Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2025-ci il 29 yanvar tarixinə təyin olunub.  Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 27-də keçirilən iclasında qəbul edilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, seçkilər 685 bələdiyyəyə keçiriləcək və 118 seçki dairəsini əhatə edəcək.

Qeyd edək ki, bu, ölkəmizdə sayca 6-cı bələdiyyə seçkiləri olacaq.

Azərbaycanda ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilib. Seçkilər nəticəsində ölkə üzrə 2660-dək bələdiyyə (21 mindən çox bələdiyyə üzvü) formalaşmışdı. Ən böyük bələdiyyəyə 19, ən kiçik bələdiyyəyə 5 üzv seçilmişdi.

Sonrakı bir neçə ildə yeni yaşayış məntəqələrinin yaranması, habelə yerlərdə ərazi-inzibati bölgüsü üzrə aparılmış dəyişikliklər nəticəsində bələdiyyələrin sayı artmış və 17 dekabr 2004-cü ildə keçirilən növbəti seçkilər ölkə üzrə 2730 bələdiyyəni (ümumilikdə 21600-dan çox bələdiyyə üzvü) əhatə etmişdi.

Lakin bundan sonra, xüsusilə də kiçik bələdiyyələrin fəaliyyətinin səmərəsiz olması nəzərə alınaraq, bələdiyyələrin tədricən birləşdirilməsi prosesi başlandı. Bu yolla onların yerli özünüidarə qurumları kimi fəaliyyətinin daha səmərəli təşkili məqsədəuyğun sayıldı.

2009, 2014 və 2019-cu illərdə keçirilən seçkilərdə formalaşan ümumi bələdiyyə sayında bu azalma tendensiyası özünü göstərib.

18 oktyabr 2024-cü ildə Milli Məclisdə qəbul edilən və Prezident İlham Əliyev tərəfindən imzalandıqdan sonra rəsmi mətbuatda dərc edilərək (25 noyabr) qüvvəyə minən  “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanuna əsasən, ölkə üzrə mövcud bələdiyyələrin sayı 1606-dan 685-ə düşüb.

Xatırladaq ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 5 aprel 2024-cü il tarixli qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.

Onu da qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə bələdiyyələr hələ yaradılmayıb və növbəti seçkilər də həmin əraziləri əhatə etməyəcək.

Yeri gəlmişkən, bələdiyyələr 5 il müddətinə seçilir və bundan öncəki bütün bələdiyyə seçkiləri bu müddətin tamamında və bir qayda olaraq dekabr ayında keçirilib. Budəfəki seçkilər həmin müddətdən bir ay sonraya təsadüf edəcək və beləliklə, 2019-cu ilin dekabrında seçilən bələdiyyələr bir ay artıq fəaliyyət göstərmiş olacaqlar.

Vüqar Orxan