Bakının mərkəzində qərar tutmuş Azərbaycan Dövlət Opera və Balet Teatrının binası memarlıq üslubu və görünüşü baxımından olduqca cəlbedicidir. Teatrın dörd bir tərəfindəki müasir üslublu afişa sütunları, fanarlar binanın görünüşünə xüsusi görkəm verir. XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakını amerikan tipli şəhər hesab edilməsində mühüm rol oynayan tikililər arasında bu binanın xüsusi yeri və özəlliyi ondadır ki, inşa edildiyi dövrdən bu günə qədər teatr binası kimi fəaliyyət göstərib.
Cəmi bir ilə ərsəyə gələn opera teatrı üçün tikilən binanın tarixi çox maraqlıdır. 1910-cu ildə Bakıya məşhur bir xanəndə qadın gəlir. Səsinin ahəngi, özünün gözəlliyi ilə Bakı milyonçularının diqqətini cəlb edir. Deyilənlərə görə, milyonçu Mailov qardaşlarından böyüyü bu xanıma bərk vurulur, ona əlindən gələn hörməti edir. Brilliant üzüklər, sırğalar, zər-zibalı parçalar, libaslar, boyunbağılar, bilərziklər bağışlayır. Mailov qardaşları balıq-kürü taciri idilər. Kür qırağında vətəgə icarəyə götürmüşdülər və balıq-kürü hazırlayan sexləri vardı. Xanıma vurulan bu qardaşlardan böyüyü idi.
Xanəndə xanım gah Birja (Üzeyir Hacıbəyov) küçəsində, gah ağac və taxtadan tikilmiş «Sirk» binasında, gah da «Qış» klubunda konsert verir, böyük müvəffəqiyyət qazanırdı. Qastrol başa çatanda xanəndə xanımın şərəfinə təntənəli vida ziyafəti düzəldirlər. Söhbət zamanı xanımdan soruşurlar ki, bizim şəhərə bir də nə vaxt təşrif gətirəcəksiniz?
Xanım başını bulayıb cavab verir ki, «yəqin ki, heç vaxt. Çünki mən sirk və kazino salonlarında oxumağa adət etməmişəm. Sizin bu gözəl, zəngin Bakıda münasib bir opera binası yoxdur ki, müğənni istedadını, məharətini nümayiş etdirə bilsin». Mailov deyir ki, bir ildən sonra bizim şəhərə gəlin, münasib bina hazır olacaq və onu siz açacaqsınız. Razılaşırlar. Mailov opera binasını layihələşdirməyi arxitektor, məşhur mühəndis Bayevə tapşırır və deyir ki, bu, Tiflisdəki opera binasına oxşamaqla ondan daha gözəl, daha üstün olmalıdır. Hətta o zaman binanın bir ilə hazır olacağına inanmayan Zeynalabdin Tağıyevlə Mailov arasında mübahisə də düşür. Və Mailov binanı bir il əvəzinə səkkiz aya tamamlayır. Opera binası dövrünün ən gözəl memarlıq abidəsi hesab olunurdu. Səs bayıra yayılmasın, içəridə qalsın deyə, tavana başdan-başa ikiqat qalın məxmər, onun üstündən də keçə döşəmişdilər. Salonun, səhnənin əla akustikası var. Mailov xanəndə xanıma teleqram vurur. O da Bakıya gəlir, 1910-cu ildə operanın açılışında iştirak edir və birinci mahnını oxuyur. Şəhərin varlı adamları, musiqi və teatr ustaları açılışda iştirak edirlər. Deyilənlərə görə, xanəndə xanım ariyanı qurtaranda başına pul yağış kimi yağır. Səhnə başdan-başa gül-çiçəyə bürünür…
Opera və Balet Teatrının binasının memarlıq üslubu da maraq doğurur. Əsrin əvvəllərinə aid digər milli memarlıq nümunələrində olduğu kimi, burada da barakko, rokoko elementlərinin, Mavritan üslubunun cizgilərini görmək mümkündür.
Ümumiyyətlə, milli opera sənətinin inkişafı Azərbaycan professional musiqisinin banisi, böyük bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. 1908-ci il yanvarın 25-də Bakıda onun ilk operası olan «Leyli və Məcnun» göstərilib və bununla da Azərbaycan opera sənətinin əsası qoyulub. 1940-cı ildə teatrda ilk Azərbaycan baletinin - Ə.Bədəlbəylinin Azərbaycan xalq musiqisi və klassik balet janrının muğam və ritmik xüsusiyyətləri əsasında yazdığı «Qız qalası»nın tamaşası olub. Məhz həmin vaxtdan Azərbaycan baletinin yaranma tarixi başlanır.