Suraxanı Atəşgahının işığı  bu gün də insanları cəzb etməkdədir

Abşeron! Atəşlə suyun “öpüşdüyü”, odla küləyin “sevişdiyi”, işıqla zülmətin “əlləşdiyi” sirli-soraqlı məkan. Abşeron! Dünyanın “1001  möcüzəsini” sinəsində gizləmiş “sirlər diyarı”. Min illərdir ki, bu diyarda yerin dərin qatlarından  püskürüb çıxan,  torpağın qap-qara “göz yaşları” alışıb yanır... yanır və yandıqca da bitib tükənmir. Min ilərdir ki, yeddi iqlimdən gələn insanlar bu diyarın  əbədi odlarına sitayiş edir, bu odun, atəşin, alovun zəbanə çəkən şöləsində əbədi rahatliq axtarır, “nirvana” qovuşmağı arzulayır.  Abşeron torpağının möcüzələrindən olan Od Məbədi - Suraxanı Atəşgahı isə hələ də öz sirlərini tarixin dərin qatlarında gizlədərək ağsaçlı alimləri imtahana çəkir...

... Bir zərrənin işığına milyonlar şərik.

Məmməd Araz


Alovun küləklə “oynadığı” yer

Ta rixi mənbələrdə yazıldığına görə, "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi, sönməz alovların yerində inşa edilmiş müqədəs ziyarətgahdır. Məbədin ən erkən tikilişi təqribən eramızın 1713-cü ilinə aid edilir. Mərkəzi məbəd-səcdəgah isə 1810-cu ildə hindistanlı  tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.


Atəşgah dənizdən azacıq aralı, Abşeron yarımadasındakı Suraxanı kəndinin cənub-şərq qurtaracağında, neft mədənlərinin yaxınlığında yerləşir. Hazırda bu  məkan hər tərəfdən neft buruqları ilə əhatə olunub. Abidənin tikildiyi yerin relyefi düzənlikdir. Tarixçilərin yazdığına görə, hücrələr və ibadətgah XVII-XIX əsrlər ərzində, müxtəlif vaxtlarda tikilmişdir. Hücrələr XVII əsrin sonlarında ümumi hasara alınmışdır. Belə güman olunur ki, "Atəşgah" Bakıya gələrək burada məskunlaşan və əslən şimali Hindistandan olan sinkhlər təriqətinə mənsub   hind icması tərəfindən inşa edilmişdir.

Atəşgahın orta əsr karvansaralarını xatırladan konstruksiyası planda qapalı beşguşə formasında olub, vaxtilə zəvvarlara xidmət üçün istifadə edilən 24 hücrədən və bir otaqdan ibarətdir. Qapalı beşguşəli divarların əmələ gətirdiyi həyətin ortasında rotonda şəklində ibadətgah var. Məbədin ortasındakı quyudan çıxan təbii qaz  (metan) bir  vaxtlar gecə-gündüz zəbanə çəkərək yanarmış. Atəşgah inşa edilərkən məbədin gümbəzinin dörd küncü üzərində də içərisində yanan qazın şölə saçdıgı daş piyalələr quraşdırılıb. Klassik dördbucaqlı formasında olan Od Məbədinin özü isə hər tərəfdən açıq olan giriş qapıları ilə əhatələnib. Məbədin Balaxanı kəndi istiqamətində olan şimal divarındakı tağın üstündə hind dilində kitabə quraşdırılmışdır. Digər  hücrələrin girişi üzərində də hind əlifbası ilə həkk olunmuş belə kitabələr vardır. İyirmi belə kitabədən yalnız biri farscadır.


Məbədin şimal-şərq tərəfdə, hazırda içərisi tamamilə daşla doldurulmuş dördkünc çala vardır. Vaxtilə burada ölmüş hindlilərin cəsədlərinin  "müqəddəs od"da yandırıldıgı güman olunur.Atəşgahın cənub-şərq tərəfində daşla doldurulmuş daha bir quyu da var. Tədqiqatçılar bunun su quyusu olduğunu zənn edirlər.


