Görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin əsərlərindən nümunələrin XX əsr boyu ingilis, fransız, alman, rus, türk, ukrain, moldovan, özbək, fars, türkmən, gürcü, qırğız dillərində nəşr edilməsi onun yaradıcılığına beynəlxalq aləmdə, xüsusən Avropada və Mərkəzi Asiyada böyük maraq doğurub. Son illərdə əsərlərinin və haqqında yazılan kitabların ərəb və urdu dillərində çap olunması Şərq aləmində, müsəlman dünyasında geniş miqyasda tanınmasına böyük yol açıb. Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin 2004-cü ildə İslamabadda «Seaf Publikations» nəşriyyatında urdu dilində çapdan çıxmış «Görkəmli Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadə əsərləri ilə» kitabı qüdrətli yazıçının ədəbi irsinə Cənubi Asiya ölkələrində - Pakistanda, Hindistanda və Əfqanıstanda rəğbət qazandırıb. Son vaxtlar Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində akademik İ. Həbibbəylinin ərəb dilində nəşr edilmiş iki kitabı Cəlil Məmmədquluzadə irsinin geniş yayılmasına meydan açıb. «Azərbaycanın milli yazıçısı Cəlil Məmmədquluzadə» adlanan birinci kitabda akademik İ.Həbibbəyli görkəmli yazıçının həyatının əsas məqamlarını, «Molla Nəsrəddin» jurnalı ilə bağlı məsələləri və ədibin yaradıcılığının ana xətlərini elmi şəkildə ərəbdilli oxuculara təqdim edib. Bundan başqa, «Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının əsas tarixləri» adlı xronoloji qaydada hazırlanmış icmalın kitabda iki dildə - ərəb və ingilis dillərində verilməsi əsərin yayılma dairəsinin genişləndirilməsinə və istifadə imkanlarının daha da artmasına səbəb olub. Böyük tirajla çap olunmuş kitaba Misirin Əl Həzər Universitetinin müəllimi Həmdi Məhruz Basyuninin yazdığı ön sözdə bütövlükdə Azərbaycan haqqında, C.Məmmədquluzadənin şəxsiyyəti və yaradıcılığı, habelə akademik İsa Həbibbəylinin fəaliyyəti barədə fikirlər öz əksini tapıb. Kitabda, əlavə olaraq, böyük ədibin irsindən örnəklərə də yer ayrılıb. Beləliklə, Cəlil Məmmədquluzadənin «Ölülər» tragikomediyası, «Danabaş kəndinin əhvalatları» povesti, «Poçt qutusu», «Dəllək», «Pirverdinin xoruzu», «Quzu», «Saqqallı uşaq», «Xanın təsbehi» və başqa hekayələri ərəbdilli oxuculara çatdırılıb. Bu, C. Məmmədquluzadənin əsərlərinin ərəb dilində (kitab halında) ilk təqdimatı kimi də mühüm əhəmiyyətə malikdir. İ.Həbibbəylinin Qahirənin «Mədəniyyət nəşrləri evi» nəşriyyatında çapdan çıxmış «Azərbaycanın milli yazıçısı Cəlil Məmmədquluzadə» kitabını və ölməz sənətkarın əsərlərini ərəb dilinə Qahirə Universitetinin professoru Cəlal Səid əl-Hifnəvi tərcümə edib. Professor Cəlal Səid əl-Hifnəvi iki dəfə Naxçıvan Dövlət Universitetində olub, diyarla tanışlıq imkanı qazanıb, yazıçının ev-muzeyini ziyarət edib. Naxçıvan Dövlət Universitetində keçirilən görüşlər, aparılan müzakirələr professor Cəlal Səid əl-Hifnəvinin tərcümə prosesində Azərbaycan koloritini, orijinalın xüsusiyyətlərini mümkün qədər daha çox qoruyub saxlamasına imkan yaradıb. Bundan başqa, akademik İ. Həbibbəylinin Misir Ərəb Respublikasında, Qahirə şəhərində çap edilən «Azərbaycanın yeni dövr yazıçısı Cəlil Məmmədquluzadə» adlı ikinci kitabında böyük ədibin həyatı və yaradıcılığı haqqındakı araşdırmalar ərəb və ingilis dillərində oxuculara çatdırılıb. Əsərdə, eyni zamanda, C. Məmmədquluzadə əsərlərinin yayılma dairəsi və yazıçının nəsil şəcərəsi barədə də məlumatlar verilib. Kitaba ədibin məşhur «Poçt qutusu» və «Bəlkə də qaytardılar» hekayələrinin ərəb dilinə tərcümələri də əlavə edilib. Kitabı ərəb dilinə Qahirə Universitetinin professoru Həni Əs-Sisi tərcümə edib. Misir Ərəb Respublikasının Azərbaycandakı sabiq səfiri Yusif Əhməd Şarkavinin kitaba yazdığı ön sözdə C.Məmmədquluzadənin yaradıcılığı və İ.Həbibbəylinin fəaliyyəti ölkələrarası münasibətlər müstəvisində dəyərləndirilib. Qahirə şəhərində Cəlil Məmmədquluzadə haqqında çap olunmuş kitablar barədə Misir Ərəb Respublikasının dövri mətbuatında geniş informasiyalar yayılıb. Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin Misir Ərəb Respublikasında çap olunan kitabları görkəmli alimin böyük demokrat-yazıçı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının tədqiqi və təbliği sahəsindəki çoxillik ardıcıl fəaliyyətinin məntiqi davamıdır. Bu kitablar qüdrətli Azərbaycan yazıçısının Şərq aləmində, müsəlman dünyasında daha geniş miqyasda tanıdılmasına xidmətin ifadəsidir. Qahirə şəhərində çap edilmiş kitablar Azərbaycan-Misir əlaqələrinin də yeni və əhəmiyyətli səhifələridir.
   Hazırda akademik İ.Həbibbəyli sənətkar haqqında yapon dilində tanıtma kitabının hazırlanması və ədibin əsərlərindən seçmələrin yapon dilinə tərcüməsi üzərində iş aparır.  

   “Mədəniyyət”