75 faizi gəlir vergisindən azad ediləcək

 

Mikrosahibkarlıq subyekti olan (VÖEN-lə işləyən) və xidməti müqavilə ilə çalışan jurnalistlərin əldə etdikləri gəlirlərin 75 faizi gəlir vergisindən azad ediləcək. Bu, Milli Məclisin 27 noyabrda keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dair dəyişikliklərdə əksini tapıb.

Qanun layihəsinə əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan və həmin fəaliyyət növündən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azad ediləcək.

Qeyd edək ki, 1 yanvar 2024-cü il tarixindən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin qüvvədə olan redaksiyasına əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçisi 3 nəfərdən az olmayan mikrosahibkarlıq subyektlərinin əldə etdikləri gəlirlərin 75 faizi gəlir vergisindən azad edilib. Başqa sözlə, yəni onlar ümumi gəlirlərinin 5 faizi məbləğində gəlir (mənfəət) vergisi ödəyirlər. Fərdi şəkildə fəaliyyət göstərən mikrosahibkarlıq subyektləri isə bu ildən ümumi gəlirlərinin 20 faizi məbləğində gəlir (mənfəət) vergisi verirlər.

Lakin bir sıra fərdi peşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər var ki, onlar əhaliyə deyil, digər vergi ödəyicilərinə xidmət göstərdiklərindən sadələşdirilmiş vergi ödəyicisi ola bilmirlər. Həmin şəxslər fərdi qaydada fəaliyyət göstərdikləri üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan güzəştdən istifadə edə bilmirlər. Bu səbəbdən bəzi xidmət sahələri üzrə fəaliyyət göstərən sahibkarların illik dövriyyəsinin həcmi 45 min manatadək olan mikro sahibkar fiziki şəxslərə münasibətdə ədalətli vergitutmanın tətbiq edilməsinin təmini məqsədilə həmin şəxslərin əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən (3 işçi tələbi) gəlir vergisindən azad edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər təklif edilir.

Təklif edilən dəyişikliyə əsasən, 75 faizlik vergi güzəşti tətbiq edilməsi gözlənilən fərdi sahibkarlar (mikrosahibkarlıq subyekti) sırasına jurnalistikadan savayı, həmçinin proqram təminatının işlənməsi sahəsində xidmətlər; layihə-dizayn və dekorasiya xidmətləri; tərcümə xidməti; reklam xidməti; araşdırma və tədqiqat sahəsində fəaliyyət; elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər; hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri; sifarişlərin çatdırılması və kuryer fəaliyyəti (avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla), turizm bələdçiliyi kimi sahələr də daxildir.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.