Ümumilikdə isə Suraxanı "Atəşgah"ı  əsas məbədin özündən, hind guşənişinlərinin hücrələrindən və zəvvarlar üçün otaqlardan ibarətdir. Bəzi tarixçilərin qənaətinə görə, Atəşgahı hindlilərin planı əsasında yerli ustalar tikmişlər. İslamaqədərki şərq memarlığının mövcud elementləri və stilistikası ilə  o qədər də uyuşmayan Atəşgah bütün dövrlərdə səyyahların, yazıçıların, rəssamların, alimlərin nəzər-diqqətini xüsusilə cəlb edib.

 Maraqlı cəhət orasındadır ki, bu Od Məbədi  kimyaçı-alim Mendeleyevi, məşhur rus rəssamı Vereşşaqini, fransız yazıçısı Aleksandr Dümanı (ata), Nobel qardaşlarını, Cəvahirləl Nehrunu, İndira Qandini, dünyaşöhrətli kinorejissor Rac Kapuru, şərqşünas-alim Dornu və bir çox məşhur şəxsiyyətləri də özünə cəlb edib. Suraxanı Atəşgahında gördüklərindən çox heyrətlənən Düma özünün «Qafqaz səfəri» adlı əsərində bu Od Məbədini olduqca emosional və heyrətamiz bir qələmlə təsvir etmişdir. O, bu barədə belə yazıb: «Bakıdan atəşpərəstlərin müqəddəs məbədi Atəşgaha gedəndə yolun yarıdan çoxu dəniz qırağı ilə uzanırdı. Mənzil başına çatmağımız iki saat çəkdi. Təpəliyə qalxdıqda qarşıda təsəvvürə gəlməyən qəribə bir mənzərə açıldı. Atəşgah dövrəsindəki binalar, tüstü və alov sovuran yüzlərlə irili-xırdalı ağaclar ovuc içi kimi görünürdü. Külək əsdikcə yanan alovun  dilləri sanki qəribə rəqslər edir, gah bulaq kimi qaynayır, gah dalğa tək yan-yörəyə hücum edib şahə qalxır, gah da gözlənilmədən ucalırdı. Elə bir təsəvvür yaranırdı ki, guya külək alovla oynayır, onlar bir-birinə sarılır, sonra bir-birilə əlbəyaxa olurlar. Külək nə qədər cəhd edirdisə, odu, alovu söndürə bilmirdi».

Hind   atəşpərəstləri

VII əsrdə İslam dininin təşəkkül tapması və yayılması ilə əlaqədar başlanan və üç  yüz il davam edən ərəb ekspansiyası dövründə Zərdüştiliyə sarsıdıcı zərbə vurulur. Atəşpərəstlər təqib olunur, atəşgahlar dagıdılır. Güman olunur ki, indiki Atəşgahın yerində qərar tutmuş qədim Od Məbədi də məhz ərəb istilası dövründə dağıdılıb. XV əsrdən sonra Hindistanla yaranan iqtisadi və mədəni əlaqələrin inkişafı nəticəsində hindli atəşpərəstlər yenidən  Abşerona gələrək, Suraxanı Atəşgahını bərpa edirlər. Orta əsr mənbələrindəki məlumatlara görə, XVIII əsrdə atəşpərəst varlı hind tacirləri Suraxanıda, islamaqədərki qədim Atəşgahın yerində  indiki Od Məbədini və hindli zəvvarlar üçün hücrələr tikdirirlər.Atəşpərəst, guşənişin hindlilər oda səcdə edir, tərki-dünya (asket) həyat tərzi sürərək, ruhlarını xilas etmək üçün cismani bədənlərini tələf etməyə çalışırdılar.

Atəşgahdakı kitabələrin məzmunudan da aydın olur ki, Suraxanı atəşpərəstləri hind mənşəli olmuşlar. Atəşgahın özünün ən yüksək tərəqqisinə XVIII əsrdə çatmışdır. Maraqlıdır ki, indiki hücrələr də elə həmin vaxtda ümumi hasara alınmışdır. Tarixi qaynaqlardan aydın olur ki, dünya müsəlmanları üçün müqəddəs  Məkkə və Həcc ziyarəti nə deməkdirsə, bir vaxtlar Suraxanı Atəşgahı da  atəşpərəstlərin həyatinda həmin rolu oynayıb. Tədqiqatçı-alim Şardenin məlumatına görə, XVIII əsrin 60-cı illərində Suraxanı Od Məbədinə əsasən hindli atəşpərəstlərlə yanaşı, həm də yaxın və Orta Şərqdən, İrandan. Əfqanıstandan da atəşpərəst parslar ziyarətə gəlirdilər. Atəşgahın 8 saylı hücrəsindəki farsca tərtib olunmuş kitabədən aydın olur ki, 1745-ci ildə iranlı zərdüştilər od məbədinin daimi ziyarətçilərindən olublar. 1950-ci ildə isə hind alimi Maxapxaputra Unvala Atəşgahdakı 16 kitabəni, o cümlədən farsca yazılmış kitabəni özünün təklif etdiyi  üsulla oxumuş və abidənin fotoşəkillərini çəkərək onları müxtəlif mətbuat vasitələrində dərc etdirmişdir.


