Bütün dünyada, o cümlədən Azərbaycanda kitabçılıq sənətinin inkişafı eramızın XI əsrinə aid edilir. Həqiqətən də XI əsr kitab mədəniyyəti üçün dönüş əsri olmuşdur. Bu dövrdən başlayaraq daha möhtəşəm əsərlər qələmə alınmış, onların qorunub-saxlanılması üçün kitabxanalar yaradılmışdır. Azərbaycanda da bu sahədə əvəzsiz xidmətlər göstərmiş şəxslər olmuşdur. Onlardan bir neçəsi ilə tanış olmaq yerinə düşərdi.
   
   Belələrindən biri İbn Sinanın tələbəsi, dünyaşöhrətli filosof Əbülhəsən Bəhmənyardır (993-1066). XI əsr Azərbaycan kitabının ən böyük yaradıcısı Bəhmənyarın şəxsi kitabxanası olmuşdur. Bu kitabxana kitablarla zəngin olmuş və Bəhmənyar buranı alimlərin fikir mübadiləsi mərkəzinə çevirmişdir. Kitabxanada onun öz əsərləri də əsas yer tuturdu: “Təhsil kitabı”, “Məntiqə dair zinət kitabı”, “Gözəllik və səadət kitabı”, “Metafizika elminin mövzusu”, “Mövcudatın mərtəbələrinə dair traktat” və s. “Təhsil kitabı” müəllifinə nəinki Azərbaycanda, hətta bütün dünyada böyük şöhrət qazandırmışdır. Əsər ərəb və fars dillərinə tərcümə edilmişdir. Əsərin sonrakı illərdə köçürülmüş fars nüsxələrindən biri Özbəkistanda Biruni adına Şərqşünaslıq İnstitutunda, bir nüsxəsi isə İranda Milli Şura Məclisinin kitabxanasında saxlanılır. Ərəbcə əlyazma nüsxələri dünyanın bir sıra kitabxanalarında (Beyrut, İstanbul, Qahirə, London, Vatikan...) mühafizə edilən, səkkiz əsr dünyanı əlyazma halında dolaşan bu kitab ilk dəfə 1971-ci ildə Tehranda ərəb dilində nəşr olunmuşdur. Əsərin həcmi 900 səhifədir.
   Qədim mənbələrdə qeyd edilir ki, İbn Sina polemik əsərlərinin çoxunu tələbəsi Bəhmənyarın suallarından və kitablarından təsirlənib yazmışdır. İbn Sina “Əl-Mübahəsat” (“Mübahisələr”) adlı kitabını məhz Azərbaycan aliminin yazılı fəlsəfi sualları əsasında araya-ərsəyə gətirmişdir. Bir çox alimlər (Ə.Xunəci, N.Tusi, S.Urməvi...) özlərini Bəhmənyarın şagirdi və ideya davamçısı adlandırmış, qazandıqları nailiyyətlər üçün ona borclu və minnətdar olmuşlar. XII-XIII əsr müəlliflərinin çoxu öz əsərlərində Bəhmənyarın adını misilsiz kitab yaradıcısı, elm fədaisi və özündən sonrakı qələm sahiblərinin bir çoxuna güclü təsir göstərən alim kimi çəkmişdir. Bütün ömrünü kitablara həsr etmiş bu Azərbaycan aliminin zəngin elm xəzinəsi ilə yanaşı, dəyərli bir məsləhəti də bizlər üçün yadigar qalmışdır: “Elə adamlar axtarın ki, onların söhbəti yaxşı kitaba bərabər olsun, elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin”.
   Azərbaycan kitabının inkişafında misilsiz xidmətləri olmuş şəxsiyyətlərdən biri də Xətib Təbrizidir (1030-1109). X.Təbrizinin Təbrizdə zəngin şəxsi kitabxanası olmuşdur. O, Azərbaycan alimi Əbu Mənsur Məhəmməd ƏL-Əzhərinin (895-980) “Təhzibül-lüğə” (“Dilin təmizlənməsi”) kitabını tədqiq edərkən kitabda rastlaşdığı bəzi çətin məsələləri araşdırmaq üçün, həmin kitabı özü ilə götürüb ərəb filosofu Əbül-Üla Müərrinin (973-1057) yanına - Bağdada getmiş və ömrünün sonunadək Bağdadda yaşamış, orada da dəfn edilmişdir. İlk Azərbaycan ədəbiyyat nəzəriyyəçisi kimi tanınan X.Təbrizi Ə.Müərrinin yanına gedərkən hədiyyə olaraq ərəb aliminə şəxsi kitabxanasından bir neçə kitab da aparmışdır. O, Bağdadda dəfn edilərkən həmin kitabların (17 adda) və bütün əsərlərinin sərgisi təşkil edilmişdir. Xətib bir müddət ərəb alimi Ə.Müərrinin yanında təhsil almış və sonralar Nizamülmülkün (1017-1092) 1067-ci ildə təsis etdiyi «Nizamiyyə» mədrəsəsində çalışmışdır. O, burada ədəbiyyatdan dərs demiş, ədəbiyyat kafedrasına başçılıq etmiş və bu təhsil ocağının kitabxanasının müdiri olmuşdur.
