Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə oktyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Yusuf Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda görkəmli kimyaçı alim Yusuf Məmmədəliyevin Memorial Muzeyinin nəzdində yeni yaradılmış Gənc Alimlər Klubunun açılış mərasimi və alimə həsr olunmuş veb saytın təqdimatı keçirildi. Tədbir IX Beynəlxalq Məmmədəliyev konfransı çərçivəsində təşkil olunmuşdu.

Mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, akademik Yusuf Məmmədəliyevin qızı, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Ombudsman Elmira Süleymanova və Türkiyə, Rusiya, Gürcüstandan konfransa dəvət olunmuş alimlər və digər qonaqlar iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə institutda akademik Yusuf Məmmədəliyevin Memorial Muzeyi ilə tanış oldular.
Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış və UNESCO-nun Baş qərargahında təqdim olunmuş akademikin həyat və fəaliyyətindən bəhs edən “Zamanın zirvəsi” adlı sənədli film nümayiş olundu.
Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, dünyada tanınmış və Azərbaycanın bir çox mədəniyyət müəssisələrində bədii tərtibatla bağlı uğurlu layihələri olan Latviyanın “Digital Dizayn Studio” şirkəti tərəfindən hazırlanmış, dünya şöhrətli kimyaçı alim Yusuf Məmmədəliyev haqqında saytın təqdimatı oldu. Saytda alimin həyatını, elmi fəaliyyətini geniş şəkildə əks etdirən müfəssəl məlumatlar yer alıb. Saytın təqdimatını “Digital Dizayn Studio” şirkətinin direktoru Yanis Mitreviç keçirdi.
AMEA-nın prezidenti Akif Əlizadə Yusuf Məmmədəliyevin Azərbaycan və dünya elminə töhfələrindən danışdı. Qeyd etdi ki, akademik Yusuf Məmmədəliyev xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, görkəmli ictimai-siyasi xadim kimi daxil olub.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirdi.

Fariz