Artıq 9 ildir Azərbaycan teleməkanında telekanalların sayı artmaqdadır. Bu gün ölkənin ən ucqar nöqtələrində tamaşaçılar kabel və peyk antenasız 8 telekanalı izləyə bilirlər. 9 il ərzində telekanallar heç bir tənqid və təklifi nəzərə almadan (bəzi istisnalar olmaqla) teleefirdə müxtəlif tipli ucuz layihələr həyata keçiriblər. Hətta bu müddət ərzində ölkədə teleekran tərbiyəsi görmüş bir nəsil də yetişdiriblər. Kəskin şəkildə demək olar ki, bu nəslin marağında mətbəx, ulduz yarışması, sentimental seriallar, bayağı şoular, gülünc və aldadıcı tok-şoular durur. Bu ümumi bir baxış idi. İndi isə konkret məqamlara toxunaq.
  

 “Sözüm var”dan
   “İrsimiz”ə
   
   Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yerli televiziyalarda şou-proqramların çoxluğuna narazılıq ifadə edən məqaləsinindən artıq 3 ay keçməkdədir. Gəlin nəzər yetirək, görək nə dəyişib?
   ATV-dən başlayaq, çünki ən çox tənqid olunan və bu mövzuda qınaq obyektinə çevirilən bir telekanaldır. Sözügedən məqalədən dərhal sonra ATV-də “İrsimiz” adlı veriliş peyda oldu. Adı koloritli səslənən bu veriliş aktyor Əbdül Mahmudovun təqdimatında efirə çıxdı. Əbdül müəllim Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin tənqid etdiyi verilişlərdən birinin (“Sözüm var”) jürilərindən idi. Özü də “İrs”ə qədər dəfələrlə teletənqidçilər və peşəkarlar tərəfindən tənqid olunan meyxana şoularının. Bu yaxınlarda Əbdül bəy ATV-ni “El içində” tok-şousunda jurnalist İsrail Musayevin “gənclərimiz intellektual olmalıdır, kitab oxumalı və savadlı olmalıdırlar” ifadəsinə etiraz edərək və İsrail bəyə “mən sizə nifrət edirəm” deyərək verilişi tərk etdi.
   Ümumiyyətlə, ATV-də heç nə dəyişməyib. Maqazin proqramlar yerində, 3-cü və 4-cü dərəcəli müğənnilərin geyimləri, qarderobları və şəxsi həyatları gündəmdə. Hələ üstəlik “Yağ kimi” öz adının mənasında işləməyə başlayıb. İndi “Yağ kimi” elə bir mətbəx yarışmasına start verib ki, burda soğanın necə doğranılması, qaşıq-çəngəlin süfrəyə necə qoyulması üstündə belə “razborkalar” gedir. Özü də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yerli televiziyalarda şou proqramların çoxluğuna narazılıq ifadə edən məqaləsinindən sonra. Bu məqalə dərc edildikdən sonra elə bildim ki, telekanallar yaxşıya doğru addım atacaqlar. Güman edirdim ki, onlar ziyalıların, tənqidçilərin münasibətlərini vecinə almırlar, yəqin ölkənin mühüm şəxslərindən birinin reaksiyasını nəzərə alarlar.
   
   Qarşıdan
   Yeni il gəlir...
   Reklam isə puldur
   
   Yeni il verilişlərinə hələ sovet dövründən Az TV-də yayaımlanan formasına bələdik. İndiki telekanallarımızin Yeni il gecəsi hazırladıqları proqramların əksəriyyəti bu formanın üzərində qurulur. Yəni aktyor, aktyor cütlükləri, aktyor qrupları səhnəcik və müğənnilər isə mahnılarını ifa edirlər. Sadalananlar telekanallarda qeyri günlərdə də baş verənlərdi. Sadəcə yeni ildə dekorasiya dəyişir, bunlar Şaxta baba Qar qızın, şam ağacının və çıl-cırağın ətrafında baş verir.
   Ölkəmizin paytaxtında fəaliyyət göstərən 8 telekanalın hamısı 31 dekabr gecəsi Yeni il şənliyi ilə bağlı hazırladıqıarı proqramları reklam edirlər. Bir-birinə bənzəyən ssenarilər, eyni müğənni və aktyorlar. Görəsən, telekanallar niyə keyfiyyətli ssenarilərə pul xərcləmək istəmirlər. Bəlkə, maliyyə vəsaitləri yoxdur? Amma yeni il şənliyi proqramlarında gedən reklamlara baxanda adam şübhələnir. Reklam isə, balaca uşaq da bilir ki, puldur. Deməli, bu reklamı (pulu) verən də tamaşaçıdır. Amma telekanallarımız həmin tamaşaçılarına keyfiyyətli material hazırlamaq istəmir. Qarşıdan 2010-cu il gəlir. Yeni anonslardan əvvəlki illərin ab-havası gəlir. Belə görünür ki, 2010-cu ildə də tamaşaçılar köhnə nağıllara qulaq asacaqlar.
   
   TV - Mədəniyyət dostluğu
   
   Bu dostluq teleməkanımızda çatışmayan cəhətlərdən biridir. Televiziya özü bir mədəniyyət sahəsi olduğundan mədəniyyətin digər sahələri ilə əməkdaşlıq etməlidir. Bu isə kino, ədəbiyyat, musiqi, rəssamlıq, memarlıq və başqalarıdır. Sözsüz ki, elm və təhsili də unutmamalıdır. TV özünün əyləncəli və elmi-kütləvi verilişlərinə kino, ədəbiyyat, musiqi, rəssamlıq, memarlıq, elm və təhsil sahələrininin işçilərini dəvət etməlidir. ATV “Kim kimdir?” teleoyununa ancaq müğənni (bura toyxana müğənniləri də daxildir) və aktyorlar dəvət edir. Belə çıxır ki, bu ölkədə rejissor, ssenarist, rəssam, jurnalist, yazar və b. yoxdur, ya da var, onları tanımırlar. Ya da ki, tamaşaçılara bu sahənin adamlarını tanıtdırmaqda maraqlı deyillər. Bu gün televiziyada mühüm mövzuların böyük əksəriyyətini (İTV və AzTV bu faizdə yaxşı mənada istisnadır) müğənnilər müzakirə edir. Bu gün kino, ədəbiyyat, musiqi, rəssamlığa aid və bu sahələri təbliğ edən daimi proqramların sayı çox azdır. Hətta “yoxdur” da demək mümkündür.
   
   Bu son deyil...
   Qayıdaq yenə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yerli televiziyalarda olan qüsurların çoxluğuna narazılıq ifadə edən məqaləsinə. Sadəcə bu məqaləni əsas götürüb bəzi telekanallarımız islahatlar həyata keçirdiklərini nümayiş etdirmək istədilər. Amma efirlərdən bu hiss olunmadı. Buradan belə qənaətə gəlmək olar ki, teleməkanın güclü dəyişik yarada biləcək potensialı yoxdur.
   İntiqam HACILI