Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyindən AzərTAc-ın xüsusi müxbirinə bildiriblər ki, qurumun Dünya İrs Komitəsi tərəfindən nəşr olunan “Dünya İrs” jurnalının işıq üzü görmüş son nömrəsində müxtəlif ölkələrdə bəşəriyyətin inciləri hesab edilən tarixi və mədəni abidələrdən bəhs edilib.
YUNESKO-nun əsas mətbu orqanı olan və ingilis, fransız və ispan dillərində çap edilən jurnalın həmin nömrəsində xalqımızın zəngin mədəniyyətindən xəbər verən İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalasının YUNESKO-nun təhlükədə olan İrs siyahısından çıxarılması haqqında məqalə dərc edilib.
Məqalənin əvvəlində Dünya İrs Komitəsinin 2009-cu ilin iyununda İspaniyanın Seviliya şəhərində keçirilmiş 33-cü iclasında Bakının İçərişəhər kompleksinin mühafizəsi sahəsində Azərbaycan dövlətinin əldə etdiyi uğurlar yüksək qiymətləndirilib, bu abidənin təhlükədə olan irs siyahısından çıxarılması qərara alınıb.
Azərbaycanın bu sahədə əldə etdiyi müvəffəqiyyətlərə dair hesabat komitənin cari il iyulun 25-dən avqustun 3-dək Braziliyada keçiriləcək növbəti sessiyasında nəzərdən keçiriləcək.
Jurnalın fransız dilində çap olunmuş nömrəsinin reklam xarakterli son səhifəsində Azərbaycanın qədim məbədi Atəşgahın və 2007-ci ildə Dünya İrs siyahısına daxil edilmiş Qobustanın şəkilləri verilib.
Belə mötəbər bir jurnalda tarixi abidələrimiz barədə məlumatların və şəkillərin dərc edilməsi YUNESKO ilə Azərbaycan arasında sıx əlaqələrdən xəbər verir.