Azərbaycan milli rəqs sənətimizin ustadlarından olan Əminə Dilbazinin ifasında gözəllik, təbiilik duyulduğu kimi, şirin, koloritli danışığı da bənzərsizdir. Yaşının bu vədəsinəcən şuxluğunu saxlayan sənətkarımızın son vaxtlar üzünü gülər görmək olmur. Bir yandan müharibə ağrıları, o biri yandan da… görkəmli rəqqas müəyyən məsələlərdən çox sıxılır. Bir zamanlar qazandığı ad-sanı, fəxri ad və təltifləri «onlar keçmişdə qaldı» söyləyən rəqs ulduzumuzun ürəyinə xal salmaq insafdan deyil. Çox şeyi özünə dərd eləməsinə qıymadığım Əminə xanımı sıxıntılı, üzüntülü vəziyyətdən qurtarmaq üçün dilə tutub yola gətirmək lazımıydı. Və deyəsən, bunu bacardım. Hərçənd «ürəyinizdən keçənləri söyləyin, yüngülləşərsiz» deməklə söhbətə körpü salanda bir balaca duruxdu. «A dərdin alem, nə yazajaxsan» - bir növ etiraza, könülsüzlüyə oxşayırdı. Amma Əminə xanım heç vədə kimsənin gözünə cod, adamayovuşmaz görünməyib. Elə bu səbəbdən yenə başqa təəssürat yaratmaq fikrindən daşındı. Uzun illərdən bəri onu, mərhum həyat yoldaşı, bəstəkar Cövdət Hacıyevi tanıyan, bu evi dəfələrlə gedib-gələn biri kimi, Əminə xanımla söhbətlərimizdə ərkyana şəkildə zarafatımdan qalmadığımdan incə damarından yapışdım. «Başımıza söz qəhət olmaz» deyib, ürəyini bir az da yuxaltdım və yavaş-yavaş başladıq dərdləşməyə:
   
   - Vallah, heç başım açılmer. Ev-eşik bir yandan, zənglər, gəlif-gedən də bir yandan. Ora-bura çağırırlar, gedəmmerəm… Ayə, baxma ey, huşum-başım yerindədi, ta əvvəlki adam döyüləm. Qabaq bir gündə on yerə yüyürürdüm. O «Sönməyən ulduzlar» assosiasiyası var ha, neçə il oranın fəal üzvü kimi tədbirlərində iştirak eləmişəm. İndi görörəm, daha çatdırammıram. Qojalıx yaman şeymiş. Qapını ki, kəsdirdi, yaxanı qalıp əlində.
   -Nə qocalıq deyib durmusuz, Əminə xanım. Sizə qoja deməyə adamın dilimi dönər?
   -Allah amandı, gör nətəri bizim qazaxlılar kimi danışer. Ayə bə niyə son vaxtlar tez-tez gəlif gaplaşmersan. Vallah, hər dəfə səsini eşidəndə, sənnən danışanda o qədər gülörəm, gözümnən yaş gəler. Görüm, səni xoşbəxt olasan, dərd-sərimi unutdurorsan. Yoxsa, inan o qədər şeyin fikrin çəkerəm. Məni ən çox narahat eləyən, kədərləndirən camaatın vəziyyəti, müharibədi. İyirmi ildən artıqdı xalqımız əsir-yesir qalıf bu müharibənin əlində. Cavanlar qırılıf, torpaqlar gedif, öy-eşiklər, abidələr dağılıf. Düşmənin ürəyi bundan soyumuyuf, ölülərimizi də qəristanlıqda rahat yatmağa qoymorlar. İnan Allaha, bəzən ailəm, balarım, ajdığım-susuzduğum yadımnan çıxer. Qabaq yenə kiminsə işinin dalınca yüyürördüm. Ta ona güc-qüvvə qalmıyıf. Doxsannandı. Buna görə yaşı özümə dərd eliyirəm. Yoxsa, bir canım var dana, özümə qalsa, nəyin fikrini çəkəsiyəm. Amma olmor, hər şeyi ürəyimə saleram. İnnən belə xasiyyətmi dəyişəjəh. Əvvəldən tərsəm, elə də qalmışam.
   -Bu «tərsliknən» rəqsdə nə əcəb duruş gətirmisiz?
