Zaman, həyat dəyişdikcə zövqlər, tələblər də dəyişir. Dünyaya inteqrasiya yönündə dəyişmələr bəzən inkişafa müsbət təsir göstərir, hərdən də mentalitetimizə yad əxlaq və dəyərlərin formalaşmasına səbəb olur. Bu gün müstəqil Azərbaycanın yeniləşmiş siması olan paytaxtımız Bakıda genəl dəyişmələr özünü daha çox büruzə verir.
Heç də qəribə deyil ki, həyat və düşüncə dəyişikliyini formalaşdıran ən əsas amil yeniləşən mədəniyyətmiz, incəsənətmizdir. Hər xalqın şifahi, yazılı və tikili tarixi var. Tikili tarix mədəni irsimiz olan abidələrimiz, bu abidələrdə qorunan elementlər, yaşadılan ənənələrdir. Modern düşüncə heç vaxt birmənalı qarşılanmayıb; hər zaman haqlı və haqsız tərəflər olub. Amma tarixi ənənələrə sədaqətli münasibət hər zaman birmənalı olub. Bu baxımdan günbəgün dəyişən paytaxtımızın memarlıq-inşaat layihələri sırasında Azərbaycan memarlığına xas olan elementlərdən get-gedə daha az istifadə olunması narahatçılıq yaradır. Məhz bu üzdən Azərbaycan milli memarlığına aid üslub və cərəyanlardan, forma və metodlardan, milli elementlərdən az istifadə edilməsi təəssüf doğurur.
«Mədəniyyət» qəzetinin səhifələrində «Milli memarlıq elementləri» silsiləsindən şəbəkələrə həsr olunmuş ilk yazıda çağdaş tikililərdə şəbəkələrə az yer verildiyini qeyd etmişdik. Eyni fikri Yaxın və Orta Şərqin ən bitkin memarlıq kompozisiyalarından sayılan baştağlara da aid etmək olar. Uzun sürən inkişafın, memarlarımızın yaradıcılıq axtarışlarının bəhrəsi olan baştağların tikiliyə verdiyi əzəməti, möhtəşəmlik və gözəlliyi, güclü estetik təsiri nəyləsə əvəz etmək mümkün deyil.
Baştağlar hələ qədim zamanlardan dünyəvi, dini, həm də müdafiə tikililərinin fasad həllində işlənib. Hazırda bu ənənə dini tikililərdə, inzibati dünyəvi tikililər silsiləsindən binalarda qorunub, az-çox istifadə olunsa da, şəhərsalmada əsas yer tutan ictimai, yaşayış, məişət və infrastruktur binalarının layihələndirilməsində demək olar ki, özünü göstərmir. Əslində, ta qədimdən (ən azı tikilinin giriş hissəsinin təşkilində) milli memarlıq kompozisiyasına, onların arasında baştağlara geniş yer verirdilər. O çağlar memarlıqda girişin iki növü formalaşmışdı: baştağlar və portallar. Portalların ən bitkin növünə qədim yunan memarlığında, baştağlara isə qədim Misir memarlığında rast gəlinir. Memarlıq alimi Rayihə xanım Əmənzadə XI əsrdən sonra Azərbaycanda milli memarlıq məktəblərinin formalaşdığı dövrdə yaranan baştağları 8 qrupa bölüb: taxça, üz, haşiyə, həcm-məkan, ayrıca dayanan, eyvan, balaxana ilə birləşdirilən və darvaza baştağlar. Haşiyə ilə çevrələnmiş dərin taxça quruluşlu baştağlar XII əsr abidələrində qeydə alınıb, XIV əsrdə Naxçıvandakı, sonralar Bakı və Ərdəbil, Təbriz və Bərdədəki abidələrdə özünü göstərib. Üz baştağların klassik örnəklərinin yaradılması memar Əcəmi Naxçıvaninin adı ilə bağlıdır. Bu nümunələrə Naxçıvan, Marağa, Qəbələ abidələrində rast gəlmək olur. Haşiyə baştağlar işğal altında olan Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli rayonlarında qalan tarixi abidələrdə daha çoxdur. Həcm-məkan baştağlara Bakıda Şirvanşahlar sarayını, Şamaxı abidələrini göstərmək olar. Ayrıca dayanan baştağlardan Naxçıvandakı Qarabağlar kompleksini, Güney Azərbaycanın Sultaniyyə və Təbriz abidələrini, Bakıda Şirvanşahlar sarayının Şərq darvazasını, Gəncədə İmamzadə kompleksini, Buzovnadakı turbəni memarlar daha yüksək dəyərləndirilər. Eyvan baştağlar yenə Şirvanşahlar sarayı məscidində, Qusar, Quba rayonlarındakı türbələrdə, Nardaranda, Gəncədəki qədim tikililərdə özünü göstərir. Balaxana ilə birləşdirilmiş baştağlara Bakıda, Ordubadda, Qubada, Ramanada, Səngəçalda qorunan abidələrdə rast gəlinir. Darvaza baştağlardan Şuşa, Şamaxı, Gəncə, Ordubad bölgələrinin memarlığında daha çox istifadə olunub.
Bu faktlar «Mədəniyyət»in əksər oxucuları üçün tanış olmasa da, tikiliyə dəyər və gözəllik gətirən, onun ilk baxışdan təsir gücünü artıran milli memarlıq elementləri sırasında baştağların nə qədər əhəmiyyətli rol oynadığını təcrübəli memarlarımız yaxşı bilirlər. Paytaxtın İstiqlaliyyət küçəsində «İsmailiyyə»nin, Ədəbiyyat Muzeyi binalarındakı baştağların onları nə qədər gözəlləşdirdiyini görməmək mümkün deyil. Dünya mədəniyyətini, onunla birgə dünya memarlığını Azərbaycan mədəniyyəti və memarlığıyla çuğlaşdırmağa çalışan, ilbəil qədimlə modernin sintezi yollarını təkmilləşdirən memarlarımızın milli elementlərə daha doğma münasibəti, davamlı müraciəti, bizcə, şəhərimizin gözəlliyini artıqmaqla yanaşı, milli köklərə sədaqətin nümayişi olar. Hər birimizin gözü qarşısında olan gözəlliyə şəhər mühitində, Bakının qədim tikililərlə zəngin ərazilərinin yenidən qurulmasında daha önəmli yer verilməsini arzu etmək bizlərin vətəndaş istəyidir.
F.Asimqızı