Tanınmış opera müğənnisi, aktyor, Əməkdar artist Bəhram Əliyev 31 dekabr 2024-cü il tarixində vəfat edib.
Bəhram Babaxan oğlu Əliyev 13 mart 1950-ci ildə Neftçala rayonunda anadan olub. 1979-cu ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki BMA) bitirib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (indiki Akademik Musiqili Teatr), Ş.Məmmədova adına Opera studiyasında, Dövlət Xor Kapellasında çalışıb.
1993-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fəaliyyət göstərib. Tenor səs tembrinə malik yüksək dərəcəli solist olan Bəhram Əliyev teatrın repertuarında olan bir sıra milli və klassik opera tamaşalarında ikinci dərəcəli rolları ifa edib. Buna baxmayaraq onun ifası istər vokal, istərsə də aktyorluq cəhətdən hər zaman professionallığı ilə fərqlənib. Onun Ü.Hacıbəylinin "Koroğlu" operasında ifa etdiyi Həmzə, M.Maqomayevin "Şah İsmayıl" operasında Vəzir, R.Mustafayevin "Vaqif" tamaşasında Əli bəy, F.Əmirovun "Sevil" operasında Məmmədəli bəy, Z.Hacıbəyovun "Aşıq Qərib" operasında Mahmud, habelə C.Puççininin "Çio-Çio-San" operasında Yamadori, R.Leonkovallonun "Payatsı" operasında Kəndli və s. rolları öz fərdiliyi ilə seçilib və sevilib.
Sənətkar "Hicran" (Orxan) və "Evləri köndələn yar" (Qaraş) televiziya tamaşalarında da yaddaqalan obrazlar yaradıb.
Aktyor 2008-ci ildə "Əməkdar artist" fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.