Təkraredilməz relyefə, təbiətə malik və çoxsaylı abidələrlə zəngin olan tarixi məkan... Elə bir məkan ki, hər qarışında tarixin rənglərdə təsviri ilə rastlaşırsan. Bu gözəlliyi özündə əks etdirən yer Ağstafa rayonunda yerləşən “Keşikçidağ” mağaralar kompleksidir.
Qoruq Ceyrançöldə, Gürcüstan sərhəddinə yaxın ərazidə qum daşlardan ibarət monastır kompleksidir. 2007-ci ilin sonlarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksi «Keşikçidağ» Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.
Ulu əcdadlarımızın sitayiş və sığınacaq yeri olan mağaralar bu günə qədər qorunub. Ərazidə monastır-memarlıq abidələri ilə yanaşı, 10-larla mağara-məbəd kompleksi var. Bunların çoxunda xristianlığa dair mövzularda freskalar işlənib. Maraq doğuran məqam ondan ibarətdir ki, mağaraların divarlarındakı rəsmlər sistemli deyil, pərakəndə şəkildə işlənib. Deməli, rəsmlər qeyri-peşəkar rəssam tərəfindən çəkilib. Freskalar əsasən müxtəlif dini səhnə və obrazları əks etdirir. Bu faktın özü deməyə imkan verir ki, sözügedən mağaralar çox-çox əvvəllərdən mövcud olub. Mağaraların birinin divarlarında müxtəlif ölçü və formada xaç işarələrinə də rast gəlmək mümkündür. Böyük ölçüdə təsvir edilən xaç rus provoslav kilsəsinə aiddir. Bu da ehtimal yaradır ki, freskaları işləyən rəssam rus mənşəli olub. Freskalarda diqqətçəkən mövzulardan biri də xristianlıqda məşhur olan «Sirli axşam» mövzusudur.
Mağara-məbəd kompleksindəki freskaların işlənmə tarixinə gəlincə, onları XIX əsrin birinci yarısına aid etmək olar. “Keşikçidağ”da yerləşən məbəd-monastırların memarlıq quruluşu da maraq doğurur. Onlar Azərbaycan ərazisindəki alban məbədləri ilə eynilik təşkil edir. Məsələn, mağaraların bəzisi kvadrat formalıdır. Tavanları isə günbəzşəkillidir və hisdən qaralıb. Mağaralarda qəbirlər də aşkar edilib. Onlar qum daşından ibarət döşəmədə səliqə ilə qazılıb. Qəbirlərdən tapılan kəllələr də maraq doğurur. Məlumdur ki, İslam dininin Cənubi Qafqazda yayılması ilə əlaqədar olaraq Gürcüstanla həmsərhəd bölgədə yaşayan alban əhalisinin kiçik bir qismi gürcü xristianlığının təsir dairəsində qalıb və tədricən assimliyasiyaya uğrayıb. «Keşikçidağ» qoruğundakı qəbirlərdən birində həm gürcü, həm də azərbaycanlılara məxsus kəllələrin aşkar edilməsi də məhz bu tarixi hadisələrlərin sübutlarındandır. Hətta bəzi qəbirlərdə tapılan kəllələrin orta əsrlərdə assimliyasiyaya uğrayaraq gürcüləşmiş albanlara aid olduğu bildirilir. Deməli, «Keşikçidağ» tarixi bir məkan olmaqla yanaşı, həm də Azərbaycan və Gürcüstan arasındakı çoxəsrlik mədəni-dostluq əlaqələrinin özünəməxsus bir rəmzi kimi də dəyərləndirilə bilər.