Azərbaycanın qardaş İran İslam Respublikası ilə həmsərhəd olan bölgəsində, Araz çayının sahilində, muxtar respublikanın ən qədim rayonlarından olan bir şəhər var - Culfa şəhəri. Bu gün şəhərdə aparılan tikinti-quruculuq işləri günü-gündən genişlənir, mədəniyyət müəssisələri, istirahət parkı, məktəblər yaraşıqlı görkəmi ilə şəhərə gələn qonaqların diqqət mərkəzinə çevrilir. Özünəməxsus turizm imkanlarına malik olan bu qədim oğuz-türk eli özünün tarixi abidələri, qalaları, memarlıq kompleksləri ilə təkcə ölkəmizdə deyil, dünyada məşhurdur. Zəngin tarixi və keçmişi ilə tanınan Culfa şəhərinin turizm imkanları böyükdür. Culfa Şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Fikrət Canməmmədxanovla söhbətimizi də əsasən bu mövzu üzərində qurduq. 
   
   Keçmişə nəzər...
   
   Kür-Araz mədəniyyətini özündə əks etdirən bu bölgədə 6 dünya, 72 ölkə və 119 yerli əhəmiyyətli memarlıq abidəsi var. XIV əsrin sonlarında 1386-1400-cü illərdə Monqol imperiyasının qəddar hökmdarlarından olan Teymurilərə qarşı müdafiə iqamətgahı kimi istifadə olunan olan Əlincə qalası məhz bu diyarda yerləşir.
   Bundan əlavə, ərazidəki Gülüstan türbəsi, Xanəgah Memarlıq Kompleksi, eramızdan əvvəl III-I minilliyə aid Qazançı qalası, Nəhəcir I neyropolu, Nəhəcir I yaşayış yeri dünya əhəmiyyətli abidələr olmaqla yanaşı, keçmiş tariximizdən hərtərəfli və maraqlı məlumatlar verir. Buradakı 197 abidə Azərbaycan memarlıq abidələri tarixində xüsusi yer tutur. Hürufilik təliminin atası Fəzlullah Nəimi 1394-cü ildə faciəli şəkildə Əlincə qalasında qətlə yetirilmişdir. Özünün görkəmli qalaları və digər memarlıq inciləri ilə ölkəmizin tarixində xüsusi yeri olan Culfaya İrandan, Türkiyədən, Rusiyadan və digər ölkələrdən gələn turistlər tarixi abidələrimizin heyranlığına həsrət aparır və çoxlu məlumatlar toplayırlar.
   
   Tarix-diyarşünaslıq muzeyində 300 eksponat var
   
   Fikrət müəllimlə maraqlı söhbətdən aldığımız təəssürat və gördüklərimiz bu qədim diyarın tarix-diyarşünaslıq muzeyində özünü geniş əks etdirir. Yeri gəlmişkən, qeyd edək ki, mədəniyyət və turizm şöbəsinin tabeyində 1 rayon mədəniyyət evi, 14 kənd mədəniyyət evi, 1 şəhər klubu, 2 kənd klubu, 1 mərkəzləşdirilmiş kitabxana, 1 uşaq kitabxanası, 24 kənd kitabxanası, 1 tarix-diyarşünaslıq muzey, "Gülüstan" tarix-mədəniyyət qoruğu, Xanəgah abidələri kompleksi, 197 tarixi abidə, "Araz" hoteli, "Darıdağ arsenal" müalicəvi şəfa ocağı, 2 musiqi məktəbi fəaliyyət göstərir. 1981-ci ildə 50 ədəd eksponatla fəaliyyətə başlayan tarix-diyarşünaslıq muzeyində hazırda 300-ə yaxın eksponat, arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri, eramızdan əvvəl III-I minilliyə aid, eləcə də orta əsrlər mədəniyyətinə aid dövrlərdən xəbər verir. 5 şöbədən ibarət olan muzeydə XVI-XIX əsrlər dövrünə aid, 40-dan çox xalça nümunələri, kilim, cecim, xurcun, heybə, corablar nümayiş etdirilir.
   Müasir dövrdə təşkil olunmuş ekspozisiyada xalqımızın müstəqillik illərində əldə etdiyi nailiyyətlərə aid sənədlər və materiallarla yanaşı, Qarabağ və Sədərək döyüşlərində həlak olmuş şəhidlərə aid fotoşəkillər də tərtib olunmuşdur. Muzeyin sərgi salonu kimi fəaliyyət göstərən foyesində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sərgi stendi də buraya gələnlərə xoş təsir bağışlayır. Tarix-diyarşünaslıq muzeyi rayonun mədəni həyatında əhəmiyyətli bir hadisədir.  

