Naxçıvan Muxtar Respublikası ərazisindəki milli mədəniyyət nümunələri, ziyarətgahlar içərisində İmamzadə kitabələri xüsusi yer tutur. Nisbətən salamat vəsiyyətdə gəlib bizə çatmış bu abidələrin bəziləri memarlıq baxımından az tədqiq edilmiş, onlar lazımi səviyyədə öyrənilməmiş, sovet hakimiyyəti illərində diqqətdən kənarda qalmışdır. Ərəbcə «inam» farsca «sadə» sözlərinin birləşməsindən əmələ gələn bu söz «imam övladı», «imam nəslindən olan» mənasını verir. Əsasən Şərq memarlıq quruluşunda olan «İmamzadə» abidələrində olan qəbirlərdə şiə imamlarının övladları dəfn olunmuşlar. Naxçıvan ərazisində və ona yaxın yerlərdəki imamzadələr xalq tərəfindən İmam Museyi-Kazimin övladları ilə əlaqələndirilir. Məsələn, Babək rayonundakı Nehrəm imamzadəsi Seyyid Əqillə, Ordubad rayonunun Düylün kəndindəki pir Seyyid Səffanla, taleyi daim Naxçıvanla bağlı olan Mehri (indiki Ermənistan Respublikası tərkibindədir) rayondakı Buqucar piri Seyyid Əhmədlə bağlıdır. Naxçıvan Muxtar Respublikası ərazisindəki «İmamzadə» adı ilə tanınan, ən məşhur ziyarətgahlardan biri də Naxçıvan şəhərində yerli əhali tərəfindən «imamzadə» adlandırılan memarlıq kompleksidir. Üç binadan ibarət kompleksin əsas özəyini cənub tərəfdə yerləşən türbə təşkil edir. Şəhərin yaşlı əhalisinin söylədiyinə görə bu qəbirdə şiələrin VIII imamı Rzanın oğlu dəfn edilmişdir. 1926-cı ildə Naxçıvanda olan rus alimi V.M. Susoyev muxtar respublikaya səfərinin yekunlarına həsr olunmuş elmi hesabatlarında İmamzadədən danışarkən həmin qəbir haqqında ayrıca bəhs edir. Alim qeyd edir ki, qəbrin yanında müqəddəs sayılan, dindarların öpdüyü iki iri, qara rəngli daş vardır. Bu daşları «hərəkət edən» daşlar adlandıran yerli əhali tərəfindən həmin qəbrin üstündə sonralar türbə inşa edilmişdir. Bu memarlıq kompleksi o cümlədən türbə tədqiqatçılar tərəfindən müxtəlif vaxtlarda qismən də olsa öyrənilmişdir. Hələ ötən əsrin 20-ci illərində Naxçıvanda olmuş etnoqraf Y. Əsimbəyovun yazdığına görə türbənin şimal-qərb tərəfində nəsx xətti ilə (ərəb dilində) yazılmış kitabə olmuşdur. «Bu imarətin bina edilməsini böyük sultan, xaqan, hörmətli əmir, ərəb və ələmlərin hakimi, sultan Əbu Müsəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında, məhrum, günahları bağışlanmış Hacı Fulad bəyin oğlu, zəmanənin xeyirxahı Həsrət Rufai bəy əmr etmişdir. Kitabədə tarix yazılmasa da, əbu Müzəffər Şah Təhmasib Bahadır xan Səfəvi şahı Sultan Hüseynin oğlu adı yazılmışdır. Tarixdə II şah Təhmasib adı ilə tanınan bu adam, 1722-1732-ci illərdə hakimiyyətdə olmuşdur.Burdan belə qənaətə gəlmək olar ki, türbə XVIII əsrin 20-ci illərində inşa olunmuşdur. Bu türbəyə bitişərək, qərbdən giriş qapısı olan bina nisbətən böyük həcmə malik kompleksin mərkəz hissəsini təşkil edir. V. M. Sisoyevin yazdığına görə, kompleksin bu hissəsi Naxçıvan xanlarının məqbərəsi hesab edilirmiş. Alimin məlumatına görə burada Abbasqulu xanın hicri 1337-ci il tarixdə (1918-ci il) vəfat etmiş oğlu Mustafaqulu xan Naxçıvanskinin qəbri var imiş. Kompleksin ikinci salonunda boş daşdan hazırlanmış sənduqə formalı bir qəbirüstü xatirə abidəsi saxlanılır. Sənduqənin sağ və sol yanında lentvari haşiyə şəklində kitabə həkk edilmişdir. Kitabənin mətninin tərcübəsi belədir: «Onun sahibi mərhum Kəlkut şahın qızı mərhumə, günahları bağışlanmış, xoşbəxt şəhid, yüksək Allahın rəhmətinə getmiş Banu Şahbikə Hicri-qəməri tarixinin 906-cı (1500ci ildə ) ilində fani dünyadan əbədi dünyaya köçdü» Dörd il əvvəl İmamzadə ətrafında bərpa- abadlıq işləri aparılarkən torpağın altından başqa bir sənduqə tipli xatirə abidəsi aşkar edilmişdir. Qeyd edək ki İmamzadə kompleksi ziyarətgah olmaqla yanaşı, həm də dəyərli memarlıq abidəsidir. Hüseyn Əliyev Naxçıvan