İyunun 2-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Yəhudi Mədəniyyəti və İrsinin Qorunması və Təbliğatı Assosiasiyasının (AEPJ) baş katibi Assumpcio Hosta və koordinatoru Michael Mail ilə görüşüb.

Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin Avropa Şurasının mədəni marşrut layihələrindən biri olan “Yəhudi irsi üzrə Avropa marşrutu” beynəlxalq mədəni turizm layihəsinə üzvlüyü və ölkəmizdə yəhudi mədəniyyəti günlərinin keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Qeyd olunub ki, bununla bağlı nazirlik tərəfindən ölkəmizdəki yəhudi irsi üzrə müvafiq proqram hazırlanıb. Proqrama paytaxt Bakı ilə yanaşı, Qırmızı Qəsəbə (Quba), Lahıc (İsmayılı), habelə Qəbələ, Oğuz kimi regionların turizm potensialı, orada fəaliyyət göstərən sinaqoqlar barədə məlumat əlavə olunub.
Layihənin əhəmiyyətini vurğulayan nazir Əbülfəs Qarayev assosiasiyanın nümayəndələrini gələn il Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib və forum zamanı layihənin təqdimatının keçirilməsini təklif edib.
Assosiasiyanın baş katibi Assumpcio Hosta Azərbaycana səfərlərindən məmnunluğunu bildirib. O, layihənin əhəmiyyətindən danışarkən qeyd edib ki, Azərbaycan mədəniyyətlərarası dialoqun ən yaxşı nümunəsidir.
Assosiasiyanın koordinatoru Michael Mail səfər müddətində Avropa və gürcü yəhudiləri dini icması, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev ilə görüşləri, Qırmızı Qəsəbədəki “Giləki” və “Altı günbəz” sinaqoqlarında yerli dini icmalarla və Oğuz rayonundakı “Aşağı məhəllə” və “Yuxarı məhəllə” sinaqoqları ilə tanış olduqları haqqında məlumat verib.
Qeyd edək ki, AEPJ-nin təşkilatçılığı ilə həyata keçirilən “Yəhudi irsi üzrə Avropa marşrutu” layihəsinə Portuqaliya, İspaniya, İtaliya və Fransa kimi ölkələr qoşulub, 20-dək ölkə layihədə tərəfdaş qismində çıxış edir. Azərbaycan Qafqazda bu layihəyə qoşulan ilk ölkədir.