Əsrlər uzunu xalqımızın müqəddəs bilib ziyarət etdiyi daha bir misilsiz abidə - «Diri baba» türbəsi. Abidə orijinal memarlıq forması, mütənasibliyi, dekorativ bəzək elementlərinin zərifliyi, ətrafdakı təbii mənzərə ilə harmoniya təşkil etməsi və başqa keyfiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının ən maraqlı nümunələrindəndir.
   
   
   Orta əsr Şirvan-Abşeron memarlığına aid olan abidə Qobustan rayonunun inzibati mərkəzi olan Mərəzə qəsəbəsinin yaxınlığında yerləşir. Türbə 1402-ci ildə qayada oyulmuş mağarada əhəng daşından tikilib. Abidənin cənuba baxan bir fasadı var. O biri tərəfləri isə qayanın içindədir. Türbə ikimərtəbəlidir. Birinci mərtəbə səkkizguşəli, günbəzli kiçik dəhlizdən və onun yanındakı çatma tağtavanlı otaqdan, ikinci mərtəbə isə üzəri naxışlarla bəzənmiş dayaqlı günbəzi olan kvadrat formalı böyük salondan ibarətdir. Salona birinci mərtəbənin dəhlizindən ensiz daş pilləkən qalxır. Salon qayanın daxilindəki balaca bir mağara ilə birləşir. Bəs türbə kimin şərəfinə tikilib? Bu barədə fərziyyələr, mülahizələr müxtəlifdir. Azərbaycan Sovet Ensiklopediyasında verilmiş məlumat isə belədir: «Ehtimala görə, mağarada «Diri baba» türbəsinin memarı basdırılıb». Bu fərziyyə inandırıcı görünmür.
   F.Deminski yazır: «Ərəbqədimlilər Qafqaza ilkin gəlişləri ilə əlaqədar belə söyləyirlər ki, Məhəmməd özünü peyğəmbər elan edən zaman onun əmisi Əbu Ləhəb, əmisi oğlanları Əbu Cəhl və Əbu Sufyan onu öldürmək qərarına gəldilər. Bunun ardınca Allah Qurana «Abtar» surəsini göndərdi. Əbu Ləhəbin oğlu Əmir müsəlmanlığı qəbul etmişdi. Onun Məhəmmədə yaxın hesab edilən Atam və Akam adlı iki oğlu var idi. Peyğəmbərin Məkkədən Mədinəyə qayıtmasından sonra Atam başçılıq etdiyi dəstə ilə Şirvana gəlmişdi. Atam burada ölüb, cəsədi isə Mərəzə kəndinin yaxınlığındakı «Diri baba» türbəsində uyuyur. Şirvanda, xüsusilə də, Şamaxı-Qobustan ərazisində ərəb mənşəli kəndlər çoxdur. Ərəbqədim də belə kəndlərdən biridir və kəndin bir qolu indinin özündə də İbn Əmirlər adlanır. Tarixi mənbələr, görkəmli alimlərin apardıqları tədqiqatlar ərəbqədimlilərin Atam ibn Əmir ilə bağlılığını rəvayət yox, həqiqət olduğunu söyləməyə əsas verir. Bütün bunlara əsasən belə bir qənaət yaranır ki, Atam ibn Əmir yaxın qohumu Məhəmməd peyğəmbərin yolunu tutmuş, peyğəmbərin şəcərəsinə mənsub adamlar tərəfindən əsası qoyulan və geniş yayılan sufiliyin Xəlvətiyyə təriqətinin nümayəndələrindən olub. O da Xəlvətiyyə adəti ilə öz qohumu Məhəmməd peyğəmbər kimi yaşadığı ərazinin yaxınlığındakı mağaraya çiləyə çəkilirmiş. Növbəti çilə vaxtı vəfat etdiyinə görə, onu qəlbən Allahla tək qaldığı məkandan ayırmamış, oradaca dəfn etmişlər. Bundan sonra bura ziyarətgaha çevrilib.
   Bu nadir maddi-mədəniyyət incisi haqqında el-oba camaatı arasında müxtəlif rəvayətlər hələ də dolaşmaqdadır. Məlum həqiqət isə budur ki, «Diri baba» müqəddəs bir məkandır və bütün Şirvan eli əsrlər uzunu bu ocağa tapınıb. «Diri baba» bu gün də əzəmətlidir. Ətrafında əsaslı abadlaşdırma işləri aparılıb, yolu qaydaya salınıb, ciddi şəkildə mühafizə olunur. «Diri baba» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.