Mədəniyyət və incəsənət xadimləri təltif olunub

Oktyabrın 7-də Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirildi.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə göstərilən dövlət qayğısından danışdı. Bildirdi ki, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Mədəniyyət xadimlərinə göstərilən qayğı onların yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı, mədəniyyət və incəsənətlə bağlı müvafiq dövlət proqramlarının qəbul edilməsi, bu sahələrə dair qanunvericiliyin, hüquqi-normativ bazanın daha da təkmilləşdirilməsi bu diqqətin bariz nümunəsidir.
Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə xidmətlərini xüsusi qeyd etdi.
Bildirildi ki, Prezident İlham Əliyev mütəmadi olaraq müxtəlif sahələrdə çalışan insanların əməyini yüksək qiymətləndirərək onları mükafatlandırır. Ölkə həyatının digər sahələri ilə müqayisədə mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur. Bu da özlüyündə mədəniyyət aləmin zənginliyini, bu sahədə əldə olunan nailiyyətləri əks etdirir. Bu gün incəsənət ustalarımız müxtəlif ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər, dünyanın dörd bir tərəfindən mədəniyyətimizin əks-sədası gəlir, Azərbaycan mədəniyyətinə dünya xalqlarının marağı gündən-günə artmaqdadır. Ölkəmiz dünya səviyyəsində daha geniş tanınır. Kino, teatr, musiqi sahəsində çalışan insanlar böyük sevgi ilə mədəniyyətimizi, incəsənətimizi təbliğ edirlər. Mədəniyyət xadimləri ölkə rəhbərliyinin apardığı siyasəti hər zaman dəstəkləyərək Azərbaycan naminə görülən işlərə öz yaradıcı töhfələrini verirlər. Biz bu sahədə çalışan insanlardan daha böyük uğurlar, mədəniyyətimizin inkişafı və tanıdılmasına xidmət edən yeni layihələr və nailiyyətlər gözləyirik.
Nazir daha sonra dedi: “Bu gün fəxri ada layiq görülənlər arasında təkcə azərbaycanlılar deyil, xarici ölkələrdə Azərbaycan mədəniyyətinin tanınmasına xidmət edən insanların da adına rast gəlirik. Bu da sevindirici haldır. Hər bir mükafat, təltif yaradıcı insanlara böyük dəstək və təkandır. Bu, yaradıcı potensialın güclənməsinə bir avansdır. Bunun müqabilində həmin insanlar daha da şövqlə yaşayıb yaratmalıdır”.
Sonra Əbülfəs Qarayev ölkə başçısının 2016-cı ildə imzaladığı müvafiq sərəncamlarla təltif olunmuş xalq artistləri Səkinə İsmayılova, Ramiz Fətəliyev, Ağaverdi Paşayev və Vidadi Muradova “Şöhrət” ordenini, “Xalq artisti” adına layiq görülən aktyor Şamil Süleymanov və kamança ifaçısı Munis Şərifova fəxri adın medal və vəsiqələrini təqdim etdi.
“Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar artist”, “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülmüş şəxslərə də mükafatların vəsiqə və medalları təqdim olundu. Həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə aşıq sənətinin inkişafında xidmətlərinə görə təltif olunmuş bir qrup aşığa “Əməkdar mədəniyyət işçisi”, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 90 illik yubileyi münasibətilə mükafatlandırılmış ansamblın üzvlərinə isə “Əməkdar artist” fəxri adları təqdim edildi.
Təltif olunanlardan Səkinə İsmayılova, Ağaverdi Paşayev, Müşfiq Hətəmov və digərləri çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər.
Nazir Əbülfəs Qarayev mükafatlandırılan mədəniyyət və incəsənət xadimlərini təbrik edərək onlara gələcək işlərində, ölkəmizin, mədəniyyətimizin tərəqqisi və təbliğində yeni uğurlar arzuladı.

Lalə