edildiyini dedi. Qaçqın və məcburi köçkün vəziyyətinə düşən insanlar üçün dövlətin yaratdığı şəraitdən danışaraq bildirdi: “Biz ən vacib dəyərimizi - millətimizin insan kapitalını qoruya bildik. Hətta qaçqın və məcburi köçkün düşərgələrində ictimai məktəblər, o cümlədən musiqi məktəbləri fəaliyyət göstərməkdə davam edirdi. Bu gündəlik işlər bizlərə sabah üçün ümid hissini aşılayırdı. Bu, hər şeyini itirən insanların sosial uyğunlaşmasının ən etibarlı və səmərəli sosial adaptasiya metodu idi. Növbəti illərdə hökumət bu insanların həyatının normallaşdırılması üçün mümkün olanı etdi və etməkdə davam edir. Biz bütün çadır düşərgələrinin ləğv olunmasına və onların əvəzinə qaçqın və məcburi köçkünlər üçün müasir qəsəbələrin salınmasına nail olduq. Qaçqın və məcburi köçkün vəziyyətinə düşən insan öz şəxsi kimliyini itirir. Siz onlar üçün ideal yaşayış şəraiti yarada bilərsiniz, lakin onların doğma torpaq və ev üçün olan həsrətini heç kim əvəzləyə bilməz”.
Vurğulandı ki, bu problemin birdəfəlik həlli üçün işğal olunmuş ərazilərin azad edilməsi, insanların evlərinə qayıtması vacibdir: “Hansı sosial uyğunlaşmadan danışsaq da, biz açıq-aydın başa düşməliyik ki, qarabağlı, suriyalı, iraqlı və əfqan qaçqın və məcburi köçkünləri özlərində təkcə fiziki itkini və çətinlikləri daşımırlar. Psixoloji zərbələrdən və mənəvi iztirablardan qurtulmaq çoxlu vaxt və səy tələb edir. Mövcud münaqişələrin nəhayət, sona çatması üçün biz səylərimizi birləşdirməliyik ki, dünyada yeni münaqişə episentrləri üzə çıxmasın, qaçqın və məcburi köçkünlərin sayı artmasın. Hər kəs ən azından digər şəxsin ağrısına, faciəsinə və itkisinə acıya bilər. İnsan iztirablarına son qoymaq üçün mərhəmət real alətə çevrilməlidir”.
Azərbaycanın birinci xanımı rəhbərlik etdiyi Heydər Əliyev Fondunun layihələrindən də danışdı. Qeyd etdi ki, Fond hökumət təşkilatları, QHT-lər və işgüzar dairələr arasında yaxşı əməkdaşlıq modeli qurub. Yüzlərlə məktəb tikilib, təmir olunub. Fond valideyn himayəsindən məhrum və fiziki imkanları məhdud olan uşaqları hərtərəfli diqqət mərkəzində saxlayıb. Fond əlilliyi olan insanlara xüsusi qayğı göstərib və bu təcrübə Bosniya və Herseqovina, Macarıstan və digər ölkələrdə də uğurla reallaşıb.
“Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu katolik, pravoslav kilsələrinin və sinaqoqların təmirinə töhfə verir: “Çoxmillətli, çoxkonfessiyalı ölkə olan Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır. Mütərəqqi dünyada demokratiyanın vacib sütunu kimi qəbul edilmiş dini və etnik tolerantlıq Azərbaycan cəmiyyətində normaya çevrilib. İnsanlarımızın əksəriyyətinin müsəlman olmasına baxmayaraq, ölkəmizdə xristian, yəhudi və digər dinlər də təmsil olunub. Azərbaycanda 649 dini icma, o cümlədən 24 qeyri-müsəlman icması fəaliyyət göstərir”.
Çıxışına Albert Enşteynin “Həyat müqəddəsdir, yəni, o, bütün digər dəyərlərin ona tabe olduğu ən yüksək dəyərdir” sitatı ilə yekun vuran Mehriban Əliyeva bildirdi ki, Azərbaycan gələcəyə nikbinliklə baxır, çünki ölkəmizdə insan potensialına inanırlar.
* * *
Plenar iclasın aparıcısı, BMT-nin Müxbir Assosiasiyasının prezidenti Giampaolo Pioli bildirdi ki, sosial inteqrasiya təkcə az inkişaf edən ölkələrin deyil, həm də inkişaf etmiş ölkələrin problemi olaraq qalır. Bu mənada məsələyə ekspertlərin münasibətini öyrənmək, bu sahədə aparılan araşdırmalarla tanış olmaq çox maraqlıdır.
San Patriqnano Cəmiyyətinin qurucusu və nümayəndəsi xanım Letizia Moratti dedi ki, inklüziv cəmiyyətlərin qurulması istiqamətində mövcud problemlərin həlli ilk növbədə gənclərin məşğulluğunun təmin olunmasından keçir. Bu, ilk növbədə gəncləri pis vərdişlərdən kənarlaşdırar, onların hazırda dünyanı narahat edən qanlı aksiyaları törətməkdən çəkindirər.
İspaniyanın keçmiş xarici işlər naziri Migel Angel Moratinos sivilizasiyalar arasında dialoqun yaranmasının hazırda dünyanı narahat edən ciddi problemlərdən biri olduğunu dedi. Bildirdi ki, bu missiyanın yerinə yetirilməsində sosial fəaliyyətlər böyük əhəmiyyət daşıyır. Qlobal miqyasda terrorçuluğun qarşısının alınmasının siyasi proqramlarda bir nömrəli məsələ olmasının vacibliyini deyən M.Moratinos VII Qlobal Forumun “Bakı bəyannaməsi”nin qarşıda duran problemlərin həllinə yardım edəcəyinə əminliyini bildirdi.
Türkiyənin Avropa İttifaqı üzrə keçmiş naziri Egemen Bağış dedi ki, Bakı Forumu sivilizasiyalar arasında sülh və dialoqun mümkün olduğunu bir daha göstərir. Sosial inteqrasiyaya gəldikdə, o, Ermənistanı nümunə gətirərək bu ölkənin tezliklə Azərbaycanla sülhü bərpa etmək istiqamətində addımlar atmasının vacibliyini xatırlatdı. Əks təqdirdə, Ermənistanda baş qaldıran sosial problemlər bu ölkənin tamamilə boşalmasına və yoxsulluq həddinin daha da artmasına gətirib çıxaracaq.
Sonra iclas müzakirələrlə davam etdirildi. Çıxış edənlər sosial inteqrasiyanın əsas prinsipi kimi təhsilin daha da inkişaf etdirilməsi platformasını irəli sürdülər, bu sahədə müasir texnologiyaların tətbiqinin zəruriliyindən danışdılar.