Nazirliyin əməkdaşı MDB İcraiyyə Komitəsinin “Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri üzrə Dövlətlərarası Şura”sının iclasından qayıdıb
Keçmiş ittifaq dağılandan sonra postsovet məkanında yerləşən respublikalar arasında mədəni əlaqələr sistemi də, demək olar ki, sıradan çıxdı və bir müddət bu respublikaları bürüyən siyasi-iqtisadi böhran mədəniyyət sahəsini, bir növ, ikinci plana atdı. Ancaq zaman keçdikcə dərk etdilər ki, müxtəlif tarixi dönəmlərdə eyni bayraq altında yaşamağa məcbur olan bu millətlərin, xalqların mədəniyyətində hardasa bir ortaqlıq, bir oxşarlıq yaranmışdır. Və bir dəyər ki, mədəniyyət sahəsi üzrə ortaqlaşır, artıq bu dəyər bəşəriyyətin mənəvi sərvəti sayılmalıdır.
Kitab sahəsi də beləcə... Bir zamanlar Moskva, Kiyev, Minsk, Almatı kimi böyük şəhərlərdə nəşr olunan kitabları pulsuz əldə edib oxumaq imkanımız var idisə, eləcə də Bakıda nəşr edilən kitablar ittifaqın əsas regionlarına çox asanca yayılırdısa, müstəqilliyimizin ilk illərində bu sahədə bir sıra labüd çətinliklər ortaya çıxdı. Bu günün özündə Rusiyanın ən ünlü nəşriyyatlarında işıq üzü görən kitabları əldə eləmək o qədər də asan deyil. Kitabxanalar arasında əlaqələrin lazımi səviyyədə olmaması, elektron kitabxanalarda isə böyük əsərlərin yayımlanması və ya əldə olunması imkanının məhdudluğu oxucuları kitab mağazalarına üz tutmağa məcbur edir. Burada isə kitablar olduqca bahadır.
MDB ölkələrinin kitab sahəsindəki qarşılıqlı əməkdaşlığı, sərgilərin, müsabiqələrin keçirilməsi, ortaq nəşr layihələrinin reallaşması bu problemi tədricən aradan qaldırmağın ən optimal yoludur.
Hər il postsovet məkanında kitabla bağlı onlarla tədbir keçirilir və Azərbaycan bu tədbirlərin əksəriyyətində yüksək səviyyədə iştirak edir.
Bu cür maraqlı tədbirlərdən biri də aprelin ilk günlərinə Düşənbə şəhərində baş tutub - MDB İcraiyyə Komitəsinin “Dövri mətbuat, kitab yayımı və poliqrafiya məsələləri üzrə Dövlətlərarası Şura”sının XII iclası keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu iştirak edib. Çingiz müəllim Tacikistan təmsilçisi ilə birlikdə 2009-2010-cu il üçün Dövlətlərarası Şuranın həmsədri seçilib.
Səfər barədə təəssüratlarını bölüşən Ç.Əlioğlu öncə bunları söylədi: “Azərbaycan əvvəlcə sözügedən şuranın iclaslarında məşvərətçi qismində iştirak edirdi. Sonralar biz bu şuranın üzvü olduq. Xatırladım ki, bütün postsovet məkanını əhatə edən bu şura adından göründüyü kimi, mətbuat, kitab nəşri, yayımı və poliqrafiya sahəsində bir çox dəyərli işlər görür və şuranın qəbul etdiyi qərarlar təsdiq üçün Hökumət Başçıları Şurasına təqdim olunur”.
Çingiz müəllimin sözlərinə görə, hər dəfə bir çox maraqlı və lazımlı məsələləri müzakirə edən şura iclasında bu dəfə ilk olaraq XI iclasın qərarlarının nəticələrinə baxılıb, Kitabı Himayə Deklarasiyasının layihəsi müzakirə olunub. Daha sonra çap məhsullarının qarşılıqlı mübadiləsinə əlverişli şərait yaradılması haqda müqavilə, MDB ölkələrinin VI “Kitab Sənəti” Beynəlxalq Müsabiqəsinin keçirilməsinə hazırlıq işləri və MDB-nin müştərək çap orqanlarının təsis edilməsi də daxil olmaqla ümumiyyətlə doqquz məsələ müzakirə edilib.
Çingiz müəllim MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin imzası ilə dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sferasında əməkdaşlığın möhkəmlənməsində aktiv iştirakına və böyük töhfələrinə görə Fəxri Fərmanla təltif edilib.
Şuranın fəaliyyət göstərdiyi müddət ərzində bir sıra vacib işlər görülsə də həllini gözləyən məsələlər də vardır. Hər il tədbirlər planı əsasında fəaliyyət göstərən şura əsasən ölkələr arasında çap məhsulları mübadiləsinin yüksək səviyyədə təşkili, kitab mübadiləsində gömrük rüsumu və poçt tariflərindən tutmuş bir sıra vacib məsələlərin əlverişli şəkildə həllini prioritet sayır.
Şuranın tədbirlər planına daxil olan ən maraqlı tədbirlərdən biri də Beynəlxalq Kitab Sənəti Müsabiqəsidir. Sözügedən iclasda artıq Moskvada keçiriləcək VI Beynəlxalq Kitab Sənəti Müsabiqəsinə hazırlıq işləri müzakirə olunub. Xatırladaq ki, bu müsabiqənin formalaşmasında Azərbaycan naşirləri yaxından iştirak edib və indiyədək Azərbaycan kitabı bu müsabiqənin müxtəlif nominasiyalar üzrə ən yüksək mükafatlarına layiq görülüb.
Şura MDB ölkələrinin mədəni inteqrasiyası sahəsində də bir sıra işlər görür və bu sahəni tənzimləyir, lazımi normativ sənədləri qəbul edir.
2009-9010-cu ilin tədbirlər planına sərgilər, müsabiqələr və s. vacib tədbirlərlə yanaşı ümumi “Birlik” adı altında bir sıra nəşr layihələri də nəzərdə tutulur. Məsələn, “MDB dövlətləri ədəbiyyatı”, “MDB dövlətləri mükafatları laureatları”, “MDB dövlətləri mədəni irsi”, “MDB dövlətləri uşaq ədəbiyyatı”, “MDB dövlətlərində turizm və istirahət”, “MDB xalqlarının nağılları” və s.
Azərbaycan tərəfi MDB İcraiyyə Komitəsinin “Dövri mətbuat, kitab yayımı və poliqrafiya məsələləri üzrə Dövlətlərarası Şura”sının növbəti iclaslarında və müxtəlif irili-xırdalı tədbirlərində yaxından iştirak etməyi qarşısına məqsəd qoyur.
Çingiz müəllimin fikrincə, Azərbaycan kitabı dünyanın bütün sərgi və müsabiqələrində yüksək səviyyədə iştirak etməyə qadirdir və yaxın gələcək üçün bu sahədə daha böyük uğurlar gözlənilir.
Şərif