Nadir memarlıq incimiz olan Şirvanşahlar sarayının həyətində həcmcə çox böyük olmayan, Azərbaycanın ənənəvi türbələri formasında inşa edilmiş səkkizguşəli bir məqbərə ucalır. Bu məqbərə Azərbaycanın Şirvan bölgəsində dünyaya göz açmış məşhur alimi Seyid Yəhya Bəhaəddin oğlu Şirvaniyə məxsusdur. Şirvanşahlar dövlətinin birinci paytaxtı Şamaxıda varlı ailəsində anadan olmuş Seyid Yəhyanın təvəllüd tarixi bizə dəqiq bəlli olmasa da, bəzi müəlliflər, məsələn, XX əsrin əvvəlində yaşamış türk mütəfəkkiri, İstanbul darülfünunun (universitetinin) professoru Məhəmməd Əli Ayni alimin doğum tarixini hicrinin 800-cü ilinə aid edir. Ayrı-ayrı alimlər isə müxtəlif dövrləri göstərirlər. Hələ orta əsrlərdə bütün dünyada məşhurlaşmış bu alim ensiklopedik biliyə malik olmuş, fəlsəfəni, tarixi, astronomiyanı, təbabəti, riyaziyyatı gözəl bilmişdir. «Seyid» təxəllüsü ilə şeirlər də yazan Seyid Yəhya filosof, ilahiyyatçı, həm də məşhur sufi olub. Sonralar o, Bakıya köçərək, burada bilikli şəxsiyyətlərdən biri olan, elmi, sənəti yüksək qiymətləndirən Şirvanşah I Xəlilullah tərəfindən saraya dəvət alıb. Elə o vaxtdan da alim Bakuvi təxəllüsü ilə yazıb-yaratmağa başlayıb.
Alimin hələlik bizə məlum olan 30-a yaxın elmi əsəri var. Onun əsasən ərəb dilində yazmış olduğu elmi əsərləri hazırda dünya kitabxana və muzeylərini bəzəyir.
Seyid Yəhya Bakuvinin Şirvanşahlar saray kompleksinin cənub həyətində «Dərviş» türbəsi kimi tanınan məqbərəsi səkkiztinli, piramidaşəkilli örtüklə tamamlanır. Ümumi hündürlüyü 11,9 metr olan məqbərə yerüstü və yeraltı hissədən ibarətdir. Üst hissə nisbətən böyükdür və aşağı ilə müqayisədə daha yaxşı işıqlandırılıb. Onun işığa tərəf istiqamətlənmiş cənub, şərq və qərb tərəflərində daş şəbəkə ilə örtülü olan 3 kiçik pəncərəsi var. Pəncərə şəbəkələri çoxşüalı ulduz şəklindədir. Yuxarıdakı səkkizguşəli otağın içərisi rəngli suvaqla bəzədilib. Açıq-boz rəngli fonu yaradan suvaq üzərində 3 mm-ə qədər dərin olmayan oyuqlar düzəldilib ki, bu oyuqlar da qırmızımtıl- qəhvəyi və qara rəngli suvaqla doldurulmuş, mürəkkəb olmayan bir naxış yaradılıb. Abidənin yuxarı hissəsində dini ayinlər yerinə yetirilərdi. Aşağı hissədə isə məzar yerləşir. Məqbərə Şirvan-Abşeron qrupu abidələrinə xas olan təmiz yonulmuş daşla üzlənib. Türbənin Azərbaycandakı digər səkkizguşəli məqbərələrlə eyni kompozisiyada tikilməsinə baxmayaraq, ayrı-ayrı elementlərin həllinə görə o özünəməxsusdur.
YUNESKO tərəfindən Seyid Yəhya Bakuvinin məqbərəsinin bərpasına 2003-cü ilin iyununda başlanılmış, həmin ilin oktyabrında təmir və yenidənqurma işləri başa çatmışdı.
Unikallığı və orijinallığı ilə daha çox fərqlənən mədəni irs bəşəri dəyərə malik olur. Belə mədəni irs hər bir xalqın fəxr etdiyi ulu mədəniyyət, zəngin tarix deməkdir. Şirvanşahlar saray kompleksi tərkibinə daxil olan saray alimi Seyid Yəhya Şirvaninin məqbərəsi məhz belə maddi-mənəvi irslərdən biridir. Türbə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qorunur.