Mayakın işığından gözü qamaşanlar isə nicat yolundan imtina edənlərdir
Ölmədik, bu günü də gördük... Yer üzündə insan hüquqlarına ən çox hörmət edilən məkan, müharibələrə qoşulmayan dövlət, iki düşməni barışdırmaq üçün ən münasib yer, qazancımızın ən etibarlı saxlancı, demokratiyanın dövlət mücəssəməsi sayılan bir ölkədə insanın vicdan və etiqad hüquqlarının pozulmasına dair qərar çıxarıldı.
İsveçrədə müsəlman məscidlərinin minarələrinə qadağa qoyuldu. Özü də elə-belə, kiminsə hökmü ilə yox. Sivil və demokratik ölkəyə yaraşan tərzdə referendum keçirdilər. Əhalinin də 57,5 faizi öz iradəsini bildirərək söylədi ki, bizim ölkəmizə müsəlmanlara dini məbədin yolunu göstərən, ibadətə çağırışın ucadan səsləndiyi memarlıq elementi gərək deyil. Çünki hələ demək olar ki, bir il öncədən bu sayaq təbliğata girişmiş radikal sağçılar - İsveçrə Xalq Partiyası (SVP) xalqı inandırmağa cəhd edir ki, minarə heç də çoxlarının düşündüyü kimi dini rəmz yox, siyasi rəmz daşıyır və onlar hər kəsi ölkənin islamlaşmasına yol verməməyə çağırırlar.
Mən İsveçrədə olmamışam və deyə bilmərəm ki, sayı 350-400 min nəfərə çatan isveçrəli müsəlmanlar ölkənin siyasi-iqtisadi-mədəni həyatında nə qədər fəal iştirak edirlər, yaxud «yerlim, soydaşım, dindaşım» prinsipi ilə «cəmiyyət içində cəmiyyət» formasında yaşayırlar. Son günlər istər Azərbaycan, istər Rusiya, istərsə də Türkiyə saytlarında bu mövzu ətrafında xeyli fikirlər söyləndiyindən belə nəticəyə gəlmək olar ki, İsveçrədə yaşayan müsəlmanların əksəriyyəti Türkiyədən və Balkanlardan gəlmə türklərdir. Hərçənd bu ölkədə XX yüzil boyunca, əsasən Cənubi Azərbaycandan çıxmış xeyli soydaşımız da məskunlaşıb. Ola bilsin ki, onlar ya İsveçrə cəmiyyətinə daha yaxşı assimilyasiya olunublar, ya da İran mühacirləri olduqları üçün onları türk əsilli yox, fars mənşəli hesab edirlər.
Buradaca bir haşiyə də çıxaq ki, ümumiyyətlə, Azərbaycan və Türkiyə türklərinin Avropaya axınının motivləri fərqlidir. Məsələn, bizimkilər (istər Cənubdan, istər Şimaldan) ya siyasi dözümsüzlükdən, ya da daha yaxşı təhsil almaq və həmin cəmiyyətdə öz yerini tapmaq niyyətindən üz tutublarsa, Anadolu türklərinin böyük əksəriyyəti öz əməyini daha baha satmaq niyyətilə qürbət çəkməyə razılaşırlar. İkincilərin yeni düşdükləri cəmiyyətə qaynayıb-qarışmaq, onun yaşam standartlarına uyğunlaşmaq istəyi olmadığından bir anklav şəklində yaşamaq, yalnız özününkülərlə oturub-durmaq, öz adət-ənənələrinə qapanmaq meyli təbii ki, ətrafda istər-istəməz psixoloji qıcıq doğura bilər.
Amma yenə də İsveçrə sağçılarının ölkənin islamlaşması hürküsü yersizdir. Ən azından ona görə ki, bu müddət ərzində internet məkanında yayılan fikirlər arasında İsveçrə müsəlmanlarını təmsil edən bir mənəvi liderin bu məsələyə münasibətinə rast gəlmədim. Belə çıxır ki, 7,7 milyon əhalisi olan İsveçrədəki təxminən 400 minlik müsəlmanların sözü keçərli mənəvi lideri hələ də formalaşmayıb. Təəssüf...
Öz mövqeyimizi, dini hissiyyatımızı bir kənara qoyub, bu məsələyə fərqli mövqedən yanaşaq. Yanaşaq və düşünək ki, niyə müsəlmanların tam mütəşəkkil olmadığı İsveçrədə nə vaxtsa ölkənin islamlaşmasından ehtiyat edirlər. Özü də bu məsələ məhz «xalqçı»ları narahat edir?
Çünki bu ilin fevral ayında ölkə parlamenti - yəni sosial-demokratların, xristian-demokratların, yaşıl və radikal sağçı partiyaların təmsilçiləri minarə məsələsini dörd saat müzakirə edəndən sonra minarələrin ucaldılmasına qadağa qoyulmasını qəbul etməmişdilər. Hərçənd radikallar hələ o vaxt bu məsələni müzakirə etmək istəməmiş, əvvəlcə xalqın fikrini öyrənmək üçün referendum keçirməyin vacib olduğunu söyləmişdilər. Deməli, onlar beynəlxalq siyasi oyunlara qoşulmayan dinc ölkənin siyasiləşməmiş əhalisinə daha çox arxalanırmışlar, nəinki hadisələri daha böyük miqyasda görən, geniş düşünən insanlara. Elə son günlər də üzü Vatikandan bəri, Fransanın xarici işlər naziri Bernar Kuşneye, İsveçrə hökumətinin ədliyyə nazirinədək Avropanın ən mötəbər söz sahiblərinin bu qərarı pislədiyi gündəmdədir. Amma İsveçrə əhalisinin yarıdan çoxu öz iradəsini bildirib.
