Cənubi Qafqazda alman məskənlərinin 200 illiyi münasibətlərin dərinləşməsinə töhfə verəcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Mixael Kindsqrabı qəbul edib.
Görüşdə iki ölkə münasibətlərinin perspektivləri, mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı məsələləri müzakirə olunub.
Əbülfəs Qarayev Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamını diqqətə çatdırıb və bu yubileyin UNESCO-nun yubileylər proqramına daxil edilməsinin ölkələrarası münasibətlərin inkişafı və xalqlar arasında əlaqələrin dərinləşməsində rolunu qeyd edib.
Səfir Mixael Kindsqrab öz növbəsində bu addımın Almaniya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə töhfə verəcəyindən əminliyini bildirib. Söhbət zamanı həmçinin müxtəlif layihələr, turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Hindistan ölkəmizlə mədəniyyət və turizm əməkdaşlığında maraqlıdır
Nazir Əbülfəs Qarayev Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana ilə də görüşüb.
Söhbət zamanı Azərbaycan-Hindistan əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Səfir Sanjay Rana qeyd edib ki, ölkəsi Azərbaycanla mədəniyyət, incəsənət, kino və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsində, bu məqsədlə iki ölkə arasında birbaşa reyslərin açılmasında maraqlıdır.
Əbülfəs Qarayev Azərbaycanda Hindistan mədəniyyətinə ənənəvi xoş münasibətin olduğunu qeyd edərək bildirib ki, iki ölkənin xalqlarını tarixi əlaqələr bir-birinə bağlayır.
Nazir Almaniya və Hindistan səfirlərinə fəaliyyətlərində uğurlar arzulayaraq hər iki diplomatı gələn ilin aprel ayında Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.