Sentyabrın 6-da mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Milli Kitabxanada “Üzeyir musiqi günü” və Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalına hazırlıqla bağlı müşavirə keçirdi. Tədbirdə nazirliyin müvafiq şöbə və sektorlarının, teatr-konsert müəssisələrinin, muzeylərin rəhbərləri iştirak edirdi.

Müşavirədə çıxış edən Ədalət Vəliyev 18 sentyabr - “Üzeyir musiqi günü” haqqında məlumat verdi. Bildirdi ki, bu əlamətdar gün 1995-ci ildə ümummilli lider Heydər Əliyev fərmanı ilə təsis edilib və hər il milli musiqi bayramı kimi təntənəli şəkildə qeyd olunur. 2009-cu ildən isə Üzeyir Hacıbəylinin doğum günündə beynəlxalq musiqi festivalına start verilir. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən festival ölkəmizin mədəni həyatında özünəməxsus yer tutur.
Mədəniyyət və turizm nazirinin iyul ayında imzaladığı əmrdə festivalla bağlı görüləcək bütün işlər öz əksini tapıb. Bununla bağlı qərargah yaradılıb və qərargahın üzvləri görüləcək işlərin həyata keçirilməsinə nəzarət etməlidirlər. Bundan əlavə, nazirliyin incəsənət, informasiya və ictimaiyyətlə əlaqələr şöbələri, Muzey Mərkəzi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Azərbaycan Dövlət Filarmoniyası və digər əlaqədar təşkilatlara tədbirin keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Nazir müavini diqqətə çatdırdı ki, əvvəlki illərdən fərqli olaraq budəfəki festivalın açılışı sentyabrın 17-də baş tutacaq. Fəxri xiyabanda Üzeyir bəy və ulu öndər Heydər Əliyevin məzarları ziyarət ediləcək, Azərbaycan Milli Konservatoriyasının qarşısında musiqili proqram, daha sonra Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində “Güllələnmiş abidələr”in ziyarət edilməsi nəzərdə tutulub. Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında ənənəvi mərasimlə davam edəcək. Sentyabrın 18-də isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festivalın rəsmi açılış mərasimi olacaq, konsert proqramları təqdim ediləcək.
Müşavirədə həyata keçiriləcək işlərlə bağlı Azərbaycan Bəstəkarlar İttifaqı, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Azərbaycan Dövlət Filarmoniyası, Dövlət Uşaq Filarmoniyası və digər qurumlara tapşırıqlar verildi. Qeyd olundu ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Bakı Musiqi Akademiyası tədbirin təşkilinə nəzarəti həyata keçirməli, əhalinin məlumatlandırılmasını təşkil etməlidir. Şuşa Rayon İcra Hakimiyyəti, rayon Mədəniyyət və Turizm şöbəsi və Şuşa teatrının bu tədbirlərdə iştirakı təmin edilməlidir. Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı ərəfəsində müvafiq təşkilatlarda Üzeyir bəyin yaradıcılığı, festivalın mahiyyəti barədə tədbirlərin keçirilməsinin vacibliyi də diqqətə çatdırıldı.
Dövlət Mahnı və Rəqs Ansamblının 80 illiyinin qeyd edilməsi ilə bağlı müvafiq tapşırıqlarını verən Ədalət Vəliyev Üzeyir bəyin yaratdığı kollektivin yubileyinin yüksək səviyyədə təşkilinin vacibliyini diqqətə çatdırdı. Vurğulandı ki, teatr-konsert müəssisələri “Üzeyir musiqi günü” və festival çərçivəsində görəcəkləri işlər barədə ictimaiyyəti məlumatlandırmalıdırlar.
Nazir müavini daha sonra cari ildə təşkil olunacaq digər tədbirlərlə bağlı qarşıda duran vəzifələrdən söz açdı, II Şəki Beynəlxalq Teatr Festivalı, XI Bakı Beynəlxalq Caz Festivalı, Rəşid Behbudovun 100 illik yubileyi və IV Bakı Beynəlxalq Teatr Konfransı haqqında məlumat verdi. Bildirdi ki, ilin sonuna kimi 15 bəstəkarın yubileyi, sərgilər, ədəbiyyat xadimlərinin yubiley tədbirləri keçiriləcək.
Tədbirdə Dövlət Uşaq Filarmoniyasına bu sənət ocağına uzun illər rəhbərlik etmiş mərhum bəstəkar, Xalq artisti Oqtay Zülfüqarovun və Əməkdar mədəniyyət işçisi Fərəh Şəkinskayanın xatirəsinə həsr olunmuş tədbirin keçirilməsi ilə bağlı tapşırıqlar da verildi.

Lalə