Ona el arasında Həzrət Baba ziyarətgahı da deyilir
   
   Qarlı zirvəsi olan dağların əhatəsində insanların yüz illərdir ki, müqəddəsliyinə tapınıb pənah gətirdiyi bir məkan var. Bu, dəniz səviyyəsindən 3629 metr yüksəklikdə yerləşən Babadağ və ya Həzrət Baba ziyarətgahıdır. Həzrət Baba İsmayıllı rayonunun Lahıc kəndindədir. Ziyarətgahın yaranması ilə bağlı xalq arasında maraqlı rəvayətlər dolaşır. Rəvayətlərdən birində deyilir ki, Həzrət Baba Allahın ən çox sevdiyi qullarından biri olub. O, bu dağlarda çobanlıq edirmiş. Həzrət Baba öz ögey anasını çox sevirmiş. Bir dəfə zəmidə bir buğda dənəsi onun ayağı altında qalıb. Həzrət Baba isə çox kədərlənib. O, ögey anası ilə Babadağına çıxıb və Allahdan bağışlanmağını istəyib. Ögey anası dağın ətəyində, Həzrət Baba isə dağın zirvəsində dua edir. Deyilənlərə görə, Həzrət Baba dağın zirvəsində qeyb olub.
   Başqa bir rəvayətə görə, Həzrət Baba Səudiyyə Ərəbistanında yaşayırmış. Sonralar söhbət gedən məkana gəlib. Həzrət Babanın Babadağa gəlişi Ərəbistanda İslamın meydana gəlməsindən sonra baş verib. Deyilənlərə görə, bir məclisdə necə olursa görmür, ayağının altında bir düyü dənəsi qalır. Düyü də bərəkətdir. Elə həmin gecə də Allah yuxusuna girir. Günahını yumaq üçün ona Babadağa getməyi tapşırır. Yolu da başa salır. Elə həmin gecənin səhəri Həzrət Baba ailəsini də götürüb yola çıxır.
   Danışırlar ki, Həzrət Babanın anası Babadağa qalxmaqdan imtina edir, bacısı Ağabikə isə qardaşından ayrılmır, Babadağın zirvəsində məskunlaşırlar.
   Şair Musa Yaqub “Babadağın ağ dumanı” poemasında Həzrət Babanın əvvəlcə Babadağın ətəyində yaşadığını yazır. O vaxtlar tufan, qasırğa bu tərəflərdən - dağların ətəyinə sığınmış kəndlərdən əl çəkmirmiş. Camaatın əkin-biçinini zay edirmiş. Bu işin başında duran da şeytan imiş. Adamlar Həzrət Babanın yanına xahişə gedirlər. Həzrət Baba şeytanı öldürmək üçün onun yaşadığı dağlara qalxır. İndi dəfn edildiyi yerdə yurd salır (belə fikir də var ki, Həzrət Baba qeybə çəkilib. İnsanların ziyarət elədiyi bu qəbir rəmzidir). Həzrət Baba şeytanı öldürə bilməsə də, dağ kəli, dağ keçisi və qartalların köməyi ilə onu qovub ən dərin bir dərəyə salır - camaatı bəladan xilas edir. Şeytanın gizləndiyi həmin dibsiz dərədən indi də uğultu gəlir. İnsanlar o gündən şeytanın yaşadığı həmin dərəyə daş atırlar. Sonra qartal, kəklik, İsgəndər quşları dimdiklərində neçə gün dalbadal dən daşıyıb gətirirlər. Həzrət Baba yer əkir, taxıl yetişdirir. Əkində-biçində dağ heyvanları onun köməyinə gəlir. Sonra Həzrət Babanın ömür-gün yoldaşı Güllü və qızı onun dalınca bu zirvəyə gəlib çıxırlar. Deyirlər ki, ana və qızı ziyarətgahın yamacında, Həzrət Baba isə zirvəsində dəfn olunub.
   Bu dağ ilboyu qarlı olur. Ona görə də bu dağa bəzən Qarlı baba da deyirlər. Ziyarətgahı 7 dəfə ziyarət edən şəxsə «həzrət» deyirlər.
   Həzrət Baba ziyarətgahına yalnız iki tərəfdən - İsmayıllıdan və Qubadan yol var. Bakıdan Lahıc qəsəbəsinə kimi 170 km-dir. Həzrət Baba ziyarətgahına gedən yol Qurbangah deyilən yerdən başlayır.
   Babadağ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.