İnsanlar bura həm də «Çildağ» müalicəsi almağa gəlirlər
   
   Bakı ətrafında yerləşən insanların müqəddəs bilib ziyarət etdiyi yerlərdən biri də Pir Həsən piridir. Bu ziyarətgah Mərdəkan qəsəbəsində yerləşən «Çildağ» da adlandırılır. Ona görə ki, bu pirin müqəddəsliyinə tapınan insanlar bura həm də öz qorxularını götürmək, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan «çildağ müalicəsi» almaq məqsədilə üz tuturlar. Əraziyə daxil olmaq üçün üzərində iri tağlar olan iki giriş var. Bir neçə həyəti olan bu ziyarətgah digərlərindən fərqlənir. Belə ki, həyətdə ayrı-ayrılıqda üzərində günbəz olan bir neçə türbə var. Ziyarətgaha ön tərəfdən daxil olduqda məşhur Azərbaycan milyonçusu Zeynalabdin Tağıyevin heykəli diqqəti cəlb edir. Heykəlin sağ tərəfində kiçik dəmir hasarlarla əhatəyə alınan türbənin mərkəzində Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın və repressiya qurbanı Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri var. Axundun qəbri üstündəki türbəni onun xatirəsinə hörmət və ehtiram əlaməti olaraq Bakı milyonçusu və xeyriyyəçisi Murtuza Muxtarov tikdirib. 1924-cü ildə vəfat etmiş məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev öz vəsiyyətinə əsasən Axundun qəbrinin ayaq tərəfində dəfn olunub. Bunun da öz maraqlı tarixçəsi var. Deyilənlərə görə, bir gün Axund milyonçu ilə söhbət zamanı deyir ki, bir gün elə ola bilər ki, sənin bütün var-dövlətin əlindən çıxa bilər və əvvəlki milyonlarından heç bir əsər-əlamət qalmaz. Doğrudan da Azərbaycanda bolşevik hakimiyyəti qurulur və hacı bir günün içində müflis olur. Məhz bu hadisədən sonra Axundun uzaqgörənliyinə heyrətlənən Hacı Zeynalabdin Tağıyev belə bir vəsiyyət edir.
   Növbəti həyətdə isə insanların ziyarət etdiyi iki müqəddəs türbə yerləşir. Bunlardan biri üzərində qədim günbəz olan Pir Həsənə məxsusdur. Deyilənlərə görə, əsl-nəcabəti imamlara gedib çıxan Pir Həsən XVII əsrdə yaşayıb və elə çildağ - yəni közlə müalicə də onun dövründən qalıb.
   Müsəlman qaydasına uyğun olaraq əvvəlcə pirin başına üç dəfə dolandıqdan sonra türbənin pilləkənləri ilə aşağı düşüb, Pir Həsənin qəbri ziyarət edilir. Mən orada olduğum müddətdə bütün ziyarətçilər türbənin içərisində Pir Həsənin qəbrini ziyarət etdikdən sonra pəncərənin yanında əyləşən çildağçı qadına yaxınlaşır və özlərini bu qeyri-adi müalicə üsulu ilə müalicə etdirirdilər. İnsanların çoxusu inanır ki, çildağ qorxunun və stressin qarşısını alır. Bəziləri iddia edir ki, bu müalicə üsulu qorxunu azaltmaqla yanaşı, bədnəzəri də dəf edə bilir. Hətta əsəb pozğunluğunun da qarşısını almaq effektinə də malikdir. Deyilənlərə görə, bəzən avtomobil qəzasına düşən və yata bilməyən insanlar yalınz çildağçıya müraciət edəndən sonra sağaldırlar. Ziyarətgahda ikinci müqəddəs türbə İslamın yeddinci İmamı Musa əl-Kaziminin qızı Həzrəti Xədicənin qəbri üzərində tikilən türbədir. O da digər bacıları, Həzrəti Həkimə, Həzrəti Rəhimə və Həzrəti Leyla kimi qardaşları- səkkizinci imam Rza Əleyhisəlam Məşhəd şəhərində şəhid olduqdan sonra təzyiqlərdən canını qurtarmaq üçün Azərbaycana üz tutub. Türbə memarlıq abidəsidir və dövlət tərəfindən mühafizə olunur.
   Ölkə prezidenti İlham Əliyev 2000-ci ildə ARDNŞ-in vitse-prezidenti olarkən öz təşəbbüsü ilə türbə və ətraf ərazidə abadlıq və bərpa işləri gördürüb.