Mədəniyyət və turizm naziri Bakıda səfərdə olan türkiyəli həmkarı ilə görüşüb
Sentyabrın 27-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Əbülfəs Qarayev Azərbaycanda ilk dəfə qeyd olunan turizm işçilərinin peşə bayramı günündə Türkiyə mədəniyyət və turizm nazirinin ölkəmizə səfərindən böyük məmnunluq duyduğunu bildirib.
Qeyd olunub ki, iki ölkənin müştərək layihələrdə iştirakı mədəniyyət sahəsinə, xüsusilə musiqi və teatrın inkişafına böyük zəmin yaradır. Eyni zamanda türkiyəli turizm mütəxəssisləri ölkəmizdə bu sahənin inkişafına öz töhfələrini verirlər. Qarşılıqlı təcrübə mübadiləsi mədəniyyət və turizm sahələrinin daha da zənginləşməsinə kömək edir.
Görüşdə gələcək əməkdaşlığın daha da genişləndirilməsinə ümid ifadə olunub.
Əbülfəs Qarayev iki ölkə arasında müştərək mədəni turizm layihəsinin həyata keçirilməsini təklif edib, bu layihənin ölkələrimizin birgə mədəni mirasının bütün dünyada tanıdılmasına töhfə verəcəyini əminliklə vurğulayıb.
Göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən türkiyəli nazir səfərin onun üçün məhsuldar olduğunu qeyd edib.
Sonda nazir Əbülfəs Qarayev Türkiyə nümayəndə heyətini 2017-ci ildə Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.