İnsan Allahın yaratdığı ən üstün varlıqdır. Bəs bu üstünlüyün mahiyyəti nədədir? Müqəddəs kitabımız Quranda deyilir: "Biz onu eşidən və görən yaratdıq". Eşitdiyini anlamaq, gördüyünü dərk etmək. Bəli, məhz budur insanı digər varlıqlardan fərqləndirən və üstün tutan məziyyət. Hikmət xəzinəsi olan Nizami Gəncəvi "İsgəndərnamə" əsərində böyük fatehlərə xitabən yazır:
   
   "Ey şah, elmə, fənnə sən daim yar ol,
   Nadandan, cahildən daim kənar ol!
   Bağlı bir qapıya açar axtarsan,
   Ancaq alimlərdə axtar, taparsan!"
   
   Məşhur fransız filosofu Rene Dekart isə "Düşünürəm, elə isə varam" deyir. Çünki bütün dünya mütəfəkkirlərinə məlum idi ki, təfəkkürdən və elmdən uzaq olmaq yoxluğa bərabərdir.
   Qədim mədəniyyətə malik olan və tarixin bütün keşməkeşlərindən keçib gəlmiş xalqımız saysız-hesabsız elm və incəsənət xadimi yetişdirmişdir. Azərbaycanda elmin və maarifin inkişafında ziyalı qadınlarımızın da mühüm rolu olmuşdur. Ümumiyyətlə, türk xalqlarının qadınları da ağıllı, qeyrətli, sədaqətli və dəyanətli olublar. Tarixə damğasını vuran Qətibə xanım (12 əsr), Sara xatun (15 əsr), Aləmşahbəyim (15-16 əsr), Pəri xanım (16-17 əsrlər), Tuti Bikə (18 əsr), Xurşidbanu Natəvan (19 əsr) və b. qadın şəxsiyyətlərin davamçısı olan Azərbaycan qadını nəcibliyi, ləyaqəti, təmkini, nəzakəti, səmimiyyəti, ədaləti və digər müsbət keyfiyyətləri ilə fərqlənmişdir. Bu mənəvi irsi ləyaqətlə davam etdirən müasir qadınlarımızdan biri də Elmira Əbdül qızı Məmmədovadır. O, 1943-cü ildə Bakıda anadan olub. 174 saylı orta məktəbi (1961) və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rus dili və ədəbiyyatı fakültəsini bitirib (1966). 1967-ci ildən əmək fəaliyyətinə başlamış, 1967-68 illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyində böyük elmi işçi, 1970-ci ildən isə Azərbaycan Ensiklopediyasında (2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rəyasət Heyətinin sədri olduğu "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi) böyük elmi redaktor işləyir. Hazırda "Elmi və ədəbi nəzarət" redaksiyasının müdiridir. Ensiklopediyanın təcrübəli redaktorlarından olan Elmira Məmmədova həmkarları tərəfindən "canlı ensiklopediya" adlandırılır. 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası"nın hazırlanmasına iştirak edən Elmira xanım onlarla kitabın, o cümlədən dünyaşöhrətli bəstəkarımız Arif Məlikovun "Şərq muğamları" (Bakı, 2008), görkəmli alim, akademik Murtuza Nağıyevin 100 illiyinə həsr olunmuş "Akademik Murtuza Fətullaoğlu" (Bakı, 2008) kitablarının redaktorudur. Yüksək intellektual səviyyəyə malik olan, Azərbaycan və rus dillərini mükəmməl bilən Elmira xanım filologiya fakültəsini bitirməsinə baxmayaraq, bütün elm sahələrinə kifayət qədər bələddir. O, elmin humanitar, dəqiq və texniki sahələrinə aid məqalələri uzun illərin redaktorluq təcrübəsi ilə elmi və ədəbi cəhətdən sözün həqiqi mənasında süzgəcdən keçirir, yenidən araşdırır, doğru-dürüstlüyünə əmin olduqdan sonra nəşrinə icazə verir. Dərrakəsi, geniş erudisiyası, möhkəm yaddaşı və düzgün təhlil qabiliyyəti ilə yanaşı, zərif ruhu və təvazökarlığı da onunla işləyənlərə zövq verir. Tarix, filologiya, ədəbiyyat-incəsənət, fəlsəfə, mətbuat, təhsil, coğrafiya, iqtisadiyyat, texnika, fizika-riyaziyyat, kimya-biologiya və digər sahələrdəki məqalələri zərgər dəqiqliyi ilə redaktə edən Elmira xanım əməkdaşlarımızın bütün elmi mübahisələrinə son qoyan "canlı mənbə"dir. Onun bilik və savadına hamı inanır. O, bu etimadı uzun illərdir qazanıb. O, tərcümə və digər materialların redaktəsində mühüm rol oynayır. Gərgin və məsuliyyətli iş prosesinin yaratdığı yorğunluğa baxmayaraq, daim gözlərində təbəssüm görünən Elmira xanımı işləmək həvəsi heç vaxt tərk etmir. Milli adət-ənənələrlə müasir yeniliklər arasında qüsursuz bir ahəng yaradan gənc nəslin nümayəndələri üçün örnək olan Elmira xanım Elmi Mərkəzdə ancaq yaşlı nəslin yox, gənclərin də sevimlisidir. Qəlbində saf imanın bərq vuran nuruyla həmyaşıdlarıma aşıladığı gələcəyə inam, elmə, mədəniyyətə maraq və vətən məhəbbətinin nə vaxtsa öz bəhrəsini verəcəyinə şübhə duymuram. İnsan dünyaya gələn gündən ömür dənəcikləri də həmin andan etibarən həyatın dar boğazından keçərək bir-bir keçmişə yuvarlanmağa başlayır. Keçən hər saniyəni lehimizə və yaxud əleyhimizə çevirmək isə öz əlimizdədir. Allahın yaratdığı ali varlığın dünyadakı ən böyük qazancı elm-mərifət, mənalı ömür, ləyaqətli ad və xatırlandığı zaman simalarda yaratdığı xoş təbəssümdür. Elmira xanım da təbiətindəki mülayimlik, ürəyindəki insan sevgisi, qədirbilənliyi, təfəkkürü və ziyalılığı ilə ailəsi, qohumları, dost-tanışları, iş yoldaşları tərəfindən çox sevilən və həmişə ehtiyac duyulan əziz və möhtərəm bir insandır. Mən xalqımın belə seçkin qadınlarının olmasından qürur duyuram.
   
   Leyla Rizvanova,
   Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin əməkdaşı