Suraxanı Atəşgahının beş kitabəsi tarixçi-alim V.Sısoyev tərəfindən Hindistana göndərilmiş və orada oxunmuşdur. Həmin kitabələr ingilis dilindən rus dilinə tərcümə olunaraq 1946-cı ildə dərc edimişdir. İngiltərə səyyahı Cekson Atəşgahda 18 kitabəni qeyd etmişdir. Onlardan on beşi ithafdır. İlk kitabə 1713-cü ilə, sonuncu 1827-ci ilə aiddir. Rəsmi məlumatlara görə, Atəşgahda yaşayan hindlilərin çoxu Hindistanın şimalından -Lahordan, Tenessirimadan, Kaçbudidən, Multandan və digər yerlərdən gəlirmişlər.Onlar öz aralarında hind dilində danışırmışlar. Həmvətənlərinin - hind tacirlərinin pul yardımından istifadə edən hindlilər günlərini rahatcasına müqəddəs odu sakit-sakit seyr etməklə keçirirmişlər. İbadət işlərinə isə brəhmənlər rəhbərlik edirmiş. 1860-cı ildə akademik B.Dorn Atəşgahda olmuşdur. Bu zaman məbəddə beş hindli var idi. Yerli Bakı sakinlərindən biri B.Dorna məlumat vermişdir ki, hindlilər dörd təriqətə bölünmüşdülər: birinci təriqətin ardıcılları ölülərini odda yandırırdılar(atəşilər), ikincilər onların külünü küləyə sovururdular (badilər), üçüncülər külü suya axıdırdılar (abilər), dördüncülər meyitləri torpağa basdırırdılar (xakilər). 1880-cı ildə Atəşgahda tək qalmış sonuncu hindli də Abşerunu tərk edərərk öz vətəninə- Hindistana qayıdır.

Məbədin  möcüzələri

Bəzi araşdırmaçıların  qənaətinə görə, Od Məbədinin tikintisi eradan əvvələ aiddir. Hazırda dünyada yalnız iki yerdə - Şimali Hindistanda və Azərbaycanda belə bir atəşgah mövcuddur. Atəşpərəstlərin ən ali sitayiş və ibadət məbədi - ziyarətgahı isə məhz Azərbaycandakı Suraxanı Atəşgahıdır. 
Dünyanın ən qədim ziyarətgahlarından olan  Suraxanı Atəşgahına girəndə adama elə gəlir ki, buradan qədim ruhların səsi gəlir. Mərhum ekstrasens Etibar Elkin deyirmiş ki, bura Azərbaycanda ən müqəddəs yerdir və oranı çoxsaylı ruhlar qoruyur. Söhbətlərdən aydın olur ki, Atəşgahın hücrələrinə girən hər bir turist bu məkandakı  qəribəlikləri, daha doğrusu, möcüzələri açıq-aşkar  hiss edə bilər. Məsələn 12 hücrəyə girərkən buradan Atəşgahın həyətindəki  dördkünc tikilinin qübbəsində yanan alova baxdıqda olduqca qəribə mənzərənin şahidi olursan. Bu zaman adama elə gəlir ki, alovun bir addımlıgında dayanmısan. Yaxud 18-ci hücrəyə  girib burada bir qədər dayandıqdan sonra  qəribə səslər eşidirsən. Adama elə gəlir ki, kimlərsə söhbət edirlər. Qarışıq səslər açıq-aydın eşidilir, lakin onların nə danışdıqları başa düşülmür.


