Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi münasibətilə keçirilən silsilə tədbirlərə töhfə vermək məqsədilə ASAN Könüllüləri Təşkilatı tərəfindən iyulun 20-də Lahıcda “Həmrəylik düşərgəsi” layihəsinin rəsmi açılış mərasimi keçirilib.
Layihə ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Dövlət Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT-nin Əhali Fondunun təşkilati dəstəyi ilə həyata keçirilir.
Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində keçirilən mərasimdə əvvəlcə Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin ifasında dövlət himni səsləndirilib və düşərgə açıq elan edilib.
Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor İlham Mehdiyev, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, “Həmrəylik düşərgəsi”nə dəstək vermiş şirkətlərin adından “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev çıxış ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov bu layihənin həyata keçirilməsi üçün Lahıcı seçdikləri üçün rayon sakinləri, xüsusilə lahıclılar adından təşkilatçılara minnətdarlığını bildirib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "Həmrəylik düşərgəsi"nin ASAN könüllülərinin növbəti yay məktəbi olduğunu deyib. Qeyd edilib ki, digər yay məktəblərindən fərqli olaraq budəfəki düşərgə daha çox hərbi formatda təşkil olunub. Düşərgədə infrastruktur Dövlət Sərhəd Xidməti tərəfindən yaradılıb. Beş gün ərzində ASAN könüllüləri Lahıcın tarixi və mədəniyyəti ilə yaxından tanış olacaqlar. Layihə Azərbaycanın digər kənd və qəsəbələrində davam etdiriləcək.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilib. Sərəncamdan irəli gələrək respublikamızda bir sıra tədbirlər keçirilib. İsmayıllı rayonu Lahıc qəsəbəsində ASAN könüllülərinin “Həmrəylik düşərgəsi”nin açılması da bu tədbirlər silsiləsindəndir. Azərbaycanda ilk dəfə keçirilən bu layihə gənclər arasında milli-mədəni irsin, multikultural dəyərlərin qorunması, təbliği və inkişafının dəstəklənməsi, onların arasında düşərgə mədəniyyətinin formalaşdırılması, yeni bilik və bacarıqların öyrənilməsində xüsusi yer tutacaq.
Vaqif Əliyev qeyd edib ki, “Həmrəylik düşərgəsi”nin məhz Lahıcda açılması təsadüfi deyil. Lahıc istər multikultural dəyərlərin, istərsə də zəngin mədəni irsin, adət-ənənələrin, xalq sənətkarlığının nümunəsidir.
XVIII-XIX əsrlərdən Qafqazın ən iri sənətkarlıq mərkəzlərinin birinə çevrilən Lahıc bu gün də misgərlik, dəmirçilik, xalçaçılıq, dabbaqlıq, sərraclıq, papaqçılıq və toxuculuq kimi sənət növlərini yaşadır. 2015-ci ildə Lahıc misgərlik sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor İlham Mehdiyev hərbiləşdirilmiş qaydada keçirilən layihənin məqsədinin gənclərin hərbiyə marağının artırılması və onların vətənpərvərlik ruhunda böyüməsinə şərait yaratdığını deyib.
Qeyd edək ki, layihə müddətində bir-birindən maraqlı tədbirlər, təlimlər və müxtəlif turlar təşkil olunacaq. Düşərgədə dövlət rəsmilərinin və Milli Məclisin deputatlarının iştirakçılarla görüşü nəzərdə tutulub. Qeyd edilib ki, Lahıc qəsəbəsi ərazisində Dövlət Sərhəd Xidməti tərəfindən "Həmrəylik düşərgəsi" üçün çadırlar və yeməkxanalar ən yüksək standartlara cavab verən səviyyədə qurulub.
Bir sıra şirkət və qurumlar sosial məsuliyyət çərçivəsində düşərgəyə dəstək verirlər.