Prezident Sumqayıt şəhərində yenilənən mədəniyyət və istirahət ocaqları ilə tanış olub

Sentyabrın 27-də Sumqayıt şəhərinə səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhərdə aparılan quruculuq-abadlıq işləri ilə tanış olub, bir sıra obyektlərin, mədəniyyət və istirahət məkanlarının açılışında iştirak edib.

Dövlət başçısı əsaslı təmir olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrının binasında yaradılan şəraitlə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, bina 1956-cı ildə istifadəyə verilib. Yenidənqurma işlərinə ötən ilin dekabrında başlanılıb. Əsaslı təmir zamanı binanın bütün mühəndis-texniki qurğuları tamamilə yenidən qurulub. 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika və işıqlandırma sistemləri və digər avadanlıq quraşdırılıb.
Teatrın interyerinin daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib.
Qeyd olunub ki, binanın müasir üslubda yenidən qurulması sakinlərin teatra marağının artmasına, şəhərin mədəni həyatının daha da canlanmasına təkan verəcək. Teatrın qarşısındakı meydanda 15 min kvadratmetr sahəyə mərmər döşənib, iki yeni fəvvarə və monitor quraşdırılıb.
Yenidənqurma işləri Sumqayıt Dövlət Dram Teatrının kollektivinə işlərini günün tələbləri səviyyəsində qurmaq üçün maksimum şərait yaradır. Teatrın binasının əsaslı təmiri və yenidən qurulması Azərbaycan dövlətinin mədəniyyət sahəsinin inkişafına göstərdiyi diqqət və qayğını təcəssüm etdirir.
* * *
Prezident Sumqayıtda Uşaq incəsənət məktəbinin açılışında iştirak edib.
Məlumat verilib ki, məktəbin binasının tikintisinə keçən ilin dekabrında başlanılıb. Üçmərtəbəli binada 80 otaq var. Məktəb yeni avadanlıqla təmin olunub.
Uşaq incəsənət məktəbində 226 müəllim tədrislə məşğul olacaq. Məktəbdə ümumilikdə 800-dək şagird təhsil alacaq.
* * *
Dövlət başçısı Sumqayıt şəhərinin əsas giriş yolunda - Sülh küçəsində, Heydər Əliyev parkında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə, habelə Dənizkənarı bulvarda və şəhər çimərliyində aparılan abadlıq işləri ilə tanış olub, şəhərdə Şahmat məktəbinin açılışında iştirak edib.
* * *
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin yeni binasının açılışında da iştirak edib.
Heydər Əliyev parkında inşa olunan üç mərtəbədən və mansarddan ibarət olan binanın ümumi sahəsi 5 min kvadratmetrdir. Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün 420 yerlik böyük konfrans zalı yaradılıb.
Prezident burada şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Görüşdə çıxış edən dövlət başçısı son vaxtlar şəhərdə aparılan quruculuq işləri, həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.
Qeyd edib ki, sənaye şəhəri kimi tanınan Sumqayıtın mədəniyyət və turizm mərkəzi kimi də özünü təsdiq etməsi üçün geniş imkanlar var: “Sumqayıtın zəngin mədəni həyatı var. Dövlət Dram Teatrı binasının əsaslı təmirdən sonra açılışı da Sumqayıtın mədəni həyatına yeni bir töhfədir. Hamımız yaxşı bilirik ki, Sumqayıt kimyaçılar, gənclər şəhəri kimi salınmışdır. Ona görə gənclər şəhəri ki, Sumqayıtın qurulmasında daha çox gənclər iştirak edirdi. Bu gün Sumqayıt, eyni zamanda, ziyalılar, fəhlələr, mütəxəssislər şəhəridir, müasir sənaye mərkəzidir.
Bu gün gördüyüm Sumqayıt bulvarı doğrudan da, məndə ən xoş təəssüratlar yaratdı. Çünki bir daha gördüm ki, qarşıya qoyulan vəzifələr düzgün icra edildikdə doğrudan da möcüzələr yaratmaq mümkündür”.
Prezident əmin olduğunu bildirib ki, Sumqayıtın gələcək inkişafında turizm sektoru da öz rolunu oynayacaq: “Bunu bir neçə il bundan əvvəl təsəvvür etmək çətin idi ki, biz Sumqayıtı, eyni zamanda, turizm mərkəzi kimi görmək istəyirik. Bu gün bu, reallıqdır - gözəl sahil zonası, plyaj, təmiz hava, parklar, ictimai zonalar, istirahət zonaları. İndi Sumqayıt parklar şəhəridir. Mənə bu gün məlumat verildi ki, yeni inşaat layihələri icra ediləcək, bulvara yaxın yerdə yeni yaşayış binaları, otellər tikiləcək. Ona görə, Sumqayıt gələcəkdə Azərbaycanın turizm zonası kimi də özünü göstərməlidir”.