Yerli sakinlərdən birinin sözlərinə görə, Atəşgaha girən hər bir kəs buradakı ab-havanın fərqini duyur. Həyətdəki hər bir hücrədə isə vaxtilə barada yaşamış və dünyasını dəyişmiş atəşpərəstlərin qeyri-adi təsirə malik aurasını duymaq mümkündür. Vaxtilə ölmüş atəşpərəstlərin yandırıldığı vannayabənzər daş çuxur isə bu gün də ziyarətə gələnlərdə qeyri-adi duyğular yaradır. Mütəxəssislərin sözlərinə görə, duyğusal və emosional  insanlar Atəşgahı ziyarət edərkən bir sıra izaholumnaz qəribəliklərin şahidi olurlar. Söhbətlərdən aydın olur ki, bu Od Məbədinin həyətində adi ev heyvanları da özlərini qəribə aparırlar.  Deyilənlərə görə, bir dəfə Atəşgaha gələn qonaqlardan biri  hücrələri gəzərkən qapının ağzında hardansa bir pişik peyda olur. Bu adi, hər gün rastlaşdığımız ev heyvanı ziyarətçiyə olduqca qəribə və dəhşətli nəzərlərlə baxaraq anlaşılmaz səslər çıxarmağa başlayır. Sonra isə qonagın üstünə atılmaq istəyimiş kimi dala-dala çəkilərək qəfildən yox olur. Özünü itirmiş qonaq ömründə belə səslər çıxaran pişiyə rast gəlmədiyini söyləyir və bunun Atəşgahdakı ruhlarla bağlı olduğunu bildirir.

Tarixə hörmət, keçmişə qayğı...

Heç də təsadüfi deyil ki, dünyanın unikal turizm guşələrindən olan Abşeron yarımadası və bu məkandakı qədim tarixə malik maddi-mədəniyyət abidələri Azərbaycana gələn hər bir əcnəbi qonaqda xalqımızın zəngin keçmişi və təkrarsız mədəniyyəti barədə güclü təəssürat yaradır. Bu  baxımdan respublika prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci ildə Suraxanıdakı  Atəşgah ərazisinin “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu elan edilməsi ilə bağlı imzaladığı sərəncam mühüm əhəmiyyət kəsb edir.  Sözügedən  dövlət sənədinin preambula hissəsində deyilir:
“Qədim əsrlərdən bəri Azərbaycanda yanan təbii əbədi odlar insanların dini etiqadlarına güclü təsir göstərmiş və oda sitayiş etmək inancı yaratmışdır. İnsanların məbəd kimi qəbul etdiyi yerlərdən biri də Bakı şəhəri Suraxanı rayonunda indiki Atəşgah məbədinin ərazisi olmuşdur. XVII-XVIII əsrlərdə qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində inşa edilmiş bu məbəd 26 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir. Hazırda Atəşgah məbədi “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyinin filialı kimi fəaliyyət göstərir, lakin onun özünəməxsusluğu, unikallığı və YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsi “Atəşgah məbədi” abidəsinin müstəqil fəaliyyəti və mühafizəsinə zərurət yaradır”.
Bu sərəncam həm də ulu tariximizə  hörmət, zəngin keçmişimizə qayğının təzahürüdür. 


Hazırda sahəsi 1368 kvadrat metr, yaxud 0,14 hektar olan «Atəşgah»  1972-ci ildən muzey kimi fəaliyyət göstərsə də 1975-ci ildə  bərpa edildikdən sonra Dövlət Tarix-Arxitektura Muzey-Qoruğunun filialına çevrilmişdir. Əvvəllər olduğu kimi buraya yenə də hər il yüzlərlə turist gəlir. Onların arasında müxtəlif dinlərin nümayəndələri də var. Bu insanların əksəriyyətini Atəşgaha gətirən heç də turist marağı deyildir. Onlar bu müqəddəs məkana - Od Məbədinə öz  ulu əcdadları kimi  həm də ziyarətə gəlir, oda, atəşə, xeyirxah ruhlara dualar oxuyurlar. Novruz bayramlarında isə bura gələn  müsəlmanlar həm də qurbanlar kəsirlər.  Suraxanı Atəşgahı unikal şedevr və milli maddi sərvət kimi bu gün də qədim din olan zərdüştiliyin ardıcılları haqqında ən müfəssəl məlumat verən, bütün yer üzündəki iki nadir atəşgahdan birincisi olaraq qalmaqdadır.

C. Tağıyev