İnsan övladının ağlı kəsəndə daşların həyatverici gücünü də anladı. Bəlkə də Daş dövründən həyatın, insan yaşayışının başlanması ilə bağlı olub bu inam. Elə o vaxtdan insanlar öz həyatında, məişətində daşların əhəmiyyətini görüb, onları müqəddəsləşdirdi, səcdə etdi. Təbiətin sirləri kəşf edildikcə daşlar üzərində başlanan həyatın yeni, təzə naxışları üzə çıxdı. Gözəllik xalçalarda, kilimlərdə, xurcunlarda ilmə-ilmə ecazkarlaşdı. Tarix daşlaşdı, qayalaşdı, qalalaşdı, türbələşdi, müqəddəsləşdi - Əshabi-Kəhf kimi.
   
   Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qarabağlar kəndindəki memarlıq kompleksi də belə daşlaşan türbələrimizdəndir. Düzdür, bu abidə-kompleks tariximizin Daş dövrünə aid deyil - orta əsrlərin tən orta dövrünün yadigarıdır. Amma bu kənd də ibtidai icma cəmiyyətinin Daş dövründə başlayıb, Dəmir dövründən başa çatan ilkin yaşayış məskənlərimizdən biri olub. Son Tunc dövründə Qalacıq adlı yerdə insanlar məskən salıblar.
   Kəndin müasir tikililəri altında qalmış orta əsrlərə aid yaşayış yerində aparılmış kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində ərazidən eramızın ilk əsrlərinə və orta əsrlərə aid gil məmulatı, xüsusilə tikinti keramikası qalıqları aşkara çıxarılmışdır.
   
   Qarabağlar böyük şəhər olub
   
   Tarixçilərin fikrincə, orta əsrlərdə Qarabağlar şəhərinin Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üstündə yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli tərəqqi etmişdi. Şəhər, adından da göründüyü kimi, bağ və yaşıllıqlarla örtülmüşdür. Dağlardan gələn kiçik çaylar və bulaqlardan arxlar çəkilmiş, şəhər bol və dadlı meyvələri, üzüm növləri ilə məşhur olmuşdur.
   Böyük türk səyyahı Övliya Çələbi (XVII əsr) “Səyahətnamə” əsərində Qarabağları meyvə bağları arasında yerləşən böyük bir şəhər kimi təsvir etmişdir. Onun məlumatına görə, XVII əsrdə Qarabağlarda təqribən 50 min adam yaşayırdı; 10 min ev, 70 məscid, 40 minarə, çoxlu karvansara, bazar, hamam və s. var idi. 17-18-ci yüzilliklərdə feodal ara müharibələri və daxili çəkişmələr nəticəsində şəhər tənəzzül etmişdir. XX əsrin əvvəllərində Qarabağlarda 2000 nəfər əhali yaşayırdı. Tarixi bir şəhər olan Qalacıqdan günümüzə bir qoşa minarə və türbə yadigar qalmışdır.
   ...Bu türbə daşların yaddaşına hopmuş tarixin naxış həqiqətləridir. Ona görə də bu tarix və mədəniyyət abidəsinin daş yaddaşının sirlərindən, naxış həqiqətlərindən agah olmaq istədim.
   
