Son illər respublikamızda mədəniyyət obyektlərinin, müəssisələrinin təmir və bərpasına xüsusi önəm verilir. Paytaxtda və regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri müasir standartlara uyğun təmir edilir, ən modern avadanlıqlarla təchiz olunur. Bütün bunlar dövlətimizin mədəniyyətimizə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 fevral 2007-ci il tarixli sərəncamına əsasən əsaslı təmirə dayandırılan Heydər Əliyev Sarayı da belə mədəniyyət ocaqlarındandır. Sarayda aparılan təmir-bərpa işləri binanı möhtəşəm mədəniyyət kompleksinə çevirdi. 
   
   Tikintisi on illərlə ləngiyən bina cəmi iki ilə hazır oldu
   
   Bu gün Bakının mərkəzi meydanlarından birində qərar tutan Heydər Əliyev Sarayının maraqlı tikilmə tarixçəsi var. 1960-1970-ci illər arasında iki dəfə Bakıda geniş səhnəli kinopanarama binasının tikilməsi qərara alınsa da, nədənsə, inşaat işləri yarımçıq dayandırıldı. Üç, dörd ildən sonra yenidən tikinti işləri başlanıldı. Bu dəfə kinokonsert salonu tikmək istəyirdilər. Kompleksin tikintisinə 1962 - ci ilin mayında başlandı. Bir müddət inşaat işləri davam etdirildi, divarlar bir-iki metr qalxdı, lakin az keçməmiş iş dayandırıldı, bir-iki ildən sonra tamamilə unuduldu. Tikinti işlərinə yalnız ölkədə quruculuq və abadlığın vüsət aldığı dövrdə, 1969-cu ildə Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə təyin olunmasından sonra başlanıldı. Dahi lider ölkədə tikinti işlərinə rəhbərliyi tanınmış inşaat mühəndisi Əliş Ləmbəranskiyə tapşırdı. Beləliklə, tikintisi on illərlə ləngiyən binada inşaat işləri sürətləndirildi. Qayğıkeş rəhbərliyin gündəlik nəzarəti sayəsində iki il ərzində Respublika Sarayının (keçmiş V.İ.Lenin adına saray) tikintisi başa çatdırıldı. 1972-ci ilin dekabrın 11-də tikintinin qabaqcılları iş yoldaşlarının alqışları altında sarayın rəmzi açarını Heydər Əliyevə təqdim etdilər. Bu açar ən qiymətli xatirə əşyası kimi sarayda indi də qorunub saxlanılır. Həmin gün bu möhtəşəm sarayın səhnəsində ilk böyük qala konsert keçirilidi. Konsertdə respublikanın adlı-sanlı, görkəmli incəsənət ustaları iştirak ediblər. O vaxtdan saray Türkiyə, Yuqoslaviya, Çexoslavakiya, İngiltərə, Amerika kimi böyük ölkələrdən, SSRİ-nin bütün regionlarından incəsənət xadimlərinin çıxışları ilə yanaşı, vacib hadisələrin də qeyd olunduğu məkana çevrildi. 
   Saray ilk başlanğıcda iri formatlı filmlər nümayiş etdirmək üçün 2500 yerlik geniş panoramlı kinoteatr üçün nəzərdə tutulmuşdu. Binanın tikintisinə Moskva, Ukrayna, Özbəkistan, Gürcüstan, Latviya, Estoniya və Litvadan mütəxəssislər dəvət olunmuşdu. Sarayda mürəkkəb texniki qurğular, binanı isti və soyuq hava ilə təmin etmək üçün müxtəlif mexanizmlər, elektrik yarımstansiyası, səhnə səthinin və orkestrin enib-qalxması üçün çox mürəkkəb avadanlıqlar quraşdırılmışdı. Sarayın səhnəsi ən müasir texniki qurğularla təmin olunmuş, müxtəlif hündürlüklərə enib-qalxan səhnə döşəməsi, hər iki tərəfə hərəkət edən iki xüsusi döşəmə, mexaniki idarə olunan rəngarəng pərdələr, ən mürəkkəb rəng çalarlarını yarada bilən işıq sistemi, avtomatik idarə olunan yüksək səviyyəli səs gücləndirmə texnikası, müxtəlif çeşidli mikrofonlar, orada çalışan rejissor və digər yaradıcı işçilər, eləcə də səhnədə çıxış edənlər üçün hər cür imkan yaradılmışdı. Sarayda keçirilən rəsmi tədbirlərdə çıxışlar müxtəlif dillərə tərcümə edilir, xüsusi aparatın köməkliyi ilə salonda əyləşənlərə çatdırılırdı.
   Qeyd edək ki, keçmiş sovetlər ittifaqında belə saray Moskva və Sankt-Peterburq da daxil olmaqla cəmi 7 şəhərdə tikilmişdi.
   
