YUNESKO-nun siyahısında İçərişəhər
   
   İçərişəhər Azərbaycan şəhər mədəniyyətinin başlanğıcı, nüvəsi, mahiyyətidir. Bu məkan bizim qədimliyimizin, kiçik şəhər icmasından böyük şəhər sivilizasiyasına yüksəlməyimizin daşlaşan sübutudur. Şəhəri dörd tərəfdən əhatəyə alan qala divarları, Qız qalası, Şirvanşahlar sarayı, bu tikililərə bizləri aparan dolanbac küçələr və s. tariximizin dərin keçmişindən xəbər verir.
   Tarixçilərin qənaətincə, İçərişəhərin təxminən 4000-5000 il yaşı var. Bu zaman kəsiyi ərzində bir neçə mədəni təbəqə formalaşıb. Təsadüfi deyil ki, şəhər tarixi və mədəni inci hesab edilir. Tarix boyu orada tikilən binalar və çəkilən yollar İçərişəhərdə təkrarolunmazlıq ruhunu yaradıb. Minilliklər boyu İçərişəhər zamanın sınağından çıxaraq öz orijinallığını və dəyişilməzliyini saxlayıb. İçərişəhərin memarlıq üslubu dünya, o cümlədən Şərq memarlıq üslublarından seçilir. Məhz bu səbəbdən orta əsrlərdə müharibələr zamanı bakılı ustaları Orta Asiyaya, Bağdada, Misirə aparırdılar. Qanunlara və adətlərə görə, İçərişəhər kiçik bir sivilizasiya hesab edilir. Çünki qanunlar həm varlı, həm də kasıblar üçün eyni olub. Onu da qeyd edək ki, İçərişəhərdə XII və ondan əvvəlki əsrlərdə tikilən yaşayış evlərindən bizim dövrümüzə gəlib çatanı yoxdur. Yalnız XIII, XIV, XV əsrlərdən bizə hamamlar, məscidlər, saraylar yadigar qalıb. Bundan başqa, Şirvanşahlar sarayının yaxınlığında aparılan qazıntı zamanı qədim evlər və küçələr üzə çıxıb. Ekspertlərin hesablamalarına görə, İçərişəhərin səviyyəsi təxminən 6-8 metr qalxıb. Buna mədən qatı deyirlər. İndi də burada elə yaşayış evləri var ki, onların birinci mərtəbəsi zirzəmiyə çevrilib. İçərişəhər qala divarları ilə birlikdə 2000-ci ildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil olub.
   
   Şirvanşahlar sarayı
   
   Qədimdə İçərişəhərin mərkəzi Şirvanşahlar sarayı sayılır və İçərişəhərin içərisində balaca şəhər hesab olunurdu. Öz mükəmməliyi və memarlıq üslubu ilə bu gün də hər kəsi heyrətləndirən saray elə bil bir əsrin memarlıq nümunəsidir. Bütün Şərq memarlıq üslubundan incəliklə istifadə olunaraq tikilmiş bu kompleks doğrudan da orta əsr memarlığının şah əsəridir.
   Ekspertlərin bildirdiyinə görə, ən yüksək memarlıq xüsusiyyəti onun bir neçə əsr ərzində tikilməsinə baxmayaraq, yüksək səviyyədə cilalanmasıdır.
   Şirvanşahlar saray kompleksinin əsası Azərbaycan tarixində ən uzunömürlü dövlət olan Şirvanşahlar tərəfindən XV əsrdə, Şirvanşah I Şeyx İbrahimin dövründə qoyulub. Bina öz lakonik forması, daşların düzülüşündəki işıq oynaqlığı, portalının möhtəşəmliyi, birinci və ikinci mərtəbənin pəncərə və mağzallarındakı şəbəkə ilə nəzər-diqqəti cəlb edir. Saray kompleksinə daxil olan abidələr Bakı “Kremli”nin - "İçərişəhər"in ən yüksək təpəsində yerləşir. Bir-birindən fərqli olan üç həyət-terrasda yerləşən ansambl yüksəkdən baxdıqda gözəl rəsm əsərini xatırladır. Gözəl memarlıq forması, daşların yonulması və hörülməsindəki valehedici dəqiqlik, portalın məharətlə oyulmuş xalçavari ornament bəzəyi və günbəzlərlə tamamlanan abidə bu günədək öz formasını itirməyib. Abidə bütövlükdə daşdan ibarətdir. Ansambla saray binası, divanxana, Seyid Yəhya Bakuvinin türbəsi, saray türbəsi, minarəli saray məscidi, hamam və bir qədər sonra tikilən Şərq darvazası portalı daxildir. Kompleksin başlıca tikilisi saray binasıdır.
   Şirvanşahlar sarayı 2003-cü ildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil olub.
   
