Bu, Naxçıvandır
(əvvəli ötən sayımızda)
Qarabağlar-Elxanilər dövrünün məşhur şəhəri
Naxçıvanın memarlıq inciləri sırasında Kəngərli rayonunun Qarabağlar kəndindəki memarlıq kompleksi özünəməxsus yer tutur. Kompleks iki qoşa minarədən, 16 metr hündürlükdə olan türbədən ibarətdir. Minarə ilə türbənin üst qatı kaşı naxışlarla bəzədilib. Onların arasında qalan 15-20 metr məsafədə isə dini bina qalıqları var.
Dərələyəz dağ silsiləsinin yamaclarında yerləşən bu kəndin də uzaq keçmişi, qədim tarixi olub. Qalacıq deyilən ərazidə insanlar Son Tunc və İlk Dəmir dövründə yaşayıblar. Yaşayış məskəninin adının etimologiysı ilə bağlı deyilənlər də maraqlıdır. Alimlərin fikrincə, Qarabağlar sözü qədim türk tayfası olan kəngərlərin bir qolunun adı ilə bağlı olub. Bu məlumat X əsr müəllifi Konstantin Baqruanarodnının Cənubi Rusiya çöllərində yaşayan peçeneq-kəngərlərin bir tayfasının qarabay adlanması barədə deyilənlərlə tam uzlaşır. Tariximizin orta əsrlər dövründə isə Qarabağlar Azərbaycanın qədim şəhərlərindən biri olub. Onun Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üstündə yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli tərəqqi edib.
Qarabağlar kəndindəki qoşa minarənin XII əsrin sonu XIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birilərinə bağlayan baştağ isə XIV əsrdə inşa olunub. Baştağın üzərində Elxani hökmdarı Hülaki xanın arvadı Quti xatunun adı yazıldığından, onun şərəfinə tikildiyi güman edilir. Heç şübhəsiz ki, Hülaki xan bu şəhərdə yaşayıb.
Sərdabə və yerüstü hissədən ibarət olan Qarabağlar türbəsində qülləvari türbələrin əsas xüsusiyyətləri əks olunub. Abidənin 12 bucaqlı yeraltı sərdabəsinin divarları daşdan, günbəzləri isə kərpicdən hörülüb. Türbənin səthi isə qırmızı və firuzəyi kaşılı kərpiclə örtülərək, həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilib. Kitabə qurşağı isə nəsx xətlə işlənib. Onun memarlıqda başlıca kompozisiya xüsusiyyəti isə 4 baştağlı olmasıdır. Ayrı-ayrı qütblərdə yerləşən bu baştağlar ona dörd fasadlı görkəm verir.
Türbənin konus şəklində olan yuxarı günbəzi və müvafiq kitabələri dağıldığından onun tikilmə tarixini dəqiq müəyyən etmək mümkün olmayıb. Aparılan tədqiqatlar isə Bərdə türbəsi kimi onun XIV əsrin əvvəllərində tikildiyini göstərir. Bu türbələr arasında oxşarlıqlar da çoxdur.
XII əsr türk səyyahı Övliya Çələbi “Səyahətnamə” əsərində Qarabağları meyvə bağları arasında yerləşən böyük şəhər kimi təsvir edib. Onun fikrincə, o dövrdə burada 50 min adam yaşayırdı, çoxlu məscid, minarə, karvansara mövcud olub.
Araz çayı sahilində məğrur abidə
Culfa rayonu ərazisində yerləşən Gülüstan türbəsi memarlıq xüsusiyyətləri baxımından Naxçıvandakı qülləvari türbələr qrupuna daxil olan abidələrdən fərqlənir. Bu abidə ilk növbədə orta əsr Naxçıvan memarlığında əsas tikinti materiallarının yalnız kərpic və kaşıdan olmasını iddia edənlərin fikirlərini alt-üst edir. Türbənin 12 üzlü gövdəsi qırmızı tuf daşlarından, kürsüsü isə iri üzlük daş lövhələrindən inşa olunub. Digər qülləvari türbələr kimi bu abidədə iki hissədən ibarət olsa da, burada sərdabə qatı yerin üst qatında tikilib. Türbənin qülləvari tutumu ilə onu üzərində saxlayan kürsülüyün üzvi bağlılığı təmin edilib. Bu səbəbdən də inşa tarixindən neçə əsrlər ötməsinə baxmayaraq öz vüqarını hələ də saxlaya bilib.
