Azərbaycanın qeyri-maddi mədəni irsinin təsdiqlənməsi və qorunması istiqamətində ilk islahatlara start verilib. Bu sahədə artıq bir sıra proqram və layihələr həyata keçirilməkdədir. Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin inventarizasiyası və identifikasiyası layihəsi həyata keçirilir.
   
   Mədəniyyət və turizm naziri cənab Ə.Qarayevin əmri ilə respublikanın tanınmış mədəniyyət, elm və təhsil xadimləri, görkəmli alimlər, mütəxəssislər, habelə nüfuzlu ziyalıların da daxil olduğu qeyri-maddi mədəni irs nümunələrinin inventarizasiyası və identifikasiyası üzrə Şura yaradılıb. Şuranın məsul katibi Yaşar Hüseynlinin sözlərinə görə, qeyri-maddi mədəni irs sahəsi çox qədim atributlara əsaslansa da, əslində bu, kifayət qədər yeni mövzudur: «Bunu demək kifayətdir ki, Azərbaycan qeyri-maddi mədəni irs üzrə beynəlxalq konvensiyaya yalnız 2003-cü ildə daxil olub. Hər hansı bir dövlət YUNESKO-nun mədəni irs siyahısına namizəd nümunələrini təqdim edərkən, qurum bu dövlətin özü tərəfindən tanıdığı qeyri-maddi irs nümunələrinin reyestirini tələb edir. Fevralın 18-də Mədəniyyət və Turizm Nazirliyində qeyri-maddi mədəni irs nümunələrinin inventarizasiyası və identifikasiyası üzrə şuranın birinci iclası keçirilib. İclasda şuranın fəaliyyət istiqamətləri və tərkibi ətraflı müzakirə olundu. Azərbaycanın qeyri-maddi mədəni abidələrinin Dövlət Reyestr formasının layihəsi, Azərbaycanın qeyri-maddi mədəni irs abidəsinin inventar-pasport layihəsi, Dövlət Reyestrinə daxil ediləcək nümunələr və s. barədə geniş müzakirələr aparıldı, təkliflərin qısa müddətdə nazirliyə təqdim olunması barədə razılıq əldə edildi».
   Y.Hüseynli onu da bildirdi ki, Dövlət Reyestrinin strukturu beynəlxalq mədəniyyət siyasəti kanonlarına (qaydalarına) əsaslanıb: «Bu struktur üç əsas istiqaməti əhatə edir. Birinci - diyarşünaslıq, ikinci - folklor, üçüncü istiqamət kimi sənətkarlıq göstərilib. Eyni zamanda üç istiqamətin hər biri öz növbəsində geniş sahəni əhatə edir. Diyarşünaslıq sahəsinə adət-ənənə, mərasim, şifahi xalq yaradıcılığı və milli oyunlar daxil edilib.
   Folklor sahəsinə xalq musiqisi, milli rəqslər və xalq teatrı daxil edilib. Sənətkarlığa gəlincə, bura xalq tətbiqi sənəti, ənənəvi dekorativ sənət və xalq təsviri yaradıcılığı aiddir. Nazirlik tərəfindən hazırlanmış müvafiq formanı iclas iştirakçıları ümumi şəkildə qəbul etdi».
   Qeyri-maddi mədəni irs nümunələrinin hər birinə görə, xüsusi bir pasport tərtib olunacağını deyən Yaşar müəllim qeyd etdi ki, bu sənəd abidələr haqqında geniş açıqlama verəcək: «Hər bir abidənin təsviri, dövlət tərəfindən təyinatı, ifadə forması, strukturu, üslubu, tarixi, məxsusi coğrafiyası, daşıyıcıları, foto qalereyası, audiotekası, videotekası pasportda öz əksini tapacaq. Ümid edirik ki, görülmüş işlər cəmiyyət tərəfindən müsbət qarşılanacaq».
   Qeyd edək ki, qeyri-maddi mədəni irs nümunələrinin inventarizasiyası və identifikasiyası üzrə şuraya mədəniyyət və turizm naziri Ə.Qarayev sədrlik edir. Şuranın sədr müavini Sevda Məmmədəliyevadır. Şuraya Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov, tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Teymur Bünyadov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Məhərrəm Qasımlı, Arxeologiya və Etnoqrafiya İnstitutunun memarlıq və estetika şöbəsinin müdiri Rəna Abdullayeva və başqa tanınmış şəxslər daxildir.
   
   Mehparə