Son illər Naxçıvanın həyatında müşahidə olunan mədəni canlanmada Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin də özünəməxsus rolu var. Şöbə rayonun mədəni-maarif müəssisələrində tarixi gün, hadisə bayram və yubiley şənliklərinin, Naxçıvan MR-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində fəal iştirak edir.

Öz ətrafında  Mərkəzləşdirilmiş Kitabxana Sistemi və 58 kənd kitabxanası, 1 şəhər, 5 kənd musiqi məktəbini, 1 rayon mədəniyyət sarayı, 25 kənd mədəniyyət evi, 38 kənd klubu, 1 dövlət tarix-diyarşünaslıq muzeyi, "Arpaçay qoruq" kompleksi, 104 tarixi abidə, Rza Təhmasib adına Dövlət Xalq Teatrı və "Arpaçay" xalq çalğı alətləri ansamblını birləşdirən strukturun tərkibində şöhrəti dünyanı dolaşan kollektivlər də var. Bunların arasında təbii ki, milli yallı və rəqs nümunələri ilə Azərbaycanı beynəlxalq folklor festivallarında layiqincə tanıdan Şərur Rayon Dövlət Xalq Yallı Ansamblı, eləcə də uşaqlardan ibarət "Uşaq qönçələri" ansamblını qeyd etmək olar. 


Şərur ərazisindəki maddi-mədəniyyət nümunələrindən olan "Oğlanqala", "Ovçular təpəsi" və "Xanlıqlar" dünya əhəmiyyətli abidələr sırasındadır. 
Rayonun mədəni mənzərəsi və il ərzində görülən işlər barədə ətraflı məlumat verən rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rafiq Cəfərov söhbətə tarixi günlərlə əlaqədar keçirilən tədbirlərlə bağlı ümumi məlumatla başladı: "Şöbə tərəfindən ölkəmizin tarixi, milli bayramlarımız və s. kimi önəmli hadisələrlə bağlı hər zaman tədbirlər təşkil olunur.

Belə ki, 20 Yanvar faciəsi və Sədərək döyüşlərinin ildönümü ilə əlaqədar tərtib edilmiş tədbirlər planına müvafiq olaraq kitab, jurnal və fotolardan ibarət sərgilər, guşələr, stendlər buraya gələnlərin diqqətini xüsusilə cəlb edir. Kənd kitabxanalarında, mədəniyyət evləri və klublarda, muzeydə keçirilən konfranslar, kitab müzakirələri, Qarabağ müharibəsi və Sədərək döyüşlərinin şahidləri ilə görüşlər keçirilmiş, ədəbi-bədii kompozisiyalar göstərilmişdir. Mərkəzləşmiş Kitabxana Sistemində  ulu öndər Heydər Əliyevin yubileyi və anım günləri ilə bağlı yığıncaqlar, hər ayın axırıncı həftəsinin cümə günü "Kitabxana günü" adlı tədbir keçirilir.


Uşaq, yeniyetmə və gənc istedadların aşkara çıxarılması, onların estetik və bədii zövqlərinin formalaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədilə Mədəniyyət və Turizm Şöbəsində müxtəlif səpkili tədbirlərlə yanaşı, ədəbi baxış-müsabiqələri də təşkil edilir. Belə ki, ilboyu rayonda "İstedadlar axtarırıq" devizi altında bədii qiraət, mahnı ifaçılığı, rəsm, folklor, rəqs üzrə müsabiqələr keçirilir. Onu da qeyd edim ki, yarışlarda fərqlənən istedadlar Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin ildə bir dəfə keçirdiyi baxış-müsabiqələrinə göndərilir. Məsələn, Rayon Uşaq İncəsənət Məktəbinin skripka şöbəsinin şagirdi Vüsalə Nuriyeva, tar ixtisası üzrə Amin Əliyev MR zona yarışında fərqlənənlər sırasında olmuşdur.


Yeri gəlmişkən  əlavə edim ki, yaxın günlərdə rayon uşaq musiqi məktəbinin yaradılmasının 40 illik yubileyi keçiriləcək. Bununla əlaqədar, geniş tədbirlər planı hazırlamışıq".


Şöbə müdiri ölkə başçısı İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"kı sərəncamının respublikanın bütün kitabxana sistemini əhatə etməsinin fondların  latın qrafikalı ədəbiyyatla komplektləşdirilməsinə böyük təsir göstərdiyini də vurğuladı.


Rayonda abidələrin mühafizəsi işinin də yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran R.Cəfərov, rayon ərazisində tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması, bərpası, qorunması, tədqiqi və təbliği ilə bağlı komissiyanın fəaliyyət göstərdiyini bildirdi. 

H.Əliyev