Laçın rayonunun Kosalar kəndindəki Ağoğlan alban monastırını özününküləşdirən erməni arxeoloqlar burada yeraltı keçidləri «tədqiq etməyə» başlayıblar
   
   Laçın rayonunun Kosalar kəndi Qarıqışlaq - Laçın yolunun 2-ci kilometrliyində Minkənd çayının sağ sahilində yerləşir. 18 ildir ki, erməni silahlı qüvvələrinin işğalı altında olan kəndin ərazisi tarix və mədəniyyət abidələri ilə zəngin idi. Kəndin ərazisindəki Azərbaycan tarixinin qədim dövrlərinə aid yeraltı keçidlər, süjetli daşlar və memarlıq abidələri vardı.
   
   Kosalar kəndinin ən möhtəşəm abidəsi, IV-IX əsrə aid olan Qafqaz Albaniyası dövrünə məxsusluğu güman edilən Ağoğlan kompleksidir. Qaladan Ağoğlan qəsrinə yeraltı keçidlərin olması barədə fikri ilk dəfə mən 1985-ci ildə irəli sürmüşdüm. Lakin bu yeraltı keçidlərin qəsrin içərisində mövcud olmuş izləri hələ işğala qədər olan dövrdə aşkar edə bilməmişdik. Laçın torpaqlarının işğalından sonra ermənilər bu qəsrin adını «Tzitzernavank» qoyublar. Bu yaxınlarda yayılan məlumatlara görə, erməni arxeoloqları 2009-cu ildə kompleksin içərisindən bu keçidə enmək üçün üç quyu aşkar ediblər.
    Ağoğlan qəsrinin bu ərazidə ilk dəfə IV əsrdə inşa edilməsi barədə xeyli dəyərli sübutlar mövcud olsa da, bu abidə kompleksinin hələ xristianlığa qədərki dövrə aid olması barədə fikir söyləyənlər də var. Məhz buna görə də mütəxəssislər bu abidə kompleksini xristianlığa qədərki dövrə aid olan abidələr siyahısına daxil edilməsini vacib hesab edirlər. Abidə müxtəlif dövrlərdə uçqun və dağıntılara məruz qaldığından IX əsrdə bu abidə yenidən inşa edilərək forma etibarı ilə kilsə üslubuna - monastıra uyğunlaşdırılıb. Bu abidə təmir edilərkən özünün ilk bünövrələri olduğu kimi saxlanmış, köhnə divarlar üzərində yeni divarlar tikilmişdir. Bərpadan sonra Ağoğlan qəsri Azərbaycan tarixinin alban dövrü memarlığının ən möhtəşəm abidələrindən birinə çevrilmişdir.
   Ermənilər 1992-ci ildə bu əraziləri işğal etdikdən sonra Ağoğlan qəsrini təmir etmək adı altında abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də xeyli sayda alban dövrünə məxsus ornament və simvolları ya tamamilə silmiş, ya da formalarını dəyişdirmişlər.
   2006-cı ildə ABŞ-ın Kaliforniya ştatından əldə edilmiş ianələr hesabına ermənilər bu abidəni ikinci dəfə təmir etdirmək bəhanəsi ilə abidənin divarlarının müxtəlif yerlərinə, bu abidənin guya xristianlığın erməni (qriqoryan) məzhəbinə məxsusluğunu göstərən 26 yazı lövhəsi yerləşdiriblər. Kompleksin ümumi giriş qapısının önündə İrəvandan qırmızı bozalt daşdan yonulub gətirilmiş xaçdaşlar basdırıblar, binanın fasadını söküb dəyişərək kirəmid və dəmirlə əvəzləyiblər. Ermənilərin bu saxtakarlığı ilə abidə divarları üzərində göstərilən tarixindən və öz orijinal interyerindən və baxanları heyran qoyan əzəli gözəlliyindən də məhrum olub.
   İşğal olunmuş ərazilərdə Azərbaycan mədəniyyəti və tarixinə qarşı əsl soyqırım həyata keçirən ermənilər Ağoğlan qəsrini də hədəf alıblar. Ermənistan hökumətinin tapşırığı ilə erməni yepiskoplar İrəvan şəhərində 2007-ci ildə öz daxili qərarı ilə bu abidəyə erməni qriqoryan kilsəsi statusu verib.

   Faiq İsmayılov,
   tədqiqatçı