Bakı ətrafında yerləşən insanların müqəddəs bilib ziyarət etdiyi yerlərdən biri də Pir Həsən piridir. Bu ziyarətgah Bakının Mərdəkan qəsəbəsində yerləşir. Bəzən Pir Həsən ziyarətgahı insanlar arasında "Çildağ" da adlanır. Ona görə ki, bu pirin müqəddəsliyinə tapınan insanlar bura həm də öz qorxularını götürmək, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan "çildağ müalicəsi" almaq məqsədilə üz tuturlar. Əvvəlcə onu qeyd edək ki, digər müqəddəs yerlər kimi bu ziyarətgahda da yalnız sovet imperiyası dağıldıqdan sonra yenidən təmir-bərpa işləri aparılıb.

2000-ci ildə ölkə prezidenti İlham Əliyev ARDNŞ-in vitse-prezidenti olarkən öz təşəbüsü ilə türbə və ətraf ərazidə abadlıq və bərpa işləri gördürüb. Türbə memarlıq abidəsidir və dövlət tərəfindən mühafizə olunur. Əraziyə daxil olmaq üçün üzərində iri tağlar olan iki giriş var. Ziyarətgah bir neçə həyətdən ibarətdir. Bakı ətrafında olan digər ziyarətgahlardan  fərqli olaraq  Pir Həsən piri, xüsusilə də pirə daxil olan türbələr çox sadə üslubda  bərpa olunmaqla yanaşı,  həyətlərindəki yaşıllıqlar, hovuzlar, ağaclar, su boruları ilə xüsusilə diqqəti cəlb edir.


Bu ziyarətgahı digərlərindən fərqləndirən digər xüsusiyyət,  həm də ondan ibarətdir ki, həyətdə ayrı-ayrılıqda üzərində gümbəz olan bir neçə türbə var. Qabaq tərəfdən ziyarətgaha daxil olduqda diqqəti cəlb edən məşhur Azərbaycan milyonçusu Zeynalabdin Tağıyevin heykəlidir. Heykəlin sağ tərəfində kiçik dəmir hasarlarla əhatəyə alınan türbə tikilib. Türbənin mərkəzində Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyev, onun qızı Sara xanımın və repressiya qurbanı olmuş Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri var. Mirzə Əbu Turab 1815-ci ildə Bakının Əmircan kəndində anadan olub. Öz dövrünün mütərrəqi və maarifpərvər şəxsiyyətlərindən sayılan Mirzə Əbu Turab fəlsəfə və din tarixinə dair bir çox kitab və tədqiqatların müəllifi olub. O, ilahiyyat elminin ən görkəmli nümayəndələrindən hesab olunurdu. Axundun təşəbbüsü və xeyir-duası ilə Bakı şəhəri və onun ətrafında bir çox maarif ocaqları açılıb. Doğma Əmircan kəndində açdığı ilk rus-tatar məktəbində isə Axund özü müxtəlif elmlər tədris edib. Axundun qəbri üstündəki türbəni onun xatirəsinə hörmət və etiram əlaməti olaraq Bakı milyonçusu və xeyriyyəçisi Murtuza Muxtarov tikdirib. 1924-cü ildə vəfat etmiş məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev  vəsiyyətinə görə Axundun qəbrinin ayaq tərəfində dəfn olunub. Bunun da öz maraqlı tarixçəsi var. Hətta bununla bağlı bir əhvalat da danışılır. Deyilənlərə görə, bir gün Axund milyonçu ilə söhbət zamanı  deyir ki, bir gün elə ola bilər ki, sənin bütün var dövlətin əlindən çıxa billər və əvvəlki milyonlarından heç bir əsər-əlamət qalmaz. Doğrudan da, Azərbaycanda bolşevik hakimiyyəti qurulur və hacı bir günün içində müflis olur. Məhz bu hadisədən sonra Axundun uzaqgörənliyinə heyrətlənən Hacı Zeynalabdin Tağıyev belə bir vəsiyyət edir.

Çildağ nədir?