   Təmir işləri sarayı müasir mədəniyyət kompleksinə çevirdi
   
   Yuxarıda qeyd etdiyimiz kimi, son illər dövlət, mədəniyyət obyektlərinin təmir və bərpasına xüsusi diqqət ayırır. Avropaya inteqrasiya edən müstəqil respublikamızda mədəniyyət müəssisələri də müasir standartlara uyğun qurulur.
   Mədəniyyət və Turizm Nazirliyi Heydər Əliyev Sarayının mühüm ictimai-siyasi, mədəni tədbirlərin keçirilməsində əhəmiyyətini nəzərə alaraq, prezidentin sərəncamına uyğun olaraq binanı əsaslı təmirə dayandırdı.
   Sarayı köhnəlmiş avadanlıqlardan xilas etmək, onların yeniləri ilə əvəzlənməsi üçün böyük zəhmət sərf edildi və nəticədə binaya yeni həyat verildi. Sarayın arxa və yan fasadlarına, eləcə də binanın daxilinə mərmər üzlüklər vuruldu. Kommunikasiya xətlərinə gəlincə, onlar yenidən quruldu, işıqlandırma və səsləndirmə sistemi yeniləndi. Ən son texnologiya ilə əvəzlənən ventilyasiya sistemi və kinoproyeksiya korpusunun yenidənqurulması başa çatdı. Sarayın əsas özəlliklərindən biri ABŞ istehsalı olan ekran tipli şüşələrdir. Belə ki, 35 ildən sonra müasir həyat verilən sarayda tamaşaçılar bu şüşələr vasitəsilə içəridə keçiriləcək tədbirləri birbaşa bayırda izləyə bilirlər. Eyni zamanda şəhərin gecə görüntüsünə də xüsusi yaraşıq verən bu şüşələrdən monitor kimi də istifadə olunur. Aparılan əsaslı təmir işlərinin gedişində binanın dam örtüyü dəyişdirilib, işıqlandırma sistemi yenidən qurulub. Sarayın tavanının üzlənməsində xüsusi alkapon materialından istifadə olunub ki, bu da döşəmənin mərməri ilə harmoniya təşkil edir. Girişdə yaradılan su pərdəsi zövq oxşayır. Saraya gələnlər buradan xüsusi lazer sistemi vasitəsilə müxtəlif görüntüləri izləmək imkanı qazanırlar. Sarayın salonunda tamaşaçılar üçün komfort şərait yaradılıb. Gözəl dizaynlı çilçıraqlar da salona əlavə yaraşıq verir. Səhnənin akustikası müasir tələblərə tam cavab verir. Liftlər və eskalatorlar yeniləri ilə əvəzlənib, binanın daxilində həssas avtomatik yanğınsöndürmə sistemi qurulub. Bundan başqa binada İtaliyadan gətirilmiş xüsusi havalandırma sistemi də quraşdırılıb. Sarayın ətrafına 6 min kvadratmetrdən çox mərmər və qranit döşənib, yaşıllıqlar salınıb.
   Təmir və yenidənqurma işlərindən sonra saray yenidən öz ənənəsinə sadiq qalaraq maraqlı və yaddaqalan tədbirlərə «ev sahibliyi» edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 sentyabr 2008-ci ildə bərpa və yenidənqurma işlərinin yüksək səviyyədə və keyfiyyətlə başa çatdırılması barədə tövsiyə və tapşırıqlarını verib. Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin and içmə mərasimi də bu möhtəşəm sarayda olub.
   Ümummilli lider Heydər Əliyevin bizlərə yadigar qoyduğu yüzlərlə monumental abidə və möhtəşəm binalardan olan bu saray gələcəkdə də mötəbər tədbirlərin və kütləvi mədəni proqramların keçirildiyi məkan olacaq.
   
   Mehparə