Söhbət Heydər Əliyev Fondunun nəşr etdiyi kitablardan gedir
  
   Heydər Əliyev Fondunun geniş istiqamətli layihələrindən biri də kitab nəşridir. Fondun prezidenti, ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fondun nəşriyyatla bağlı planında milli mədəniyyətimizin təbliği və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması mühüm yer tutur.
  
   Muğam sənətimizə Heydər Əliyev Fondunun göstərdiyi qayğı gənc xanəndələrə edilən hamiliklə, Beynəlxalq Muğam Mərkəzinin yaradılması, dünya səviyyəli muğam müsabiqəsinin keçirilməsi ilə bitmədi.
   Belə ki, ötən il Fondun təşəbbüsü ilə Azərbaycan muğamına həsr olunmuş «Muğam ensiklopediyası» işıq üzü gördü. İki cilddən ibarət ensiklopediyada 1300-ə yaxın məqalə - muğama dair terminlərin şərhi, muğam ifaçılarının, bəstəkarların yaradıcılığı barədə məlumatlar, antik dövrdən indiyədək dünyanın böyük alimlərinin muğam barədə fikirləri, elmi əsərləri, musiqi təhsili ocaqları, arxivlər, muzeylər, fondlar, musiqi kollektivləri barədə məlumatlar toplanıb.
   «Muğam ensiklopediyası» layihəsi çərçivəsində hazırlanan «Azərbaycan xanəndələri» səs yazısı kolleksiyasında görkəmli muğam ustalarının təkrarsız ifaları yer alıb. Kolleksiya altı albomdan - «Qarabağ xanəndələri», «Muğam dəstgahları», «Gənc xanəndələr», «Ustad xanəndələr» 5 CD albom və «Muğam ensiklopediyası» elektron multimedia DVD nəşrindən ibarətdir.
   «Muğam ensiklopediyası» layihəsinin gerçəkləşməsi «Bəşər mədəniyyətinin şah əsərləri» siyahısına salınmış Azərbaycan muğamını dünyanın bütün muğamsevərlərinə çatdırmaqla, muğamı öyrənmək, onu anlamaq istəyən hər kəs üçün dərin və ecazkar bir dünya, möhtəşəm muğam dünyası barədə geniş təsəvvür yaradır.
   2008-ci ilin fevral ayında Heydər Əliyev Fondu Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, xalq artisti, ustad xanəndə Arif Babayevin, aprel ayında mahir pianoçu, cazmen Rafiq Babayevin, iyun ayında xalq artisti, kamança ifaçısı Habil Əliyevin və xalq artisti Əlibaba Məmmədovun yaradıcılığından bəhs edən musiqi albomlarını təqdim etdi. Ən müxtəlif arxivlərdən toplanmış materiallar əsasında hazırlanan albomlara təkcə bu musiqiçilərin ifası yazılmış CD-lər yox, həm də görkəmli sənətkarların həyat və yaradıcılığına dair kitablar daxildir.
   Ümumiyyətlə, 2008-ci il Fondun fəaliyyətində maraqlı nəşrlərin, xüsusilə də musiqiyə dair multimedia nümunələrinin, kitabların nəşrinə xüsusilə geniş yer verildi. Sentyabr ayında milli operamızın banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş «Üzeyir dünyası» layihəsi həyata keçirildi. Layihə çərçivəsində «Ömür salnaməsi», «Üzeyir Hacıbəyli ensiklopediyası», «Bədii və publisistik əsərlər» kitabları, «Leyli və Məcnun», «Koroğlu» operaları və «O olmasın, bu olsun» musiqili komediyasının klavir, libretto və CD-ləri hazırlandı. Altmış il ərzində müxtəlif qəzet və jurnallardan, kitablardan, arxiv materiallarından yığılmış fakt və sənədlərdə Üzeyir Hacıbəylinin yaradıcılığı, üzeyirşünaslığa dair əsərlərin tam biblioqrafiyası kitabda öz əksini tapıb.
   Maraqlıdır ki, Heydər Əliyev Fondu öz nəşrlərini təkcə ölkəmizdə bir neçə dildə çap etdirməklə kifayətlənmir, Azərbaycan xalqının görkəmli nümayəndələrinin əsərlərinin həm də xaricdə nəşrinə nail olur. Belə ki, ötən il Fondun təşəbbüsü ilə görkəmli yazıçı, ədəbiyyatşünas-alim və pedaqoq Mir Cəlal Paşayevin «Dirilən adam», «Açıq kitab» romanları, «Göylər adamı», «İdxal xəstəlik», «Möhür və eşq» hekayələr kitabları Fondun dəstəyi ilə Türkiyədə nəfis tərtibatla nəşr edilərək qardaş ölkə ədəbiyyatsevərlərinin ixtiyarına verildi.