   Azərbaycan və dünya kitab nümunələrinin toplanılıb gələcək nəsillərə ötürülməsində N.Tusinin (1201-1274) əməyi isə, sözün əsl mənasında ölçüyəgəlməzdir. Tarixi mənbələrdə qeyd edilir ki, Tusi Qəzvin şəhərinin şimalında tikilmiş Ələmuq qalasında iyirmi ildən artıq həbsdə olarkən burada Həsən Səbbah tərəfindən yaradılmış “Seyyidəna” kitabxanasında müdir işləmişdir. Hülaki xanın göstərişi ilə 1256-cı ildə Tusi həbsdən azad olunmuşdur. Tusinin türk mənşəli olduğunu müəyyənləşdirəndən sonra Hülaki xan onu özünə baş məsləhətçi təyin etmişdir. Bundan sonra Tusi, Hülaki xanın əmri ilə tikdirdiyi Marağa rəsədxanasında kitabxana təşkil edib dünyanın müxtəlif ölkələrindən bura dörd yüz mindən çox kitab toplamışdır. Bu kitabların böyük bir qismi Bağdad, Şam, Əlcəzair, Mosul və digər şəhərlərdən toplanılmışdı. N. Tusi kitab irsinin himayədarı kimi daha iki təqdirəlayiq iş görmüşdür: Bunlardan bir 1258-ci ildə Bağdada yürüş edən Hülaki xanı xəlifə Mötəsim tərəfindən Bağdadda açılmış dini məktəbin kitabxanasında toplanılmış səksən min cild əlyazma kitabı yandırmaq fikrindən daşındırması olmuşdur. Digər xeyirxahlığı da yenə də Hülaki xanla bağlıdır. Belə ki, Hülaki xan Bağdadı fəth etdikdən sonra oranı kitabxanalarında saxlanılan kitablardan heyvanlar üçün axur və tövlə tikilməsində kərpic və daş materialları əvəzinə istifadə olunması barədə göstəriş vermiş, bu məqsəd üçün yaramayan kitabların Dəclə çayına tökülməsinə əmr vermişdir. Lakin Tusi onu bu dəfə də həmin bəd niyyətindən çəkindirə bilmişdir. Çox təəssüf ki, Hülaki xandan sonra Bağdadı zəbt etmiş sərkərdələr, o cümlədən Teymurləng həmin kitablardan tonqal qalamışlar. Şübhəsiz ki, həmin tonqalı türk müəlliflərinin əsərlərindən də alovlanmışdır. Təəssüf hissi ilə onu da qeyd edim ki, 1258-1261-ci illərdə tikilmiş kitabxanadan Tusinin yüz əsərinin hamısı bizə gəlib çatdığı halda, Marağa rəsədxanasındakı kitablardan əsər-əlamət qalmamışdır.
   XIII-XIV əsr Azərbaycan və dünya kitabının himayədarı kimi F.Rəşidəddinin (1247-1318) adı xüsusilə qeyd edilir. O, Elxanilər dövlətinin baş vəziri işləmiş və dörd hökmdarın dövründə ölkənin mədəni həyatına, o cümlədən, təhsilin və kitab sərvətinin inkişafına rəhbərlik Rəşidəddinə tapşırılmışdı. O, Təbriz, Qazaniyyə və b. şəhərlərdə bir çox kitabxanalar təsis etdirmişdir. Özünün adı ilə adlandırılan, Təbrizin şimal-qərbində yerləşən Rəşidiyyə şəhərciyində iki kitabxana, eyni zamanda universitet və onun tərkibində bir kitabxana fəaliyyət göstərmişdir. Altmış mindən çox kitabı olan hər iki kitabxanaya, o cümlədən Azərbaycanın ilk universiteti sayılan «Rəşidiyyə» universitetinin kitabxanasına, şəhərin məscid və şəfa evi kitabxanasına kitablar İran, Hindistan, Misir, Çin, Yunanıstan, Bizans və b. ölkələrdən toplanılmışdı. Bu kitablar arasında Azərbaycan müəlliflərinin kitabları da əsas yer tuturdu. Rəşidəddinin təşkil etdiyi zəngin kitabxanalar N.Tusinin açdığı kitabxanadan sonra ölkənin ikinci böyük elm ocağı hesab edilirdi. Kitab sərvətini qorumaq üçün Rəşidəddin öz himayəsində olan xəttatlara ən zəruri hesab etdiyi kitabların üzünü dəfələrlə köçürtdürüb ölkənin başqa kitabxanalarına göndərirdi ki, təbii fəlakətlər vaxtı xalqın kitab sərvəti itib-batmasın. Çox təəssüf ki, xainlərin xəyanət və yalan məlumatları nəticəsində Ulcaytu xanı zəhərləyib öldürməkdə müqəssir bilinərək Rəşidəddinin ölümünə fərman veriləndən sonra onun məktəbi, kitabxanası, kitab emalatxanası, dağıdılmış, avadanlığı qarət edilmişdir. Qiymətli kitabların bir qismi yandırılmış, bir qismi oğurlanmış və başqa ölkələrin kitabxanalarına daşınmışdır.
   Tarixə nəzər salsaq görərik ki, lap qədim zamanlardan həmişə hansısa bir xalqa zərbə vurmaq üçün, ilk növbədə, onun mədəni sərvətləri, kitabxanaları dağıdılmış, yandırılmış və qarət edilmişdir. Makedoniyalı İsgəndərin «Avesta»nın tibbə aid hissələrini götürərək, qalan hissəsini yandırması buna ən böyük misaldır. Amma unutmaq lazım deyil ki, elmin, ədəbiyyatın sərhəddi olmur, o, təkcə bir xalqa deyil, bütün bəşəriyyətə məxsusdur.
   
   Etibar LƏTİFOV,
   ADMİU-nun IV kurs tələbəsi