   
   Qız qalası
   
   Şərq aləmində və Azərbaycan tarixində özünəməxsus yer tutan qədim və gözəl abidələrdən biri - Bakının, eləcə də Azərbaycanın simvolu - Qız qalası. Memarlıq üslubuna görə abidənin Şərqdə analoqu yoxdur. Abidənin qeyri-adiliyi və orijinallığı tək Azərbaycan yox, həmçinin bütün dünya alimləri üçün hər zaman maraq doğurub. Bakının ən müəmmalı və əzəmətli abidəsi olan abidə bu gün də hər şeydən çox öz bənzərsiz forması ilə diqqət çəkir. İnsanlar ölkəmizin tarix və memarlığının unikal nümunəsi olan Qız qalasını təkcə dini, müdafiə və elmi (astronomik) baxımdan deyil, həm də ezoterik baxımdan çox əhəmiyyətli hesab edirlər. Qalanın hündürlüyü 28 metrdir.
   8 mərtəbəli, silindr formalı görünüşə malik olan bu müdafiə qurğusunun divarları aşağı mərtəbələrdə 5, yuxarı mərtəbələrdə isə 4 metr qalınlığındadır. Belə etimal olunur ki, hərbi əməliyyatlar zamanı Qız qalasında 250 adam yerləşə bilirdi. Tikilinin tarixi və təyinatı ətrafında çoxsaylı mübahisələr getməkdədir. Qız qalasının tikilmə tarixi hələ də məlum deyil. Çox zaman onu XII əsrə aid edirlər. Qala dəfələrlə - orta əsrlərdə, XIX əsrin ortalarında, sonuncu dəfə isə 1960-cı illərdə bərpa olunub. Təəssüf ki, bərpa zamanı tikilinin bəzi elementləri və onun ilkin görünüşü dəyişdirilib. 1964-cü ildə qala muzey elan olunub, 2000-ci ildə YUNESKO-nun abidələri siyahısına daxil edilib.
   
   Qobustan qoruğu
   
   Qobustanın ən qədim qayaüstü rəsmləri, ən qədim abidələri Üst Paleolit dövrünün sonuna, eramızdan 35 min il əvvəlki dövrə aid olunur. Abidə Azərbaycanda ovçuluğun və balıqçılığın olmasını sübut edir. Qobustanın nadir abidələri ilk dəfə 1939-cu ildə İshaq Cəfərzadə tərəfindən aşkar edilib. Sonra onun davamçıları Firuzə Muradova və Cəfərqulu Rüstəmov tərəfindən tədqiq olunub. Altı min rəsmdən ibarət olan Qobustan qayaüstü təsvirləri nadir incilərdəndir. Bu unikal rəsmlər kolleksiyası həm də qayaüstü incəsənətin 40 min illik tarixə malik olduğunu sübuta yetirir. Eyni zamanda, bu məkan tarixə qədərki dövrlə orta əsrlər dövrü arasında mədəni inkişafın necə getdiyinə şahidlik edir. Qobustan Mezeolit dövrü qayaüstü rəsmlərinin ibtidai incəsənətin və əhalinin dini görüşlərinin, xüsusilə ovsun-totem inamlarının öyrənilməsində əhəmiyyəti çox böyükdür. Burada qadın rəsmləri, müxtəlif siluetlər həkk olunub.
   Azərbaycan Respublikası Nazirlər Sovetinin 503-cü qərarına görə 1966-cı ildə Qobustanın Böyükdaş, Kiçikdaş və Çingizdağ və Yazılı təpə əraziləri Qobustan qoruğu elan edilib. O, 4500 hektar ərazini əhatə edir. Burada 6 mindən artıq qayüstü rəsmlər və müxtəlif fondlarda 100 mindən artıq arxeoloji materiallar saxlanılır. Arxeoloqlar tərəfindən 20 sığınacaq aşkar edilib, 40-a yaxın kurqan qeydə alınıb.
   (davamı səh. 13-də)
   (əvvəli səh. 12-də)
   
   Qoruq 2006-ci ildə milli status alıb, 2007-ci ildə isə YUNESKO-nun Mədəni İrs Siyahısına salınıb.
   
   Muğam
   
   Muğam Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Bu söz ərəb dilində işlənən "məqam" sözündən yaranıb. "Məqam" sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas notu alətin bir pərdəsində olduğu üçün bu ad verilib. Muğam təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olub, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən xalqlara uyğun parçalanıb. Klassik Şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarətdir. Azərbaycanda 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Humayun"dur. Keçən əsrin 70-ci illərinin əvvəllərində Sovet İttifaqında YUNESKO-nun himayəsi altında keçirilən beynəlxalq festivallar orijinal musiqi mədəniyyəti kimi Azərbaycan muğam sənətini Qərbə tanıtdı. O vaxtdan Azərbaycan muğamı dünya mədəniyyəti məkanına daxil olmağa başlayıb. 2003-cü ildə YUNESKO Azərbaycan muğamını "Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri" siyahısına daxil etdi və bununla da muğamın bədii təkrarolunmazlığını və dünya mədəniyyəti üçün dəyərini təsdiq etdi. 2002-ci ilin noyabrında Azərbaycan muğamı YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-maddi İrsinin şah əsəri elan olunub.
   
