Şirvanşahlar sarayı Azərbaycan şəhər mədəniyyətinin bünövrəsidir
   
   Azərbaycan şəhər mədəniyyətinin başlanğıcı, nüvəsi, mahiyyəti, İçərişəhərin içərisində balaca içəri şəhər- Şirvanşahlar sarayı.
   
   Öz mükəmməlliyi və memarlıq üslubu ilə bu gün də hər kəsi heyrətləndirən saray elə bil bir əsrin memarlıq nümunəsidir. Bütün Şərq memarlıq üslubundan incəliklə istifadə olunaraq tikilmiş bu kompleks doğrudan da orta əsr memarlığının şah əsəridir.
   Ekspertlərin bildirdiyinə görə, ən yüksək memarlıq xüsusiyyəti onun bir neçə əsr ərzində tikilməsinə baxmayaraq, yüksək səviyyədə cilalanmasıdır.
   Şirvanşahlar saray kompleksinin əsası Azərbaycan tarixində ən uzunömürlü dövlət olan Şirvanşahların hökmdarı I Şeyx İbrahim tərəfindən XV əsrdə qoyulub.
   Saray kompleksinə daxil olan abidələr Bakı Kremlinin - İçərişəhərin ən yüksək təpəsində yerləşir. Bir-birindən fərqli olan üç həyət-terrasda yerləşən ansambl yüksəkdən baxdıqda gözəl rəsm əsərini xatırladır. Gözəl memarlıq forması, daşların yonulması və hörülməsindəki valehedici dəqiqlik, portalın məharətlə oyulmuş xalçavari ornament bəzəyi və günbəzlərlə tamamlanan abidə bu günədək öz formasını itirməyib. Abidə bütövlükdə daşdan ibarətdir. Ansambla saray binası, divanxana, Seyid Yəhya Bakuvinin türbəsi, saray türbəsi, minarəli saray məscidi, hamam və bir qədər sonra tikilən Şərq darvazası portalı daxildir. Kompleksin başlıca tikilisi saray binasıdır. Bina öz lakonik forması, daşların düzülüşündəki işıq oynaqlığı, portalın möhtəşəmliyi, birinci və ikinci mərtəbənin pəncərə və mazğallarındakı şəbəkə ilə nəzər-diqqəti cəlb edir.
   Aşağı həyətdə, yerin altında daha bir maraqlı abidə - XV əsr saray hamamı yerləşir. Hamam bizə uçub-dağılmış formada gəlib çatsa da, qalıqlar binanın rasional kompozisiyaya uyğun olaraq tikildiyini göstərir. Qeyd edək ki, hamam 1939-cu ildə aparılan qazıntılar nəticəsində aşkara çıxıb. Cəmi 26 otaqdan ibarət olan hamam kompleksi həm də sarayda yaşayan insanlar üçün istirahət məkanı olub. Saray əhli burada istirahət edir, qonaq qarşılayır və hətta müqavilələr imzalayırmış. Hamamda soyunub-geyinmə otağı, masaj otağı, tək adamın yuyunması üçün otaqlar olub. Belə ehtimal olunur ki, pilləkənə yaxın içərisi kaşı daşlarla bəzədilmiş otaq şaha məxsus olub.
   1501-ci ildə səfəvilər Bakını zəbt etdikdə, Şirvanşahların hakimiyyətinə son qoyulur və o vaxtdan saray dağıntıya məruz qaldığından içərisindəki bütün əşyalar ya talan edilib, ya da saraydan aparılıb.
   1964-cü ildən abidə «Şirvanşahlar sarayı» Dövlət Tarixi-Memarlıq Qoruq- Muzeyi adlandırılmağa başlayıb.
   Abidədə təmir-bərpa işləri 80-ci illərdən başlasa da, müəyyən səbəblərdən uzun müddət yubanıb. Ümummilli lider Heydər Əliyev 1999-cu ildə Novruz bayramında saraya gəldikdən sonra abidədə təmir-bərpa işləri sürətlənir və 2006-cı ildə başa çatır.
   Vaxtilə Osmanlı imperiyası tərəfindən saraydan aparılan və İstanbulun Əsgəri muzeyində saxlanan zirehli geyimlər, dəbilqələr, köynəklər, qolçaqların ikitərəfli danışıqlar əsasında bu yaxınlarda geri qaytarılması gözlənilir.