Milli Tarix Muzeyinin 90 illiyi ilə əlaqədar silsilə sərgilərə start verildi 
   
   
   Bugünlərdə Milli Azərbaycan Tarix Muzeyinin 90 illik yubileyi ilə bağlı «Bərpa olunan muzey eksponatları» adlı sərgi nümayiş etdirildi, bununla yanaşı, «Mədəni irsin qorunmasında muzeylərin fəaliyyəti və problemləri» mövzusunda seminar da keçirildi. Sərgidə nümayiş olunan eksponatların bərpasını Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi, Milli Azərbaycan Tarix Muzeyinin bərpa laboratoriyası, Yaradıcı Qadınlar Assosiasiyasının bərpa üzrə mütəxəssisləri həyata keçiriblər.
 
     
   Milli Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı: «Xatırladım ki, Milli Azərbaycan Tarixi Muzeyi 90 illik fəaliyyəti dövründə respublikamızın müxtəlif bölgələrindən daxil olan eksponatlarla zənginləşib. Bu eksponatların böyük əksəriyyəti daxil olduğu vaxtdan indiyə kimi nə konservasiya, nə də bərpa edilib. Muzeydə elə eksponatımız var ki, onun milyon yarım yaşı var. Ən yaşlı eksponatımız Şamaxıdan tapılmış daşlaşmış ağac kökləridir. Prezident İlham Əliyevin Milli Azərbaycan Tarix Muzeyi eksponatlarının bərpasına göstərdiyi diqqət sayəsində 2009-cu il ərzində Arxeologiya Fondunun 150-dən çox sümük, saxsı, tunc, gümüş, dəmir, şüşə, parçadan eksponatları bərpa və konservasiya edilib. 2008-ci ildə Prezidentin Ehtiyat Fondundan, 2009-cu ildə isə Nazirlər Kabinetinin sərəncamı ilə 1 milyon vəsait ayrılıb. Bu vəsaitlər hesabına müxtəlif tarixi dövrləri özündə əks etdirən 2000-dən artıq eksponat almışıq.
   Muzeyə alınan eksponatların hər biri tarixi, elmi əhəmiyyəti olan arxeoloji, etnoqrafik eksponatlardır. Ötən il 1600-dən artıq eksponat bərpa olunub. Bərpa işlərinə Mədəniyyət və Turizm Nazirliyinin bərpa laboratoriyası, Yaradıcı Qadınlar Assosiasiyasının əməkdaşları və muzeyin öz işçiləri cəlb olunub. Bərpa olunan əşyalar arasında metal əşyalar daha çoxdur. Çünki dəmirdən olan əşyalar daha tez korroziyaya uğrayır. Bəzi eksponatların bərpası mümkün olmadığından konservasiya edilib. Buna Rusiyanın ölkəmizi işğalı zamanı döyüş meydanından götürülmüş xanlıqların bayraqlarını göstərmək olar. Bayraqların çoxunun parçası üzülmüşdü, üzərindəki naxışları pozulmuşdu. Belə eksponatı bərpa etmək çox çətindir”.
   Direktor onu da bildirdi ki, təmir və eksponatların bərpası ilə yanaşı, muzeylərdə müasir texnoloji sistemin də olması çox vacibdir: “Bu gün hər bir muzeydə kompyuter şəbəkəsi quraşdırılmalıdır.
   
   Fəxriyyə ABDULLAYEVA