Bu il 20-ci ildönümünü qeyd etdiyimiz 20 Yanvar faciəsi. Şəhidlik dediyimiz zirvəyə ucalan oğul və qızlarımız... Ötən bu müddət ərzində çox şeylər dəyişsə də, onların xatirəsi bizim üçün hər zaman yenidir. Bu acı xatirələri bizlər üçün təzələyən bir ünvan da Azərbaycan İstiqlal Muzeyidir. Muzeyin 20 Yanvar faciəsini yaşadan salonunda 1989-cu ildən- yəni istiqlala aparan yoldan başlayan və sonrakı hadisələri əks etdirən tarixi detallar. Ağlı-qaralı fotolar, qəzet materialları, şəhidlərə məxsus əşyalar… Bizim tarixi irsimiz...
Bayraq
Rəngi bir qədər solmuş üçrəngli bayraq. 1989-cu il mayın 28-də - Azərbaycanın istiqlaliyyət günündə - Bakıda fövqəladə vəziyyət və komendant saatı olmasına baxmayraq müstəqil Azərbaycan dövlətinin bu bayrağı saat 11 radələrində Qız qalasının üstündə ucaldılıb. Sadə azərbaycanlı qadının öz əli ilə tikdiyi bu bayraq xalq hərəkatının simvoluna çevrilib və tarixin yadigarı kimi qorunur.
20 Yanvarın son şəhidi
AzərTAc-ın tanınmış fotojurnalisti, əməkdar mədəniyyət işçisi Oqtay Məmmədov 20 Yanvar faciəsi baş verən zaman hadisələri lentə köçürən fotojurnalist olub. Bundan sonra hər il hadisənin baş verdiyi gündə keçirilən tədbirləri lentə alıb. Sonuncu dəfə 2009-cu ilin 20 Yanvarında Şəhidlər Xiyabanında çəkiliş aparandan sonra evə qayıdarkən vəfat edib. Bu gün şəhidlərlə birlikdə Oqtay Məmmədovun da fotoşəkli asılıb və o, 20 Yanvar şəhidi hesab olunur. Oqtay Məmmədovun fotostendində 18 il ərzində lentə aldığı 20 Yanvar hadisələri ilə bağlı şəkillər özünə yer alıb. Bundan başqa, ona məxsus fotoaparatları, şəkilləri, diplomu, açarı, döş nişanı, qol saatı da qorunub-saxlanılır.
Şəhid qadınlar
Salonun sağ tərəfindəki guşədə canlarını vətən yolunda qurban vermiş iki qadının - jurnalist Salatın Əsgərova və tibb bacısı Gültəkin Əsgərovaya məxsus əşyalar var. 1991-ci ildə sərhəd rayonlarına ezamiyyətə yollanan Salatın Əsgərova erməni gülləsinə tuş gələrək şəhid olub. Bu gün Salatına həsr edilən kitab, Gültəkinin çobanyastığından düzəltdiyi çələnglər də onlara məxsus əşyalar kimi qorunub saxlanılır.
Muzeydə Moskvada yaşayan həmyerlimiz olan rəssamın 20 Yanvara həsr etdiyi böyük rəsm əsəri, kitablar, həyatda olan və şəhid olmuş milli qəhrəmanlarımızın fotoşəkilləri də özünə yer alıb.