Növbəti həyətdə isə insanların ziyarət etdiyi iki müqəddəs türbə yerləşir. Bunlardan biri üzərində qədim gümbəz olan Pir Həsənə məxsusdur. Deyilənlərə görə, əsli-nəcabəti imamlara gedib çıxan Pir Həsən XVII əsrdə yaşayıb və elə çildağ-yəni közlə müalicə də onun dövründən qalıb.
Müsəlman qaydasına uyğun olaraq, əvvəlcə pirin başına üç dəfə dolandıqdan sonra türbənin pilləkənləri ilə aşağı düşüb Pir Həsənin qəbri ziyarət edilir. Demək olar ki, burada olduğum müddətdə bütün ziyarətçilər türbənin içərisində  Pir Həsənin qəbrini ziyarət etdikdən sonra pəncərənin yanında əyləşən çildağçı qadına yaxınlaşır və özlərini bu qeyri-adi müalicə üsulu ilə müalicə etdirirdilər. Bu müalicə vasitəsinin nə üçün məhz Pir Həsənin türbəsinin içərisində icra olunması marağıma səbəb oldu. Çildağçı qadın isə bunun səbəblərini belə izah edir: "İndi Bakı kəndlərində çildağçıların sayı daha çoxdur. Lakin bu müalicə üsulu Pir Həsənin özündən gəlmədir. Onun ölümündən sonra isə müalicənin uğurlu alınması üçün bu qayda məhz onun türbəsində icra edilir".


Çıldağçı qadınla söhbətimdə belə bir nəticəyə gəldim ki, bu müalicə üsulunu insanların üzərində tətbiq etmək heç də hər kəs üçün məqbul sayılmır və bu, irsən keçməlidir. O, bunu belə izah edir: "Biz seyid nəsliyik və  müqəddəs müalicə vasitəsi olan çildağ etməyi bacarmaq da elə nəsildən-nəslə keçib. Mənim anam da çildağçıdır, amma o yorulanda onu mən əvəz edirəm". Qeyd edim ki, çildağ ucunda köz olan siqaretə bənzər əşya ilə  icra edilir. Lakin başqa siqaretlərdən fərqli olaraq, bu siqaretin içərisini qurudulmuş yovşan yarpaqlarından hazırlayırlar. Çıldağçı qadın onu da bildirir ki, bu müalicə üsulu hələ də köhnəlməyib və müalicə üçün onların yanına gələn insanların sayı çoxdur: "Hətta bəzən həkimlər də öz xəstələrini bizim yanımıza göndərirlər". Onu da qeyd edək ki, bu müalicənin özəlliyi həm də ondadır ki, bu,  elektrik işığı altında deyil, yarımqaranlıqda icra edilir. Siqaretin közü əsasən bədəndə olan əsəb nöqtələrinə, alına, qollara, dirsəklərə, sinəyə, mədəyə və ayaqlara basılır. Çildağçı qadın hərəkətləri son dərəcə cəld icra edir və o, bu hərəkətləri edərkən yavaş səslə dua oxuyurdu. İnsanların çoxusu inanır ki, çildağ qorxunun və  stresin qarşısını alır. Bəziləri iddia edir ki, bu müalicə üsulu qorxunu azaltmaqla yanaşı, bədnəzəri də dəf edə bilir.

Hətta əsəb pozğunluğunun da qarşısını almaq effektinə malikdir. Deyilənlərə görə, bəzən avtomobil qəzasına düşən və yata bilməyən insanlar yalnz çildağçıya müraciət edəndən sonra sağala biliblər. Lakin maraqlı burasıdır ki, bu müalicə üsulunun Azərbaycana haradan gəlməsi hələ ki, bəlli deyil. Belə bir ehtimal var ki, bu müalicə  XIII əsrdə Monqol işğalı zamanı Çindən gəlib və getdikcə geniş şəkildə tətbiq edilməyə başlanılıb.  Lakin istər çildağçılar, istərsə də əhali tərəfindən bu ehtimal qəbul edilmir və bildirilir ki, çildağ məhz İslamın müqəddəs kitabı olan Qurandan gəlmədir.

Həzrəti Xədicə xanım

Ziyarətgahda ikinci müqəddəs türbə İslamın yeddinci İmamı Musa əl-Kaziminin qızı Həzrəti Xədicənin qəbri üzərində tikilən türbədir. O da digər bacıları, Həzrəti Həkimə, Həzrəti Rəhimə və Həzrəti Leyla kimi qardaşları səkkizinci imam Rza Əleyhisalam indiki Məşhəd şəhərində şəhid olduqdan sonra təzyiqlərdən canını qurtarmaq üçün Azərbaycana üz tutub.
Təmir-bərpa işləri zamanı ziyarətgaha gələn insanların namaz qılması, dua etməsi və qurban kəsmələri üçün də şərait yaradılıb. Türbələrin arxasındakı həyətdə ikimərtəbəli məscid tikilib.  Məscidin türbəsində günboyu ziyarətçilərin eşidə biləcəyi səsdə müqəddəs hədislər oxunur, dualar edilir. Türbələrlə üzbəüz həyətdə isə qurbangah tikilərək ziyarətçilərin ixtiyarına verilib.

MEHPARƏ