   Qadının şərəfinə ucaldılan abidə
   
   Qarabağlar türbəsi haqqında yazıdan əvvəl, tarixi abidələrimizdən bəhs edən bir neçə kitabı vərəqlədim və belə bir fakta rast gəldim: Qarabağlar türbəsi ilə 1322-ci ildə Bərdədə tikilən türbənin bir-birinə üslub oxşarlığı var. Hətta qaynaqlarda Bərdədəki türbənin naxçıvanlı memar Əhməd Eyyub oğlu tərəfindən tikildiyi də göstərilir. Bu dövrdə isə Azərbaycanda Elxanilər dövləti (1256-1357) hakimiyyətdə idi. Qarabağlar türbəsi də məhz bu dövrdə tikilib. Daha dəqiq desək, türbəni Elxanilərin birinci hökmdarı Hülaki xan öz arvadı Quti xatunun şərəfinə tikdirib.
   Hülaki xan isə 1256-1265-ci illərdə taxtda oturub. Buradan belə qənaətə gəlmək olar ki, türbə bu 9 illik dövr aralığında həyata vəsiqə alıb. Hər iki türbənin təxminən eyni dövrdə tikilməsi, eyni memarlıq üslubuna mənsub olması Qarabağlar türbəsinin də Əhməd Eyyub oğlu tərəfindən tikildiyini düşünməyə əsas verir. Abidədəki incəlik, ülvilik, obrazlıq hamıda xoş hiss- duyğular doğurur. Hər bir tarixi abidə insan əməyinin, qüdrətinin, sənətkarlıq zövqünün incəliyini nümayiş etdirir. Abidələrdəki ornamentlərin dəqiq düzülüşünə, divar bəzəklərinin rəngarəngliyinə baxdıqca heyrətlənir, sənətin böyüklüyünü hiss edirsən. Elə buna görə də abidələr təkcə gözəllik nümunəsi, əzəmət, qüdrət timsalı kimi yox, başlıcası, milli dövlətçilik ənənələrinin rəmzi kimi bütün xalqlar tərəfindən eyni rəğbətlə qarşılanır.
   Burada türbə və qoşa minarədən əlavə, bunların arasında yerləşən mədrəsə də olub. Minarələri bir-birinə baştağ bağlayır ki, bunun da XIV əsrdə tikilməsi ehtimal olunur. Məhz həmin baştağın üzərində Elxani hökmdarı Hülaki xanın arvadı Quti xatunun adı yazılıb. Buna görə də onun Quti xatunun şərəfinə tikildiyi ehtimal edilir.
   Tarixi qaynaqlara istinadən onu da deyim ki, sərdabə və yerüstü hissədən ibarət Qarabağlar türbəsində qülləvari türbələrin əsas xüsusiyyətləri əks olunmuşdur. Belə ki, daş kürsülük üzərində dəstə şəklində birləşən 12 yarımsilindrlik çıxıntı türbəyə kompozisiyalıq verir. Çıxıntılar divarın ümumi həcmini 0,5 qədər azaltmaqla yanaşı, türbəyə qala əzəməti verir. Türbənin 12 bucaqlı yeraltı sərdabəsinin divarları daşdan, günbəzləri isə kərpicdən hörülmüşdür.
   Qarabağlar türbəsinin səthi qırmızı və firuzəyi kaşılı kərpiclərlə örtülmüş və həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilmişdir. Türbənin yuxarısındakı kitabə qurşağı nəsx-xətt ilə işlənmişdir. Yerli göy kaşıdan olan kitabə ağ hərflərlə yazılmışdır. Qarabağlar türbəsinin kompozisiya xüsusiyyəti 4 baştağdan ibarət olmasıdır. Bu baştağlar şimal, cənub, qərb və şərq istiqamətlərində yerləşərək, türbəyə 4 fasadlı görkəm verir. Baştağların səthi kaşı ilə örtülmüş həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Bunlardan ən maraqlısı şimal tərəfdəki əsas baştağdır. Qarabağlar türbəsinin günbəzi və müvafiq kitabələri konus şəklində olmuş, lakin sonralar dağıdılmışdır.
   
   Qarabay qədim tayfalardan biridir
   
   O ki qaldı Qarabağlar kənd sakinlərinin qədim Kəngərli tayfasının bir qolu olması barədə deyilənlərə, bu barədə alimlərimiz belə yazırlar: Eramızın əvvəllərində Azərbaycan ərazisində məskunlaşan kəngərlilər həm Albaniyanın (Qafqaz) qərbində (indiki Qazax-Ağstafa bölgəsi), həm də Naxçıvan bölgəsində yaşamışlar. Onların bir qolu da qarabağlar adlanmışdır. Bu, X əsr rus tarixçilərindən Konstantin Baqryanarodnının Cənubi Rusiya çöllərində yaşayan peçeneq-kəngərlilərin bir tayfasının qarabay adlanması barədə məlumatı ilə də uzlaşır.
   Başqa bir mənbəyə görə isə, hətta XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan döyüşkən tayfa kimi ad çıxarmış kəngərlilərin bir hissəsini Naxçıvandan Qarabağa köçürmüşdü. Ehtimal ki, qarabay tayfası da onların arasında olmuşdur.
   Qədim Qalacıq şəhərinin izləri bu gün də yaşayır. Qoşa minarələrlə ucaldılan və neçə əsrlərlə tariximizi özündə yaşadan Qarabağlar türbəsi isə...
   
   Son söz əvəzi, yaxud o daşı qoru, qardaş
   
   Bu abidələr həm də xalqımızın çoxəsrlik dövlətçilik ənənələrindən soraq verir. Necə deyərlər, abidələr tarixin şahididir; ömrünü sürmüş, əbədiyyətə qovuşmuş sənətkarların düşüncəsi, sözü, tarixin sirdaşı, əsrlərin ünvanı, xalqın qəhrəmanlıq simvoludur. Elin vüqarı, əzəməti, qüdrətidir. Keçmişdən bu günə, bu gündən sabaha pəncərəsidir. Babaların alın təri, qeyrəti, odlu nəfəsi, bizə uzanan əli, gələcək nəsillərə səsi, ürək sözüdür. Bəlkə də bu mənada böyük şairlərimizdən birisi deyib:
   
   O daşı qoru, qardaş.
   Qorumasan, babamın
   Od tutar goru, qardaş!..
   
   Tariximizin yaşadığı hər daşı, qayanı qoruyub saxlamağı bacarmalıyıq. Qarabağlar türbəsi tək!
   
   Elxan YURDOĞLU,
   Naxçıvan