Tarixi-mədəni, arxeoloji abidələrimizin sayca çox olduğu bölgələrdən biri də Tovuz rayonudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli qərarına əsasən, rayon ərazisində 64 abidənin olması təsdiqlənib. Onlardan 18-i ölkə ( 2-si memarlıq, 16-sı arxeoloji), 46-sı yerli (32-si memarlıq, 11-i arxeoloji, 1-i monumental xatirə abidəsi, 2-si dekorativ-tətbiqi sənət nümunəsi) əhəmiyyətli olmaqla dövlət tərəfindən mühafizə edilir. Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsi tərəfindən aşağıdakı abidələrə texniki baxış keçirilib.
Ölkə əhəmiyyətli memarlıq abidələrindən olan Yanıqlı kənd məscidi XVII əsrə məxsusdur. Dördbucaqlı formada, kərpicdən inşa olunmuş bu məscid memalıq üslubuna görə Gəncədəki Cümə məscidinə yaxındır.
Hazırda məscid qəza vəziyyətindədir. Məscidin dam örtüyü tamamilə çöküb, divarlarında çatlar əmələ gəlib. Yaxın vaxtlarda abidədə bərpa-möhkəmləndirmə işləri aparılmazsa, o, tamamilə dağıla bilər. Abidə yol qırağında yerləşdiyindən yoldan axan yağış suları məscidin ətrafına yığılır ki, bu da abidənin dağılmasına əsas səbəb olur. İlk növbədə abidə ətrafında drenaj sistemi qurulmalı və yalnız bundan sonra abidədə bərpa işləri aparılmalıdır.
Ölkə əhəmiyyətli memarlıq abidəsi olan Kirzan kəndindəki XII əsr məbədinin bu gün yalnız qalıqları mövcuddur. Abidənin ətrafında elmi-tədqiqat və konservasiya işlərinin aparılması vacibdir.
Yerli əhəmiyyətli memarlıq abidəsi olan ikimərtəbəli yaşayış evi 1880-ci ilə aiddir. Yerli əhəng daşından inşa olunmuş abidənin texniki vəziyyəti qənaətbəxşdir.
XIX əsrə məxsus suvurma qülləsi əhəng daşından inşa olunub. Abidənin dam örtüyü olmadığından divalarında çatlar əmələ gəlib. Məlumat üçün bildiririk ki, abidə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Dəmir Yolu Baş İdarəsinin balansındadır. 4-5 il bundan əvvəl idarə tərəfindən qüllənin sökülməsinə başlanılıb, ancaq müvafiq dövlət qurumlarının müdaxiləsindən sonra bu iş dayandırılıb. Dam örtüyü də o vaxtdan açıq qalıb. Dam örtüyü tezliklə bərpa olunmasa, abidə tezliklə dağıla bilər.
Yerli əhəmiyyətli memarlıq abidələrindən olan ikimərtəbəli, XIX əsrə məxsus yaşayış evi və 1912-ci ildə inşa olunmuş sement zavodunun binası da qəzalı vəziyyətdədir. Çiy kərpicdən inşa olunmuş yaşayış evinin bir hissəsi uçub, qalan hissəsi də uçmaq təhlükəsi qarşısındadır. Qeyd edək ki, binanın nə memarlıq, nə də tarixi əhəmiyyəti olmadığından onun abidə kimi siyahıdan çıxarılması təklif edilib.
Sement zavodunun binasına gəlincə, abidənin yalnız qülləsi qalıb. Tikilinin qalan hissəsi uçub. Elə bu səbəbdən binanın yalnız qülləsinin abidə kimi qorunması təklif olunub.
Bundan əlavə, Tovuz rayonunda bir sıra yeni aşkar olunmuş abidələr də mövcuddur. Bayramlı kəndindəki çay daşından və bişmiş kərpicdən inşa olunmuş körpünün texniki vəziyyəti qaneedicidir.
Yerli əhəmiyyətli memarlıq abidələrindən olan Qazqulu kəndindəki səkkizguşəli türbələr, 1880-ci ildə tikilmiş dəmiryol körpüsünün vəziyyəti qənaətbəxşdir.
Texniki baxışın nəticəsi aşağıdakı abidələrdə bərpa işlərinin aparılmasının vacib olduğunu diktə edir: Ölkə əhəmiyyətli memarlıq abidəsi olan XVII əsrdə inşa olunmuş Yanıqlı kənd məscidi, yerli əhəmiyyətli memarlıq abidələri sayılan Ağbulaq kəndinin yaxınlığındakı məbəd və qala divarlarının qalıqları, Vahidli kənd qəbiristanlığındakı məscid, Yuxarı Öysüzlü kəndindəki XIX əsr türbələri, Yanıqlı kəndindəki 3 ədəd türbələr kompleksi, Yuxarı Öysüzlü kəndindəki Nəsib və Yusif bəylərin XIX əsrə məxsus yaşayış evləri, Düz Qırıqlı kəndindəki XIX əsr məscidi.