Azərbaycanda estrada-simfonik orkestrinin yaradılmasında mühüm xidmətləri olan Xalq artisti, klarnet-saksofon ifaçısı, dirijor, bəstəkar Tofiq Əhmədovun (1924–1981) 100 illiyi münasibətilə Heydər Əliyev Sarayında konsert keçirilib.

Yubiley gecəsində Tofiq Əhmədov yaradıcılığının bütün istiqamətlərini əhatə edən - onun həm məşhur əsərləri, həm də az tanınan bəstələri uzun illərdən sonra ilk dəfə səslənib. Konsertdə həmçinin, dahi bəstəkarlarımız Ü. Hacıbəyli, Niyazi, F. Əmirov, Q. Qarayev, T. Quliyev, R.Hacıyev və E. Sabitoğlunun sevimli əsərləri Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-simfonik orkestrinin dirijoru, Əməkdar incəsənət xadimi Vasif Axundov və dirijor Elbəy Məmmədzadənin yeni işləmələrində maraqlı aranjimanlarda təqdim olunub. Gecədə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-simfonik orkestri, Xalq artistləri Ənvər Sadıqov (“Qaytağı” ansamblı), Salman Qəmbərov (“Bakustic Jazz” qrupu), Natəvan Şeyxova eləcə də tanınmış ifaçılar - İlhamə Qasımova, Aynur İsgəndərli, Nigar Cəlilova, Rövşən Qəhrəmanovun ifaları tamaşaçılara unudulmaz emosiyalar bəxş edib.