   -Mənim həyatım tərs-məssəf işdərnən doludu. Heç ağlıma gəlerdimi ki, rəqqasə olajam. Məktəbdə oxuyanda gimnastika ilə məşğul olordum. Nə isə, günlərin birində məktəbimizə yuxarıdan xəbər eleyellər ki, qoçaq uşaxlardan bir qrup göndərsinlər gürcü məktəbinə. İndi 7 nömrəli məktəb yerləşir orda. Sözün qısası, gəldik məktəbə. Sən demə, rəqs ansamblı yaratmaq üçün uşaxlar seçmək istiyirmişlər. Nə isə, onu oynadıf yoxladılar, bunu oynadıf yoxladılar, növbə çatdı mana. Dedim, mən oynuyan döyüləm. Çox dedim az eşitdilər. Axırda qaldım çar-naçar. Dedilər, nə oynayajaxsan. Qayıtdım ki, bizdə idmanda əl hərəkəti eləyəndə «hoptsa», «hoptsa» deyirik, elə olarmı? Razılaşdılar. İndii qalmışam belə, «hoptsa» deyə-deyə atılıf-düşörəm, camaat da uğunuf gedir. Axırı, dedilər, bəsdi. Deyinə-deyinə evə yollandım. Aradan bir neçə gün keçmiş məktəbə xəbər çatdırdılar ki, bəs o «hoptsa» deyən qız yenə gəlsin. Lap cinnəndim. Getdim ora. Dedim, məni ələ salıfsız, keçən dəfə aləmi üstümə güldürdüz, bəs eləmədimi? Qaçıf aradan çıxmax istiyəndə, tutuf geri qaytardılar. Və beləcə duyumun, hərəkətin yaxşıdı deyif, məni rəqsə yazdılar. 15-16 yaşım vardı onda…
   -Demək, zornan da rəqqasə olarmış, özü də əlasınnan!
   - Açığı, bizi ki, başladılar öyrətməyə, bir-iki aydan sonra rəqsə məhəbbətim yarandı. Üstəlik bizə maaş da verirdilər. Çətin vaxtlarıydı. Atamız rəhmətə getmişdi. Anam üç uşaqnan təkcə qalmışdı. Mən qazandığım pulnan evə kömək eleyerdim. Bir müddət ötdü, kollektivimiz filarmoniyanın mahnı və rəqs ansamblı oldu. Maddi vəziyyətimiz lap yaxşılaşdı. Mənnən o vaxt rəqsə gələnlərdən ancaq rəhmətlik Əlibaba Abdullayev sənətkar kimi ad qazandı.
   - Sənətinizin şahlıq dövründə «Çinar» ansamblını yaratmaq fikri hardan meydana çıxdı?
    - Bizim qadınlarımız tarix boyu qəhrəmanlıqlarıyla kişilərdən geri qalmıyıflar. Mən də istədim ki, qadınlarımızın hünərini, qeyrətini göstərim. Həkimləri sevdiyimdən ansamblı indiki Tibb Universitetində yaratmaq qərarına gəldim. Qaldı ad məsələsinə, təsadüfi döyül. Bilirsiz ki, çinar xalqımıza məxsus qədim, uzunömürlü ağacdı. Çinar sox vaxt cavanların məhəbbətinin şahidi olor axı. Rəqs də savanlıx, məhəbbətdi. Düz əlli ildi bu ansambl yaşıyır. Ölüm, haraları gəzməmişik «Çinar»nan.
   - Bir vaxt rejissor Tofiq İsmayılov haqqınızda «Prima» adlı bədii-sənədli film çəkdi. Noldu filmin taleyi?
   - Allah Tofiq müəllimə can sağlığı versin. Min bir əzab-əziyyətnən, haralardan pul tapıb o filmi ərsəyə gətirdi. Şərtimiz də o vədə bu oldu ki, nə vaxt yubileyim keçirilsə, onda göstəriləjəh. Yubiluyin də biri keçif, biri duror. Dərdin alem, bu qədər danışdıx, amma deyəjəyimin biri qaldı axı: Vaxtilə elini-obasını, torpağını sevən milyonçularımız nə qədər adamın əlinnən tutuflar. Belə oğlanlarımız indi də var. Qoy onlar unutmasınlar ki, yaxşılıx qayıdıf yiyəsini tapır. Belələri sənətkarına, aliminə kömək-dirək dursalar, ağsaqqalarımızın, ağbirçəklərimizin də dərdi yüngülləşər. Sovetin vaxtında canımı-qanımı, cavanlığımı sənətə qurban vermişəm, axır illərəcən dizimi qatdıyıf öydə oturmamışam. Əvəzində, yadınızdadı, bir ara mənim kimi yüzlərnən adamlar nə günə düşmüşdü. Doğrudanmı biz buna layiqiydik. Yenə sağ olsun dövlətimiz, sonradan bizi əməlli-başlı təmin eləyən təqaüd ayırdı. Nə qədər sənətkara mənzil verildi. Bunlar zarafat məsələ döyül. Güzəranımız əvvəlkinə baxanda xeyli yaxşılaşıb. Giley-güzar eləmək insafdan olmaz.
   - Amma öz aramızdı, buracan gələsən, doxsanın belini qırmayasan, adama insafsız deməzlər?
   - Sağ ol dərdin alem, Allah mətləbini versin. Yəqin, buracan gətirən, inşallah bir azca da qıyar...
   - Elə isə bugünkü doxsanın mübarək, Əminə xanım. Qaldı bircə addım: yüz-düz...
   Seymur Elsevər
   P.S. Yubilyarı təbrik edən çoxsaylı sənətsevərlər sırasına Teatr Xadimləri İttifaqının əməkdaşları da qoşuldu.