   Beş kitabda toplanmış roman və hekayələri türk dilinə Ə.Əliyev və A.Ağayev çevirib. Beşcildlikdə müəllif barədə də geniş məlumat verilib. Azərbaycan ədəbiyyatında roman janrının təməlçilərindən sayılan Mir Cəlal Paşayevin 6 roman və yüzlərlə hekayə müəllifi olması ilə yanaşı, elmi araşdırmaları barədə türkiyəli oxuculara bilgilər çatdırılıb.
   Yazıçı-alimin 100 illik yubileyi münasibətilə tərtib edilmiş «Mir Cəlal -100» fotoalbomun da oxucular maraqla qarşılamışlar. Heydər Əliyev Fondunun xətti ilə çap edilən albomun ilk səhifəsində oxucular filologiya elmləri doktoru, professor, nəşrin tərtibçisi Nərgiz xanım Paşayevanın, görkəmli yazıçının həyat və yaradıcılığı barədə fikirləri ilə tanış olurlar.
   Azərbaycanın elmi-bədii irsinin ən yaxşı nümunələrinin təkrar, həm də əvvəlkilərdən daha nəfis tərtibatda və yüksək poliqrafik keyfiyyətdə nəşr edilməsi Heydər Əliyev Fondunun nəşriyyat fəaliyyətinin prioritet sahələrindəndir. Bu ilin uyun ayında təqdimatı keçirilən Nəsirəddin Tusinin «Əxlaqi-Nasiri» əsərinin latın qrafikası ilə yeni nəşri də bu silsilədəndir.
   Yazıldığı vaxtdan bəri bütün Orta və Yaxın Şərq xalqlarının əxlaq kodeksi kimi qavradığı «Əxlaqi-Nasiri»n təkrar nəşri həm zəngin elmi-bədii irsə ehtiram, həm də əbədi mənəvi-əxlaqi dəyərləri yaşatmaq baxımından önəmlidir.
   Yarandığı gündən Azərbaycan ictimaiyyəti üçün maraq doğura biləcək əsərlərin doğma dilimizə çevrilməsini və çapını öz humanitar missiyasının bir hissəsi hesab edən Heydər Əliyev Fondunun görkəmli rus tarixçisi Rudolf İvanovun əsərlərinin nəşri dediklərimizə sübutdur. Cənab İvanovun tarixi həqiqətləri olduğu kimi əks etdirdiyi «Bayazidin müdafiəsi: həqiqət və yalan», «Əlahəzrətin general-adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan» kiatbları məhz Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görüb.
   Təbii ki, Azərbaycanın zorən qoşulduğu Qarabağ savaşı, bu münaqişənin yaranma tarixi, Xocalı soyqırımı, işğal altındakı torpaqlamızda törədilən vəhşiliklər, maddi-mədəni irsimizin amansızlıqla məhv edilməsi barədə nəşrlər silsiləsi də Fondun daim diqqətindədir.
   İşğal altında inləyən Şuşa şəhərinin tarixi barədə məlumatların əks olunduğu «Şuşa qrafika» kitabı, «Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması», «Qarabağ həqiqətləri» bukletlər toplusu, «Müharibə və tarixi mədəniyyət abidələrimiz» kitabı Azərbaycan, rus, ingilis, fransız və başqa dillərdə çap edilib. Müxtəlif beynəlxalq sərgi və tədbirlərdə yayılan bu sayaq nəşrlər Azərbaycan gerçəkliyinin yüksək səviyyədə təbliğidir.
   Artıq bir neçə ildir ki, Fond adını daşıdığı ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini işıqlandıran maraqlı kitablar nəşr edir. 2005-2007-ci illərdə Fondun dəstəyi ilə «Görkəmli şəxsiyyətlərin həyatı» silsiləsindən «Heydər Əliyev» kitabı bir neçə dildə çap olunub. Ötən ilin payızında isə ulu öndərimizin hikmətli kəlamları toplanmış ikicildlik «Heydər Əliyev. Mudrik fikirlər» kitabı çapdan çıxıb.
   Heydər Əliyev Fondunun nəşr etdirdiyi hər bir kitab yüksək poliqrafiyası ilə də fərqlənir. Amma kitab barədə ən qiymətli fikri kitab özü onu mütaliə edənlərə söyləyir.