Oktyabrın 24-də Masallıda vətəndaşların qəbulundan sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rayon mərkəzindəki mədəniyyət müəssisələri ilə tanış oldu.
Nazir ilk olaraq Uşaq incəsənət məktəbinə baş çəkdi. Bildirildi ki, məktəb 1979-cu ildə fəaliyyətə başlayıb. 1994-cü ildən məktəbdənkənar tədris üçün uyğunlaşdırılmış binada fəaliyyət göstərib. Məktəbin yeni binasının açılışı bu il sentyabrın 3-də Prezident İlham Əliyevin Masallıya səfəri zamanı keçirilib. İkimərtəbəli binada 33 sinif otağı var. Sinif otaqlarının hamısı müasir avadanlıqla, təlim-tədris ləvazimatları ilə təchiz olunub. 150 yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Kitabxana, rəsm otağı və heykəltəraşlıq emalatxanasında dərslərin keçirilməsi üçün bütün imkanlar nəzərə alınıb. Məktəbdə hazırda 330 şagird təhsil alır və 79 müəllim çalışır.
Nazir daha sonra rayon Tarix-diyarşünaslıq muzeyinə gəldi. Muzeyin də yeni binası bu il sentyabrın 3-də istifadəyə verilib. Masallı Tarix-Diyarşünaslıq Muzeyi 1950-ci ildə yaradılıb və şəhər mərkəzindən 16 kilometr məsafədə yerləşən keçmiş məktəb binasında fəaliyyət göstərirdi. Ölkəmizdə muzey işinin yüksək səviyyədə təşkil olunması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində bu muzeyin də təyinatına uyğun yeni binada yerləşdirilməsi zərurəti yaranmışdı. 2014-cü ildə tikintisinə başlanan inşaat işləri bu ilin iyulunda başa çatdırılıb.
Məlumat verildi ki, ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Burada müstəqillik tariximizə xüsusi yer verilib. Mansard hissəsində rəsm otağı, sərgi zalı, fond otağı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da yaradılıb.
Nazir hər iki müəssisənin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələr verdi.
Fariz Hüseynov