Pul dövriyyə, alqı-satqı vasitəsi olmaqla yanaşı, həm də özünəməxsus bir tarixdir. Bu gün Azərbaycan Milli Tarix Muzeyində qorunan qədim sikkələrdə qədim və orta əsrlərin mühüm hadisələri «gizlənib». Bu sikkə dəfinələri dövlətçilik və mədəniyyət tariximizin bir sıra problemlərinin həllinə yardımçı olub.
İlk sikkələr Makedoniyalı İsgəndərin dövrünə aid edilir. Bu gümüş sikkələr «draxma» adlanırdı. Makedoniyalı İsgəndərin yürüşlərindən sonra Şərqdə ticarət dünyəvi xarakter aldı. Bütün antik ölkələr, Yaxın və Orta Şərq bu ticarətə cəlb olundu. Eradan əvvəl II əsrdə isə Böyük İpək Yolunun meydana gəlməsi Azərbaycanı da bu ticarətə yaxından cəlb edirdi. Həmin dövrdə mis pullardan istifadə olunurdu. Azərbaycanda pul zərbinə ilk dəfə eradan əvvəl III əsrdə başlandı. Pul dövriyyəsi həm də regionun siyasi vəziyyətini əks etdirirdi. Təsadüfi deyil ki, III-VII əsrlərdə regionda və ona qonşu ölkələrdə köklü sosial-iqtisadi və siyasi proseslər baş verirdi. Bir dövlət meydana gəlir, sonra onu digəri əvəz edirdi. Onların arasında davamlı qanlı müharibələr baş verirdi. İranda Parfiya dövlətini Sasanilər dövləti əvəz etmişdi. Sasanilər Azərbaycanın şimalına böyük strateji əhəmiyyət verirdi. Bunu o dövrün sikkələri də sübut edir. Çünki Qafqaz Albaniyasında aparılan arxeoloji qazıntılar zamanı III-VII əsr Sasani gümüş pulları aşkar olunmuşdu. Sasani pulunun yeganə nümunəsi 1963-cü ildə Qəbələdə tapılıb. Burada bizim eranın birinci əsrinə aid Roma və Parfiya sikkələri də aşkar olunub. Sonrakı dövrlərə aid olan Sasani gümüş sikkələrinin də üzərində şahənşahların baş hissəsi əks edilib. Pulların arxa hissəsində isə məbəd təsviri və bir də onun aid olduğu tayfanın dilində yazı olurdu. Azərbaycan VII əsrdə ərəb istilasına məruz qaldıqdan sonra xilafətin pul dövriyyəsinə qatılır. IX-XI əsr Azərbaycan feodal dövlətlərinin, o cümlədən Şirvanşahlar-Məzhədilər, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətlərinin sikkələri, xüsusən də gümüs dirhəmlər nəinki Azərbaycanın daxili bazarının tələbatını ödəyir, hətta Qafqazda Xilafət sikkələri ilə yanası bir növ beynəlxalq pul vahidi rolunu da oynayırdı. XV-XVI əsrlərdə Şirvanşah sikkələri - təngələr bütün Qafqazda ödəniş vasitəsi hesab edilirdi. Ölkənin cənubunda isə bir-birinin ardınca turkdilli sülalələr - Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövlətləri meydana gəlirdi. Həmin dövlətlər gümüş və qızıl sikkələr kəsirdi. XVI əsrin əvvəlində Səfəvilər dövlətində buraxılan pullar müəyyən mənada həmin dövlətin iqtisadi gücünə də dəlalət edirdi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə görə Azərbaycanın simal hissəsi Rusiyanın tərkibinə keçdikdən sonra xanlıqlara sikkə kəsməyə qadağa qoyuldu. Azərbaycan ümumrusiya pul dövriyyəsinə daxil edildi.
Beləliklə, Azərbaycan ərazisində arxeoloji axtarışlar zamanı aşkar edilən müxtəlif dövrlərə aid pul nümunələri bu gün tarixi irsimiz kimi qorunur.