İyunun 10-da Samux rayonunda vətəndaşları qəbul edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev daha sonra rayonda yerləşən mədəniyyət müəssisələrinə baş çəkib.
İlk olaraq Samux rayon Mərkəzi kitabxanasına gələn nazirə kitabxananın fəaliyyəti, yeni nəşrlərlə təminatı, oxucuların kitaba marağının daha da artırılması məqsədilə həyata keçirilən işlər haqqında məlumat verilib.
Bildirilib ki, Mərkəzləşdirilmiş Kitabxana Sistemi rayon üzrə 15 min nəfərdən çox oxucuya xidmət göstərir. Kitabxananın Uşaq şöbəsində uşaqlar üçün yaradılan şərait, “nağıl otağı”nın fəaliyyəti də diqqət mərkəzindədir. Kitab fondu barədə ətraflı məlumat alan Əbülfəs Qarayev bu il də kitabxananın lazımi yeni ədəbiyyatla təmin olunacağını bildirib.
Əbülfəs Qarayev sonra Samux rayon uşaq musiqi məktəbinin fəaliyyəti ilə tanış olub. Qeyd olunub ki, musiqi məktəbi 1973-cü ildən fəaliyyət göstərir. Burada şagirdlər 10 ixtisas üzrə təhsil alırlar. Musiqi məktəbində rayon mərkəzinə yaxın kəndlərin şagirdləri də təhsil alırlar.
Nazir təhsil ocağında yaradılan şərait, tədris vəsaitləri ilə təminat, tədrisin keyfiyyəti ilə maraqlanıb. Məktəbin şagirdləri musiqi parçaları ifa ediblər.
Nazir hər iki müəssisənin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələr verib.