   Aşıq sənəti
   
   Aşıq sənəti Azərbaycanın qədim folklor nümunələrindən biridir. Başqa dillərə hərfi mənada "aşiq", "vurğun" kimi tərcümə edilən bu sənətin sahibləri öz elinin, öz xalqının "aşiqi" olublar. Daim sadə xalqa yaxın olan, onların dərdini öz dərdləri, sevinclərini öz sevincləri bilən aşıqlar illər uzunu sinələrindəki sazı dilləndirməklə şeiri musiqiyə çevirib, sadə insanların dərdinə də, sevincinə də şərik olublar. Əvvəllər bütün kənd şənliklərini, toylarını aşıqlar aparar, onların xüsusi məclisi qurular, aralarında deyişmələr olar, ibrətamiz fikirlər səsləndirilər, sonda bir aşıq digərini qıfılbənd edərdi. Türk xalqlarının simvolu olan bu musiqi aləti həm də zaman-zaman onların yaradıcılığını ortaya qoyub. Maraqlıdır ki, digər musiqi alətlərindən fərqli olaraq, saz öz ətrafında həm gözəl nitq, həm mükəmməl obraz, həm dərin mənalı şeir və həm də ibrətamiz əhvalatları, yəni dastanları birləşdirə bilib. Elə ona görə də aşıq sənətinin nümayəndələrinin hansı kateqoriyaya aid edilməsi bu günə qədər mübahisə doğurur: Onlar şair, musiqiçi, müəllim, yoxsa filosofdurlar? Əslində, məntiq etibarilə, bütün bu xüsusiyyətləri özündə birləşdirə bilən aşıq sənətini Allahın insana bəxş etdiyi sərvət adlandırmaq daha düzgün olardı.
   Orta əsrlərdə Aşıq Qurbani və onun ardıcılları Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh, Dəllək Murad kimi ustadlar klassik aşıq yaradıcılığının əsasını qoymaqla, Azərbaycanda aşıq sənətinin inkişafına təkan veriblər. Bu gün gənc ifaçıları dinləyəndə görürsən ki, saz sənətini bizlərə miras qoyan, həm də daha da kamilləşdirərək gələcək nəsillərə ötürən Dədə Əmrah, Hüseyn Saraclı, Xındı Məmməd, Aşıq Kamandar, Ədalət Nəsibov, Aşıq Əkbər, Xanlar Məhərrəmov və digərlərinin çox layiqli davamçıları var.
   Aşıq sənəti 2009-cu ilin 28 sentyabr-2 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Komitəsinin 4-cü sessiyası zamanı təşkilatın Qeyri-maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilib.
   
   Novruz bayramı
   
   Novruz bir çox türk xalqları ilə bərabər Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürdə daşlaşmış bayramdır.
   Bu bayramın elmi-mifoloji şərhi ilə əlaqədar olaraq elmi düşüncədə müxtəlif mülahizələr var və onların böyük əksəriyyəti Novruzun bahar bayramı olması fikrinə əsaslanır. Novruz gecə ilə gündüzün bərabərləşməsi, xeyir qüvvələrin şər qüvvələr üzərində qələbə çalması və əkinçilik həyatının başlanğıcını özündə təcəssüm etdirən bir bayramdır. Qeyd edək ki, tarixi olduqca qədimlərə gedib çıxan Novruzu dini inanclarla da bağlayırlar. Lakin mütəxəssislər Novruzun təbiət bayramı olduğunu bildirirlər. Bəzi türk xalqlarının yaddaşında Novruz Ərgənokon, bozqurd, qurtuluş və ya bahar bayramı kimi həkk olunub. Ərgənokon dastanında türk soylarından birinin 4 yüz il dağlar arasında yaşadıqdan sonra azadlığa çıxdığı günün məhz Novruza təsadüf etdiyi göstərilir. Bununla yanaşı, İslam dinində Novruz Həzrət Əlinin taxta çıxdığı və ya Həzrət Əlinin Fatimeyi Zəhra ilə izdivaca girdiyi gün ilə də əlaqələndirilir. Novruz bayramının semantikasında xalq meydan tamaşalarından tutmuş, ayrı-ayrı mövsümi atributlara, kulinar atributlarına qədər bu "mifoloji yol"un izləri özünü qoruyub-saxlayıb. Xalqımızın əziz bayramı olan Novruz Azərbaycanla, yanaşı bir çox ölkələrdə də qeyd olunur. Bu səbəbdən 2009-cu ildə YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ siyahısına Azərbaycan, Hindistan, İran İslam Respublikası, Qırğızıstan, Özbəkistan, Pakistan və Türkiyənin beynəlmiləl bayramı kimi daxil edilib.
   
   Mehparə