Mətbuat Şurası ilə Belçika Türkcə Media Birliyi arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Mətbuat Şurası ilə Belçikada fəaliyyət göstərən Belçika Türkcə Media Birliyi arasında anlaşma memorandumu imzalanıb. Memorandum Mətbuat Şurasında sözügedən qurumun sədri Hüseyn Dönməz, sədr müavini Cəlil Gündoğdu, həmçinin Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi və Türk Ocaqları Gent-Belçika Mərkəzinin rəhbəri Rəcəb Tuncər Sarı ilə keçirilən görüş və müzakirələrin nəticəsində ərsəyə gəlib.
MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonaqlara təşkilatın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ölkə jurnalistlərinin özünütənzimləmə orqanı kimi 2003-cü ildə təsis olunan qurumun missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsidir. Bununla bağlı müxtəlif vətəndaş qruplarından daxil olan şikayətlərin araşdırılmasına, qərar və rəylərin çıxarılmasına xüsusi diqqət yetirilir. Şuranın beynəlxalq əlaqələri barədə danışan Ə.Amaşov xüsusən türk dünyasının media qurumları ilə intensiv münasibətlərdən söz açıb.
Qeyd edək ki, Belçika Türkcə Media Birliyi Belçikada, eləcə də Avropanın bir sıra ölkələrində televiziya, radio, qəzet və jurnallarda çalışan türk jurnalistləri özündə birləşdirir. Görüşdə qurumun həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Mətbuat Şurası ilə bağlanmış memorandumun əhəmiyyəti izah edilərkən bildirilib ki, sənəd Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə yayılmasına dəstək, habelə təcrübə mübadiləsinin genişləndirilməsi baxımından önəm daşıyır.