Maraqlıdır, görən, əslində Qurani-Kərimdə göstərilən, tövsiyə olunan əsl insani dəyərlərin dövlət qanunları səviyyəsində formalaşdığı İsveçrə cəmiyyətində bu islamlaşma qorxusu, minarə hürküsü, elmi dildə desək, islamofobiya nədən qidalanır, haradan cücərir? Avropada anklav şəklində yaşayan Türkiyə türklərinin, yaxud qeyri-müsəlmanların bunda heç günahı yoxmu? Doğrudan da, biz müsəlmanlığımızı yalnız zahiri seçkinliyimizlə, ibadət edib bayramlarımızı qeyd etmək, ya da dini matəmlərimizi gözləməklə bitmiş hesab edirik? Bəs Quran ayələrindəki hikmətlərin müasir elm tərəfindən təsdiqləndiyi barədə polemikalara qoşula bilirikmi? Əgər qürbətdəyiksə, yaşamaq üçün seçdiyimiz həmin məkandakı insanların dilində öz milli-dini dəyərlərimizi anladıb hörmət qazanmağı bacarırıqmı? Çətin suallardır, elə deyil?
Gəlin, köklü isveçrəlinin yalnız pul qazanmaq, başını saxlamaq naminə onun ölkəsinə gələn müsəlman qastrabayterə (bir qarın çörəkçün işləyən gəlmə) münasibətini anlamaq üçün bir paralel aparaq.
Kimsəyə sirr deyil ki, bu gün Bakıda da, digər şəhərlərimizdə də ən ucuz işçi qüvvəsi çinlilərdir. Çünki bir qarın çörək üçün ən ağır və çirkli işləri görməyə də hazırdırlar, özlərindən 2 dəfə ağır satlıq malı sürüyə-sürüyə küçələri dolaşmağa da. Onların güzəranı ilə tanış olanlar and içirlər ki, kommunal şəraiti olmayan 10 kvadratmetrlik bir otaqda azı 7-8 nəfər çinli qastrabayter kirayəşin qalır. Kim nə deyir desin, hansısa azərbaycanlının çinli qastrabayterdən qədim Çin mədəni abidələri, ya Tibet buddist zahidlərinin fəlsəfi görüşləri, ya da Çin milli operası barədə nəsə eşitdiyinə inanmaram. Sıravi azərbaycanlı ilə qastrabayter çinlinin söhbəti Pekin malı ilə Urumçi malının fərqlərindən uzağa getməz. İndi özünüz deyin, bir neçə ildən sonra şəhərimizdə bir paqodanın peyda olduğunu, şəhərimizdəki çinlilərin də orada ibadət etdiyini görəndə ən azından çaş-baş qalacacağıq. Düzdür, biz tolerantlıqda ad çıxarmışıq və başımıza gələn müsibətlərin qarşısında mənəvi gücümüzü itirmədiyimizdən isveçrəli xalqçılar kimi də hərəkət etmərik. Amma hər halda...
Yaxın Şərq və İslam məsələləri üzrə tanınmış avropalı ekspert, Ərəb ölkələri və Aralıq dənizi ölkələri öyrənən Cenevrə Araşdırmalar Mərkəzinin (CERMAM) analitiki Kyara Sulmoni isə deyir ki, bu sayaq fobiyalar müsəlmanların Qərb ölkələrinə inteqrasiyası prosesini ləngidə, həmçinin müsəlman ölkələri ilə münasibətə siyasi-iqtisadi səviyyələrdə zərər vura bilər. Artıq İslam Konfransı Təşkilatı İsveçrə hökumətindən referendumun nəticələrinə münasibət bildirməyi tələb edib. Hökumətin qərarının da nə olacağı təxminən bəllidir. Amma bu, necə deyərlər, məsələnin siyasi tərəfidir. Psixoloji tərəfini isə biz, necə bacardıqsa, eləcə də çözələdik.
Yazını başa vurmaq istəyəndə yenə də bir qədər İnternet məkanında dolaşıb mövzuya dair xəbər axtardım. İsveçrənin ATS xəbər agentliyinin yaydığı bir xəbərdən aydın oldu ki, dekabrın 2-də Lozanna şəhərində «Hamımız müsəlmanıq» adlı etiraz aksiyası keçirilb. Beş minə qədər yerli sakin «Ayrı-seçkiliyə yox» şüarlı plakatlarla silahlanaraq şəhər məscidinə qədər yürüş ediblər. Düzü, bu xəbərdə mənimçün iki məqam qaranlıq qaldı. Birincisi, niyə, camaat sağçı partiyanın Lozanna qərargahına yox, məscidə qədər yürüş edir?
İkincisi, görəsən, «Hamımız müsəlmanıq» şüarını söyləyən etirazçılar bu ifadənin qondarma yox, elmi cəhətdən sübut olunmuş fikir olduğunu bilirlərmi? Əgər bizdə də bilməyən varsa, deyim, bilsinlər, - savabdı. Savadı ilə öyünmək kimi çıxmasın, Qurandakı «hər kəs dünyaya müsəlman kimi gəlir» fikrinin elmi sübutu var: ana bətnində ciftlə nəfəs alan dölün ağ ciyərlərinin kavernalarının şəkli «La ilahə-illəllah» yazısının eynidir. İnsan dünyaya gəlib oksigenlə nəfəs almağa başlayan kimi həmin «yazı» pozulur.
Gülcahan MİRMƏMMƏD
P.S. Yeri gəlmişkən, minarə söhbəti gündəmə gələndə bu sözün mənasını axtardım. Minarə kəlməsinin ərəb dilində bir mənası da mayak deməkdir. İndi özünüz deyin, səmtini azanlara düzgün yol göstərən mayak işığından gözləri qamaşanlara nə demək olar?