Türbənin səthi daş üzərində həkk olu nan qabartma həndəsi ornamentlərlə bəzədildiyindən o incə və zərif görünür. Halbuki Mömünə xatun və Yusif Küseyir oğlu türbələrində bu cür ornamentlərdən istifadə olunmayıb. Bu ilk növbədə bu abidədə istifadə olunan tikinti materiallarının bu cür xassələrindən irəli gəlib. Abidənin üst çadır örtüyü bütövlükdə dağıdıldığından onun günbəzinin pramida, yoxsa konus biçimli olması ətrafında mübahisələr hələ də davam edir. Abidədə epiqrafik materialın, daş kitabənin olmaması türbənin inşa tarixini dəqiqləşdirməyə imkan vermir. Onun kimin şərəfinə tikildiyi, memarının kim olması da hələlik bəlli deyil.
Mömünə xatun məqbərəsinin təsiri ilə onun XIII əsrin əvvəllərində inşa olunduğu ehtimal olunur. Bu abidə də ölkəmizin iqtisadi qüdrətini göstərir.
Memarlıq abidələrinə isti münasibət
Son on ildə Naxçıvanda aparılan genişmiqyaslı quruculuq tədbirlərinin mühüm bir qolunu da xalqın keçmişinə mənsub olan hər qayanın, hər daşın tarixini yaşatmaq ideyası təşkil edib. Bir çox abidələrdə aparılan əsaslı təmir və yenidənqurma işləri aparılıb. Əlincəçay üzərindəki XIII-XIV əsrlərə aid edilən Xanəgah kompleksi də onlardan biri olub. Deyilənə görə, həmin xanəgahda ustad Nəsiminin müəllimi olan Fəzlullah Nəimi dəfn edilib.
Xanəgah əvəzinə “İmamzadə”lərin meydana gəlməsi Səfəvilər dövrü üçün xarakterik olub. Naxçıvan “İmamzadə”si isə bir kompleks kimi yaranmasını da XVII əsrə aid etmək olar. Son illər bu abidə-kompleksdə də əsaslı təmir işləri aparılıb, ora dindarların ixtiyarına verilib. XVIII əsrdə tikilməsi güman edilən Xan evində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu obyekt də şəhərin ən gözəl tikililərindən birinə çevrilib. İndi burada xalça muzeyi fəaliyyət göstərir. Naxçıvan şəhərində Buzxana kompleksi, Cümə və Zaviyyə məscidləri, İsmayılxan hamamı və digər obyektlərdə də bərpaçı mütəxəssislər bu abidələrin nəfəsini, ruhunu tam duya biliblər.
Naxçıvan şəhərində Köhnə Qala deyilən ərazidə Nuh peyğəmbərin məzarüstü türbəsi bərpa edilir. İki hissədən - sərdabə və türbə hissədən ibarət olan səkkiz guşəli bu abidədə tikinti işləri artıq yekunlaşıb. Kaşı daşlarla işlənən həndəsi ornamentlər abidəyə xüsusi yaraşıq verir. Türbənin çardaq hissəsi isə piramida şəklində işlənib. Naxçıvan MR Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat İdarəsinin bərpaçı mütəxəssisləri 15 metr hündürlüyündə olan bu obyektdə hördükləri muncuq-muncuq kərpiclərdə, saldıqları zərif naxışlarda dahi memarların dəst-xətlərini olduğu kimi təkrarlayıblar. Onu da qeyd edək ki, bu abidə Muxtar Respublika Ali Məclisi sədrinin ”Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” sərəncamına əsasən inşa olunub.
* * *
Təbii ki, əcdadlarımızın özlərindən sonra qoyub getdikləri bütün tarix və mədəniyyət abidələri bu yurdun Azərbaycançılıq möhürü olub. Bu abidələr təkcə varlığımızı və dövlətçiliyimizi yaşatmırlar, onlar həm də zaman-zaman ölkəmizin iqtisadi qüdrətini özlərində təcəssüm etdirirlər. Xalqımızın ümümmilli lideri Heydər Əliyev də dönə-dönə deyirdi: ”Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər, çünki imkanları yoxdur”.
Görünür, Azərbaycan bu cəhətdən xoşbəxt ölkədir.
Məmməd MƏMMƏDOV,
Naxçıvan MR Ali
Məclisinin deputatı,
tarix elmləri namizədi