   Turizm nədən xəbər verir?
   
   Məlumat üçün qeyd edək ki, Culfa iki ölkə arasında yerləşdiyi və beynəlxalq keçid məntəqəsi olduğu üçün beynəlxalq şəhər statusuna malikdir. Buradakı 37 yerlik "Araz" hotelinin yaraşıqlı, səliqə-sahmanla bəzədilmiş otaqlarında turistlərin qalması və istirahəti üçün şarait yaradılmışdır. Hotelin müdiri Əli Qafarovla söhbətdən aydın oldu ki, bura gələn turistlər şəraitdən və qulluqdan razılıq edirlər.
   
   42 yaşlı musiqi məktəbi
   
   42 il bundan əvvəl fəaliyyətə başlayan uşaq musiqi məktəbində hazırda 3 şöbə üzrə 9 ixtisas fəaliyyət göstərir. Fortepiano, tar, skripka, kaman, qarmon, balaban ixtisasları üzrə siniflərdə 286 şagirdlə 65 müəllim məşğul olur. Məktəbin direktoru Füzuli Hüseynli ilə sinif otaqlarını gəzirik. Buradakı səliqə-sahman, musiqi otaqlarında keçirilən dərslər istedadlı şagirdlərin musiqi dünyasından xəbər verir. Məktəbdə xüsusi istedada malik olan şagirdlər diqqətimizi cəlb edir. Qeyd etmək lazımdır ki, musiqi məktəbinin kollektivi ötən il Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Elmi Metodiki Mərkəzinin keçirdiyi musiqi məktəblərinin hesabat konsertlərində yüksək yer tutmuş, mədəni kütləvi tədbirlərdə fəal iştirak etmişdir. Məktəbin şagirdi Babayev İlinur balabanla el havalarını gözəl ifa etdiyinə görə muxtar respublika Mədəniyyət və Turizm Nazirliyinin diplomuna layiq görülmüşdür. Musiqi müəllimlərindən Samirə Səfərova, Yasin Babayev, Şükufə Bağırov və başqaları milli musiqimizi şagirdlərə həvəslə öyrədir, öz üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlirlər.
   
   “Darıdağ Arsenal" su müalicəxanası və ya Şəfa ocağı
   
   Culfa şəhərindən 5 kilometr aralıda dağlar qoynunda yerləşən Şəfa ocağında bədənin müxtəlif yerlərindən, sümükdən və əzələ ağrısından əziyyət çəkən xəstələr müalicə olunur. Tarixi XVII-XVIII əsrlərə təsadüf edən bu müalicə ocağı Culfada turizmin inkişafında mühüm yer tutur. Buraya nəinki Azərbaycanın müxtəlif rayonlarından, eləcə də İrandan, Türkiyədən, Rusiyadan və başqa xarici ölkələrdən turistlər gəlirlər. Sanatoriyada xəstələr üçün duş almaq otaqlarında hər cür şərait yaradılmış, ərazidə yenidənqurma və abadlıq işləri görülmüşdür. Burada turistlərin qalması üçün hotel də fəaliyyət göstərir.
   
   Hüseyn ƏLİYEV,
   Naxçıvan