Son illər respublikamızda bütün sferalarda olduğu kimi, muzey işi sahəsində də böyük irəliləyişlər var. Demək olar ki, paytaxtda və eləcə də regionlarda fəaliyyət göstərən muzey müəssisələrinin əksəriyyətində təmir-bərpa işləri aparılaraq müasir standartlara uyğun qurulmaqla yanaşı, müxtəlif profilli muzeylər də yaradılır. Bu baxımdan İstiqlaliyyət Muzeyi də yeni yaradılacaq müəssisələr sırasına daxildir. Lakin bu sahədə müəyyən ləngimələr mövcuddur. Bir qədər əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sözügedən məsələ ilə bağlı mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, muzeyin yaradılması ilə bağlı elan olunan müsabiqəyə təqdim olunan layihələri qənaətbəxş olmayıb. Buna səbəb təqdim olunan layihələrdən heç birinin İstiqlal Muzeyinin və monumentin konsepsiyasına layiq olmamasıdır. Nazirin sözlərinə görə, muzeyin yaradılması ilə bağlı müsabiqə iki dəfə uzadılsa da, hələlik heç bir nəticə əldə olunma yıb. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin sözlərinə görə, İstiqlaliyyət Muzeyinə bina verilib, sadəcə orada işlərin qurulmasını ləngidən abidənin qoyulmamasıdır: «Həmin abidə qoyulmadan binada təmir işlərinin aparılması qeyri-mümkündür. Çünki abidə binanın üzərində qoyulacaq və bina özü aşağıda qalacaq. Bu zaman binanın daxilində müəyyən xırda dağıntılar ola bilər. Ona görə də abidənin qoyulmasını gözləyirik».
   F.Babayev İstiqlaliyyət Muzeyinin tamamilə yenidən qurulacağını və eksponatlarla zəngin olacağını da bildirdi.    

  Mehparə